Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH III yazı

0
1092
Mirzə Şəfinin əxlaqi dünyagörüşündə təvazökarlıq yəni eqoizmdən uzaq durmaq da mühüm yer tutmuşdur. İnsan ağlı ilə öyünməməli, özünü başqalarından üstün tutumamalı, daim öz üzərində işləməlidir. Bir sözlə, özünü ağıllı hesab edən kəs, bilməlidir ki, Günəş də şüasını yerə endirəndə işıq saçır. Deməli, ağac bar verəndə budaqları aşağı əyildiyi, Günəş şüası yerə yaxınlaşanda işıq saçıdığı kimi, insan da yalnız insanlığın xeyrinə çalışdığı zaman dəyərlidir.
Şəfi yazır:
Sən özündə mahiyyət tərbiyə et!
Özgə fikrinin qulu olma –
Gümüş kimi parıldayan hər şey
Qiymətli deyildir…
Bütün insanların bir-birlərinə qardaş olduğuna inan Mirzə Şəfi hesab eirdi ki, hər hansı insan özü özü haqqında subyektiv deyil, obyektiv fikir yürütməyi də bacarmalıdır. Çünki yalnız öz müsbət tərəfləri ilə yanaşı mənfi cəhətlərini də görə bilən insan başqalarına xeyir verə bilər. Özünü dərindən tanıya bilməyən insan həm özünə, həm də başqalarına zərər verə bilər. Ancaq özünə zərər verən insan günahın yarısını edirsə, başqasına zərər verən insan isə daha qorxuludur.
Vazeh yazır:
Günahın yükünü bütün insanlar daşıyırlar;
Amma o kəs ki, özünə zərər edir,
Günahın yarısını edir.
Hər vaxt qorxuludur
Günahı özgələrə daşıyan toxum!
Vazehin “Kitabi-Türki” əsərinin “Hikmətlər və nəsihətlər” adlanan bölümündə də xalq hikmətinə əsaslanan tərbiyəvi-əxlaqi məsələlərə mühüm yer verilmişdir. Onun əsas hədəfi insanlara humanizm, dostluq, ədalət, mərdlik, insanlıq, elmlilik, kamillik hissləri kimi müsbət ideyalar aşılamaq, eyni zamanda pis əməllərdən isə uzaq tutmaqdır: “Nəfs arzunu tərk eləməz, ölənədək; hər kəsin təcrüblələri çoxdur, əqli dəxi çoxdur; Pislə özünü necə ki, özgəni pisləyirsən; Hər kəsin həvəsi əqlinə qalibdir həlak olur; İbadət şəhvəti öldürür; İki kimsə doymazlar: elmi tələb eyləyən və malı tələb eyləyən; İki halətlər insanı həlak edərlər: malın çoxluğu və kəlamın çoxluğu; Alimin bir günü yaxşıdır, cahilin hamı ömründən; Yaxşılıq eləyən kişi diridir, hərçənd ölmüş ola; Qardaşların yaxşısı o kəsdir ki, həzərləndirə qardaşını şərdən və xeyrin tərəfinə yol göstərə; Dünya şirindir cahilə və acıdır aqilə”. Bu kitabda “insanı şərəfli, mənalı həyat sürməyə, alicənab və xeyirxah olmağa çağıran qiymətli aforistik məsləhətlərlə yanaşı, Allah inam, ondan qorxmaq, ibadət eləmək, tövbə və s. belə fikirlər aşılayan dini tövsiyələrə də təsadüf olunur”. Bu da, bir daha göstərir ki, Vazehin dünyagörüşündə əsas tənqid hədəfi İslam dini deyil, bu dinin adı altında yaranmış mövhumat, xurafat eyni zamanda ikiüzlü ruhanilərin əməlləri əsas tənqid obyekti olmuşdur.
