Azərbaycanda məhbus öldü

0
740

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində məhbus ölüb.

Penitensiar xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün səhər saatlarında 51 yaşlı Bərdə rayon sakini Məmmədov Ədilxan həbsxanadan xəstəxanaya aparılarkən vəfat edib.

O, şəkərli diabetdən əziyyət çəkirmiş. Səhər saatlarında onun ürəyində kəskin problemlər yaranıb və o, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, yolda keçinib.

Məhbusun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Ədilxan Məmmədovun AR Cinayət Məcəlləsinin 234-cü maddəsinin (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) 1-ci hissəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) azadlıqdan məhrum edilib.

Məlumata görə, o, 2016-cı ildə 3 oğlu ilə birlikdə saxlanılıb. Məhkəmə onun səhhətindəki problemləri nəzərə alaraq onu 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məmmədov bu ilin oktyabr ayında həbsdən çıxmalı idi.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Bərdə rayonunun Zümürxan kəndində ata və 3 oğlunun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə xəbər yayılıb.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Vəkil Əsgərov o vaxt yerli KİV-ə bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı, 24 yaşlı Mənaf Məmmədovla birlikdə rayon sakini Elçin Əliyevə narkotik maddə satarkən “iş başında” saxlanılıblar. Bundan sonra Məmmədovların yaşadıqları evə baxış keçirən polis əməkdaşları saxlanılan şəxslərin ataları, 49 yaşlı Ədilxan Məmmədovun və saxlanılanların daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından 1 kq 200 qram qurudulmuş marixana və 16 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər.

Polisin məlumatına görə, 30 yaşlı Elgiz Məmmədov kriminal nüfuza malik şəxsdir o, el arasında “Qoca” ləqəbi ilə tanınır.

BIR CAVAB BURAXIN