Türk dünyası bir araya gəldi: 250 min insan…

0
1269

Macarıstanda hər iki ildən bir təşkil olunan Hun-Türk Turan Qurultayı bu il 8-13 avqust tarixlərində bu ölkənin Kiçik Kumaniya bölgəsinin Buğac şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib.

Kult.az xəbər verir ki, əsasən hun və türk xalqlarının ortaq keçmişini, mədəniyyətini, birliyini simgələyən bu qurultaya Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, Rumıniya, Bolqarıstan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Çin, Monqolustan, Ukrayna, Cənubi Koreya və digər dövlətlərdən olmaqla, 300-ə yaxın qonaq qatılıb.

Qurultayda ölkəmizi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı təmsil ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində ilk öncə Macar Turan Fondunun başqanı Andras Biro ilə görüşüblər. Görüş zamanı ATXƏM-lə Macar Turan Fondu arasında əməkdaşlığın inkişaf perspektivləri, Türk dünyasının birlik və bərabərliyinin daha da möhkəmləndirilməsi istiqamətində atılmalı vacib olan addımlar barədə fikir mübadiləsi aparılıb.

Macar Turan Fondunun sədri Andros Biro Parlamentdə çıxış edərək bildirib ki, qədim macarlar hunların birbaşa nəslindəndir və bu, Atillanın nəslindən olan Arpad xanın IX əsrin sonunda məğlubedilməz ordusu ilə bu torpaqlara gəlişi ilə bağlıdır.

Qurultayın ikinci günündə millət vəkili Qənirə Paşayeva Buğacda “Turan Forumu”nda Azərbaycanla bağlı məruzə ilə çıxış edib. Azərbaycanın qədim tarixi barədə məlumatlar verən millət vəkili, müsəlman Şərqində 100 il əvvəl ilk parlamentli demokratik respublikanın Azərbaycanda qurulduğunu, müsəlman şərqində Azərbaycanın qadınlara ilk dəfə seçmək və seçilmək haqqı verən ölkə olduğunu deyib. Azərbaycan-Macarıstan münasibətlərindən danışan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətlərindən Əli bəy Hüzeynzadənin macarlara ithafən 19-cu əsrin sonunda yazdığı “Turan” şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb.

Qeyd edək ki, sayca altıncısı keçirilən bu qurultay türk xalqlarını birləşdirən çox böyük bir platformdur. Qurultay müddətində tədbirlər keçirilən əraziyə bütün dünyadan 250 mindən çox insan qatılır. Qurultay türk dünyası nümayəndələrinin bir araya gətirilməsi və onların milli mədəniyyət nümunələrinin nümayiş etdirilmələri baxımından da olduqca ideal bir məkandır.

BIR CAVAB BURAXIN