İctimai-siyasi görüşləri. “Kitabi-Türki”nin “Xətte-nəsx” bölməsində isə bir tərəfdən xəsislik, kələkbazlıq kimi məfi sufətləri pizləyərərk insanları mənəvi-əxlaqi təmizliyə, bəşəri saflığa çağırmış, digər tərəfdən isə ədalətli dövlət, ədalətli hökmdar ideyalarını təbliğ etmişdir. Bu anlamda o, “Zalım padşahın adil olmağı”, “Sövdəgər və oğlanları” kimi hekayələrində əxlaqi-tərbiyəvi məsələlərlə yanaşı, rəiyyət qayğısı çəkməyən hökmdar tipi tənqid olunmuş, onun adil olması üçün nə edilə biləcəyinin üsulları göstərilmişdir. Vazeh “Zalım padşahın adil olmağı” hekayəsində şahın öz dilindən onun zülmkarlıqdan əl çəkib adil olmağını belə izah edir: “Şah buyurdu ki, mən o gün ova getmişdim. Nagah gördüm ki, bir it bir tülkünün dalınca yüyürüb yetişdi və onun ayaqlarının birisini sındırdı. Tülkü o sınıq ayağı ilə qaçıb bir deşiyə girdi. İt geri geri qayıtdı. O halda bir piyadə yol ilə gelirdi. O, itə bir daş atdı. İtin ayağı sındı və o piyada bir az yol getməmişdi ki, bir at o piyadaya bir təpik vurdu ki, piyadanın ayağı sındı. Və o at dəxi bir qədər yol getməmişdi ki, ayağı bir deşiyə düşüb sındı. Elə bil ki, bi əhvalatı gördüm, öz-özümə dedim ki, gör nə eylədilər, nə gördülər. Hər kəs onu eyləyə ki, gərəkməz, onu görər ki, istəməz. Bu məsələ ondan ötürüdür ki, mükafatdan qorxasan və pislik eyləməyəsən məbada ki, onun əvəzi sənə yetişə. Pislik eyləmə ki, ki, pislik görəsən. Özgəyə quyu qazma ki, özün düşərsən”.
Deməli, Vazehin dünyagörüşündə ədalətli dövlət idarəçiliyi, ədalətli hökmdar yaxud da bir hökmdarın hansı üsulla ədalətli olmağa məcbur olacağı məsələləri də xüsusi yer tutmuşdur. Məsələn, o, “Şah Abbas” mənzuməsində yazırdı ki, Şah Abbas xalqa zülm edirmiş, xalq isə ona qarşı əli-qolu bağlı heç bir cavab verə bilmirmiş. Yalnız Şah Abbasdan çox zülm çəkmiş müğənni Səlim çıxış yolunu tapmışdır. Belə ki, müğənni Səlim xalqa müraciət edərək onların gözünü açmış, çox olan xalqın bir nəfərin əlində əl-qolu bağlı olmasını məntiqsizlik hesab etmişdir. Xalq, güclü olan Şah Abbasdan necə qurtulacaqlarını müğənni Səlimdən soruşduqda, onun cavabı belə olmuşdur ki, hökmdarı ələ salmaqla, yəni ona saymamazlıq göstərməklə bunu etmək mümkündür:
Dünyagörmüş müğənninin haqlı sözləri,
Açdı sanki birdən-birə bağlı gözləri.
Səhəri gün şah yenə də təkkəbür ilə,
Tərk eyləyib sarayını çıxarkən çölə
Baxıb ona qəhqəhəylə güldü camaat,
Şah bu işə heyrət etdi donub qaldı mat,
Hiddətindən alnı oldu tamam qapqara,
Baxdı odlu gözləriylə o, adamlara.
Xalqa onun kar etmədi qəzəbi bir an,
Güldü hərə bir tərəfdən daha ucadan.
Dörd tərəfdən qəh-qəh çəkən rəiyyət ilə,
Pıçıldaşıb gülüşürdü məiyyət belə.
Şah özü də birdən-birə qalıb çarəsiz,
Güldü bütün camaatla göstərib xoş üz.
(Düz deyiblər, gülmək açar donuq məzacı)
Həmin gündən şah dəyişdi, xalq qaldı razı.
Camaatın şikayəti azaldı, kəsdi,
Şahın adı dildən-dilə dolaşdı gəzdi.
Başqa bir mənzuməsində isə, o, Qacarlarda dövlət idarəçiliyində olan boşluqları göstərərək təsadüfi adamların, o cümlədən nadanların dövlətdə yüksək vəzifələr tutmasını tənqid edirdi. Vazeh yazır ki, bir dövləti idarə edən vəzirlərin, vəkillərin çoxu nadan olarsa o, dövlətin gələcəyi yoxdur:
Bax gör, Mirzə Hacı Ağası birdən
İranda nə böyük bir cənab olub!
Əvvəl seçilməzdi heç birimizdən,
İndisə sinəsi nişanla dolub!
Sərf eylə qüvvəni dövlətə sən gəl,
Xeyir verməmisən ona heç bir zaman,
– Axı, mən neyləyim: vəzir, vəkillər
Əksərən olurlar ən böyük nadan.
