Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən “Caspian Business Otel”də İraq Respublikasının vətəndaşı dünyasını dəyişib. 1967-ci il təvəllüdlü Ammar Al Ce Cuborinin halı pisləşdiyindən otel rəhbərliyi təcili yardım çağırıb və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, ərəbin təzyiqini aşağı sala bilməyiblər və 51 yaşlı əcnəbi dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.
Hoteldən ölkə.az-a verilən açıqlamaya görə, Ammar Al Ce Cuborinin avqust ayının 3-dən turpaketlə İraqdan Azərbaycana turist kimi gəlib, ayın 10-da qayıtmalı imiş: ”Hadisə axşam saat 18 radələrində baş verib, halı pisləşdi, bizə məlumat verdi, biz də təcili yardım çağırdıq, apardılar xəstəxanaya. Sonra məlumat gəldi ki, dünyasını dəyişib. Biz də ölüm faktı ilə bağlı nümayəndəliyə məlumat verdik. Ümumiyyətlə, onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsidir, onun da üstündən enerji içkilərini içirlər. Bu zamanda ürəyin fəaliyyəti pozulur və belə hallar yaranır”.
Birinin mədəsi deşilib, o biri 3 qadının güdazına gedib…
“Yeni Müsavat” xatırladır ki, son aylar ölkəmizə gələn ərəb turistlərin ölməsi ilə bağlı statistika artmaqdadır. Öncə onlardan bəzilərini yada salaq. Bu ilin 19 iyul tarixində Bakıdakı “Viva Boutique Hotel”də ərəb turist ölüb. Buna səbəb ərəb turistin mədəsinin deşilməsidir. Bundan xəbəri olmayan ərəbdə daha sonra qanaxma başlayıb, ardınca isə dünyasını dəyişib.
Bu ilin yanvarın 8-də isə Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib. İnsident Əhməd Rəcəbli küçəsində yerləşən “Ariva” hotelinin 311 nömrəli otağında baş verib. Ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib. İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.
2016-cı ilin 11 avqustunda da Neftçilər prospektindəki “JW Marriott Absheron” hotelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkar edilib. Turistin şəxsiyyəti müəyyən edilib. Aşkarlanan cəsəd 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminə məxsusdur. Cəsəddə zorakılıq əlamətlərinə rast gəlinməyib.
Məhkəmə-tibb ekspertləri 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Onlar həmin şəxsin ürək tutmasından ölməsi qənaətinə gəliblər. Ekspertlər həmçinin Əlmuhannanın şəkərli diabetdən əziyyət çəkdiyini aşkar ediblər. Ölməzdən əvvəl ərəb turistin qarın nahiyəsinə insulin vurulduğu məlum olub.
Amma ərəb turistlərlə bağlı ölüm hadisələri heç də hər zaman “üz qızardıcı” səbəbdən baş vermir. Məsələn, 2017-ci ilin dekabrın 25-də “Qafqaz Sport Hotel”də BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Xalid Məhəmmədin meyiti tapılıb. Dünyasını dəyişən qadın hoteldə həyat yoldaşı və 2 oğlu ilə birgə istirahətdə olub. Həmçinin Qəbələ Mərkəzi Rayon Xəstəxanasından bildiriblər ki, əvvəllər ürəyindən əməliyyat olunan qadın Qəbələ Mərkəzi Rayon Xəstəxanasına kəskin ürək, ağciyər çatışmazlığı ilə bağlı müraciət edib. Ona bütün yardımlar göstərilib və xəstəxanada müalicə almağı məsləhət görülüb. Ancaq qadın iltizamnamə yazıb ki, ölkəsinə qayıtmalıdır. Bundan sonra qaldığı hotelə qayıdan ərəb qadın orada dünyasını dəyişib.
Qeyd edək ki, dünyasını dəyişən qadın həm xərçəng, həm də şəkərli diabet xəstəliyindən əziyyət çəkib.
Ərəblər Bakıya gələn kimi tur operatorlardan nə soruşur, nə istəyir?
Amma mediada turizm agentliyində çalışan şəxslərin zaman-zaman ərəb turistlərlə bağlı verdikləri açıqlamaları da unutmaq olmaz. Daha çox adlarını gizlədərək, açıqlama verən tur-operatorlar ərəb turistlərin onlardan bir qayda olaraq Bakıda və əyalətdə olan intim xidmət göstərən məkanların adlarını istəyirlər. Bu barədə moderator.az saytında yayımlanan məqalədə tur operatora istinad edilmişdi. Belə ki, ərəblərin ilk tələbi intim xidmət göstərən yerlərə getmək olur. Onlar əsasən rus və ukraynalı xanımlarla tanış olmaq istəyirlər. Öz həyat yoldaşı ilə ölkəmizə gəlmiş ərəblər halalca arvadları bildiyi halda qaldıqları hotel nömrələrinə seks xidməti təklif edən qadınları dəvət etməsi faktları da var.
