Keçmiş deputatlar qırğına çıxdılar

0
588

Milli Məclisin iki keçmiş xanım deputatı sosial şəbəkədə bir-birlərinin ünvanına sərt ifadələr işlətməklə gündəmə gəliblər.

Modern.az saytı xəbər verir ki, eks-deputat, müxalifətin Milli Şurasının rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəyli dünən vəfat etmiş “istiqlalçı deputat” Məryəm Həsənovanın maddi durumunu keçmiş millət vəkili Gülər Əhmədovanın vəziyyəti ilə müqayisə edib.

G.Hacıbəyli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlət adından 1 milyon dollar həcmində dələduzluq cinayəti törətməkdə təqsirli bilinib həbs olunan keçmiş millət vəkili Gülər Əhmədovanın indi ayda üç min manat deputat pensiyası aldığı ölkəyə vaxtilə müstəqillik qazandırmış “istiqlalçı deputat Məryəm Həsənova evi olmadığı üçün ağbirçək yaşında yaşadığı yataqxanada, səfalət içində həyatla vidalaşıb. G.Hacıbəyli Məryəm Həsənovanın haqqını yeyənləri lənətləyib.

Gülər Əhmədovanın keçmiş həmkarına cavabı gecikməyib. O bildirib ki, Gültəkin Hacıbəyli təkcə Azərbaycanda deyil, AŞPA-da biabır olub:

“Sən artıq AŞPA-nın bütün binalarına belə girə bilməzsən. Gültəkin getsin, yazsın ki, niyə 10 il deputat olanda həmin “istiqlalçı deputat”ın hayına getməyib, amma ölkədə əl qoymadığı biznes, ev almadığı bina, torpaq almadığı bələdiyyə qalmamışdı. Gültəkin yazsın görək, niyə mitinqə gələn bu qədər müxalıfətçini aldadırdı ki, guya AŞPA və digər Qərb institutları ilə gözəl münasibətləri var. Gültəkin harda, hansı siyası qüvvənin yanında olubsa, qeyri-səmimi və riyakar davranıb. Burdan sənə səslənirəm: Sakit ol, sənin üzünə qapılarını əbədi bağlamış AŞPA-nın niyə məhz sənə belə davrandığının səbəblərini yaz. O dilsiz-ağızsız qadının ruhu ilə alver eləmə. Sən siyasi alverçisən. Bu heç. Məlum məsələdir. Gündəmi bu qadının ruhu ilə dəyişməyə çalışırsan, bu da sənin alver predmetindir. Amma məni müzakirəyə çıxarmağa çalışma. Mən sənə və sənin kimi dəxli oldu-olmadı, mənim adımı çəkən kompleksli adamlara cavab vermirəmsə, bu mənim sizdən qorxduğuma və ya cavab üçün arqumentlərimin olmadığına dəlalət etmir. Əgər bir qadın xanımlığına və yaşına hörmət edib, hər kəsə cavab vermirsə, bu qorxaqlıq deyil. Mənə lap gənc yaşlarımdan verilən öyüdlərdən biri də budur ki, “Qaravaşın işi xanımın arxasınca danışmaqdır”. Böyüklük məndə qalsın deyə, çox hədyan və mənasız sözlərə cavab vermirəm.
Amma unutma ki, səni mənim qədər bu ölkədə çox az adam tanıyır və mən sağam, sənə də gözləmədiyin çox mətləbləri xatırladaram ki, AŞPA-nın sənin üzünə bağlanan əbədi qapıları bu mətləblərin qarşısında yalan olar. Sən heç vaxt Gülər Əhmədova kimi davrana bilməzsən. Sənin başına mənim yaşadıqlarım gəlsəydi, indi çoxdan Avropada siyasi mühacir statusu alıb, dünən sənə arxa duranlara şər-böhtan yağdırırdın. Sən özündən başqa heç kimi sevə bilməyən, təkəbbür və nifrətdən boğulan, hər dəqiqə vəzifə və mandat üçün bütün yollara baş vuran bir əqidəsizsən. Sən illər keçsə də, nə kiminləsə dost ola bildin, nə də kimsəyə yaxşılıq etdin. Yalnız şəxsi çıxarıların ucbatından kiməsə “dost” kimi görünə bilərsən. İqtidarda olarkən müxalıfətə, müxalifətdə ikən iqtidara şpionluq etmək ən böyük siyasi fəaliyyətindir. Belə də davam elə… Dünyasını dəyişmiş bir qadınla alverin alınmadı. Sağkən bir addım atsaydın, bu gün sənə kimsə inanardı… Gecikdin…. Həyatda hər bir məsələdə olduğu kimi, yenə də gecikdin…”.

BIR CAVAB BURAXIN