Vazehə görə, hər hansı dövlətdə təsadüfi adamlar ya da nadanlar yuxarı tərəfə keçərsə, o zaman zülm ərşə çıxar. Belə bir zülmkarlıq, nadanlıq altında yaşayan xalq üçün də hökmdarın onların xeyrinə verdiyi hər hansı bir manifest böyük hadisə kimi qarşılanır.
Vazeh yazır:
Şah manifest yazdı əliylə bir gün,
Küllü İran xalqı mat qaldı bütün.
“Necə müdrikanə gözəl kəlamlar!”
Bir-bir sevindilər bütün adamlar.
Hamı bayram etdi: “Dünyada təksən
Ey böyük şahımız sənə min əhsən!”
Baxdı Mirzə Şəfi bir xeyli müddət,
Bu səslər qəlbində doğurdu heyrət:
“İran camaatı İranda, aman
Gör necə baxır ki, şah ilə xana;
Onlar bir ağıllı iş görən zaman,
Tamam heyran qalıb sevinir buna”.
Vazeh “Teymur” mənzum şeirində isə yazır ki, Əmir Teymurun dövründə yaşayan bir şair öz nəğməsində şöhrətə görə yer üzündə qan tökənlərin bir gün cəzalarını alacağını, hamı tərəfindən lənətlənəcəyini söylərmiş. Əmir Teymur həmin şairi saraya dəvət edərək ondan bu nəğmənin mənasını açıqlamağı istəmişdir. Şair də saraya gələrək şeirinin əsil mahiyyətini Əmir Teymura anlatdıqdan sonra hökmdar onu sərəbəst buraxmışdır.
Mirzə Şəfi Vazehin dünyagörüşünü, yəni dini-fəlsəfi, əxlaqi-estetik və ictimai-siyasi görüşlərini ümumilədirərək, belə bir nəticəyə gəlirik ki, o, Şərq-İslam mədəniyyətinin təhrif olunmuş adət-ənənələrinə qarşı çıxsa da, bütövlükdə bu mədəniyyətdən imtina etməmiş, sadəcə onun Qərb mədəniyyətinə biganə qalmamasını da məqsədəuğyun hesab etmişdir. Başqa sözlə, Vazeh təmsil olunduğu mədəniyyəti, dini-əxlaqi dəyərləri inkar etməmiş, sadəcə həmin mədəniyyətin, dini-əxlaqi dəyərlərin durğun və təhrif olunmuş formada qalması ilə qətiyyən razılaşmamışdır. Bu məqsədlə Vazeh öz yaradıcılığında mövhumat və xurafat halına salınmış, üstəlik yeni dövrün tələblərinə cavab verməyən adət-ənənələri tənqid etmiş, onlara fəlsəfi rəng qatmağa çalışmışdır. Bütün bunlar isə dini məsələyə, milli özünüdərk prosesinə münasibətdə yeni bir səhifə açmışdır.
Bu anlamda bizim nəzərimizdə, Vazeh sxolastik fəlsəfi təfəkkürdən dünəyvi fəlsəfi təfəkkürə keçid prosesində mühüm rol oynamış bir mütəfəkkirmizdir. O, vaxtilə Şərq-İslam-Türk mədəniyyətinin dünyada oynadığı mütərəqqi rolu görməklə yanaşı, son əsrlərdə sxolastik təfəkkürə yuvarlanmasının səbəblərini də dərindən dərk etmiş və bundan çıxış yolları göstərməyə çalışmışdır. Vazehin sxolastik təfəkkürdən fəlsəfi təfəkkürə keçid prosesində çıxış yolu kimi gördüyü məsələlər isə əsla, İslam-Şərq-Türk mədəniyyətin tamamilə inkar kimi təqdim edib Qərb mədəniyyətini ideallaşdırmaq niyyəti birmənalı şəkildə olmamışdır. Vazehin şarlatan adlandırdığı ruhanilərdən, zülmkar adlandırıdığı məmurlardan uzaq durmaqda məqsədi nə İslam dinindən imtina etmək, nə də Türk dövlətçiliyinə son qoyulması anlamına gələ bilməz. Onun buradakı hədəfi çox sadədir: İslam dinini təhrif edənlərə və Türk dövlətçiliyini ədalətsizləşdirənlərə qarşı mübarizə aparmaq.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

BIR CAVAB BURAXIN