Ərəblərin digər əsas istəyi isə paytaxtın və turistik zona hesab olunan əyalətlərin pivəxanaları və spirtli içki verilən restoranlarıdır. Ölkəmizə təşrif buyuran ərəblərin ən böyük istəkləri bunlar olur. Təbii ki, istisnalar da olur. Amma onlar digər ölkələrdən gələn turistlər kimi şəhərimizin gəzməli, tarixi yerləri ilə elə də maraqlanmırlar. Ərəb turistlər əyalətlərdən əsasən Qəbələ, İsmayıllı, Quba və Xaçmaza daha çox səfər edirlər.
Ərəb turist səyahət sığortası etdiribsə…
“Yeni Müsavat” bir neçə gün bundan öncə ərəb turistlərin Azərbaycanda niyə dünyasını dəyişməsi ilə bağlı geniş bir araşdırma yazısı dərc edib. Ekspertlərin rəyində qeyd edilib ki, ərəblərin içki təcrübəsi, içki mədəniyyəti olmadığı üçün bəzən spirtli içkinin dozasının aşması problemlərə səbəb olur. Bundan başqa, fərqli qidalanma, ağır çəki, bununla paralel çox yeyib, az hərəkət etmənin də fəsadları özünü göstərir. Seksopotoloqlar isə cinsi gücü artıran dərmanların heç də həmişə ölümlə nəticələnmədiyini deyir. Dozanın aşılması ancaq ürək xəstəsi olan şəxslərdə neqativ nəticələr yarada bilər.
Bu arada burda dünyasını dəyişən ərəb turistin öz ölkəsinə göndərilməsi zamanı bir və ya bir neçə gün sənədlərinin hazırlanmasına sərf edilir. Ölüm kağızı, ekspertiza sənədləri alınandan sonra meyit təyyarə ilə öz ölkəsinə göndərilir və bu zaman daşınma xərcləri də ailənin öhdəsinə düşür. Ərəb turist səyahət sığortasını etdiribsə, bu halda ailəsi bu ölümdən sonra sığorta müqaviləsində qeyd olunan məbləği ala bilər.
Xarici turistlərin antalyada ölmə səbəbləri – ilginc statistika
Amma məsələyə bir qədər geniş prizmadan da yanaşmaq olar. Türkiyənin turizm cənnəti olan Antalyada da tez-tez turist ölümlərinə rast gəlinir. Məsələn, son 4 ildə Antalyada 851 xarici turist həyatını itirib. Antalya Ədliyyə Tibb Qurumu tərəfindən həyata keçirilən müayinə zamanı müəyyən edilib ki, 397 ölüm hadisəsindən 203-nün qarşısı alına bilərdi. Qəza ilə bağlı xarici turist ölümləri arasında ilk sıranı suda boğulma halları alırlar. Sözügedən zaman dilimində 114 turist dənizdə və ya hotel hovuzunda dünyasını dəyişib.
Ölənlərdən 301-i kişi və 96-sı qadın olmaq üzrə 397 ölüm hadisəsi incəliklə araşdırılıb. Ölüm hadisələrini yaş kateqoriyası üzrə təhlil edəndə ən çox ölüm hadisəsi 61-70 yaş qrupunda özünü göstərib. Millətlər üzrə kateqoriyalaşmada isə birinci sırada almanların gəldiyi ortaya çıxıb. Onlardan sonra ruslar, daha sonra ingilislər, ukraynalı və hollandiyalılar yer alıb.
170 hadisə üzrə təhlil zamanı məlum olub ki, ölümlər daha çox hotel daxilində baş verib. Bunlardan 90-ı hotel otağında, 67-si çimərlikdə və 12-si otel hovuzunda baş tutub.
Ölüm səbəbləri arasında ilk sırada 203 hadisə və 51 faizlik payla qəza, yaralanmalar yer alır. Bunu 163 araşdırma və 41.1 faizlə infarkt kimi təbii ölümlər izləyib. Cəmi 14 turist intihar edib, 5 turist isə cinayətə qurban gedib.
114 turist, dənizdə və ya hotel hovuzunda boğularaq həyatını itirib. Bu rəqəm bütün ölümlərin 28.8 faizini, qəza səbəbli ölümlərin isə 56.2 faizini təşkil edir. Suda boğulmadan sonra ən çox rast gəlinən qəza səbəbi yüksəklikdən yerə yıxılma və digər yıxılma qaynaqlı qəzalardır.
Bu arada araşdırmalar da onu da göstərir ki, ərəblərin Türkiyə və Azərbaycanı daha çox seçməsinin səbəbi buralarda halal qida, halal turizm anlayışlarının olmasıdır. Bundan başqa, tətil zamanı sağlamlıq problemlərini həll etmək istəkləri də Türkiyəni daha çox seçilən edir. Səhiyyə turizmi olaraq adlandırdığımız bu turizm növündən yararlanan ərəblər daha çox saç və bığ əkdirmə, burun əməliyyatı, mədə kiçiltmə, yağ aldırma və müxtəlif estetik müdaxilələrə yer verirlər. Yəni, ərəblər Türkiyəni seçəndə “bir daşla iki quş vururlar”.
Azərbaycanı seçmələrində isə turizm bölgələrinin say çoxluğu, yaşıllıq, zəngin təbiət və təbii ki, dolların devalvasiyası ciddi faktordur. Ölkəmizə dollarla gələn ərəbə burda varlı münasibətinin göstərilməsi səbəbsiz deyil. “Yeni Müsavat”