“Ermənistanda Qarabağla bağlı gizli müzakirələr aparılır. Ola bilsin ki, bu müzakirələr “Lavrov planı” ilə bağlıdır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin direktoru, politoloq Aqasi Yenokyan deyib.
Onun sözlərinə görə, münaqişənin həlli ilə məşğul olan vasitəçilər İrəvanda polis binasının tutulması ilə baş verən hadisəyə görə Ermənistana öz daxili problemlərini həll etmək üçün vaxt verdi: “Laki Qarabağ məsələsində Ermənistanın güzəştə getməsi aktual olaraq qalır. Sadəcə olaraq, bizim bunun qarşılığında nə alacağımız dəqiq bilinmir. Yalnız o dəyişdi ki, hakimiyyət ərazilərin qaytarılması haqda danışmaqdan daha çəkinmir”.
A. Yenokyan əlavə edib ki, hazırda Ermənistanda ərazilərin qaytarılması ilə bağlı gizli müzakirələr aparılır.
“Güman ki, müzakirələrin əsas mövzusu “Lavrov planı”dır. Rusiyanın irəli sürdüyü bu plan rayonların qaytarılmasını nəzərdə tutur. Əslində, İrəvanda baş verən hadisələr Ermənistan üçün təhlükəli olan bu planın həyata keçməsinin qarşısını aldı. Lakin bu, müvəqqətidir. Ermənistana vaxt verilib və bu vaxt yaxınlarda bitəcək. Ermənistan daxilindəki gizli müzakirələri nəzərə alsaq, artıq vaxtın bitdiyini də deyə bilərik”, – deyə erməni politoloq vurğulayıb.