TV-lərimiz getdikcə “soyunur” – Peşəkarların reaksiyası

0
649

Bir müddət əvvələ qədər Azərbaycanda “dansöz”lərə ailə ilə birlikdə tamaşa edənlərin sayı az idi. Uzun illər islam aləmində və qardaş Türkiyədə yaşamasına baxmayaraq, sovet əxlaqının formalaşdırdığı mühafizəkar mədəniyyətimizdə bu rəqs o qədər də doğmalaşa bilmirdi. Hətta qonaqlıqlarda rəqqasələr azərbaycanlı qızlar yox, cingənələr olurdu. Lakin onlar da yaxşı geyinər və heç bir əxlaqsız hərəkətə yol verməzdilər.

“Dansöz” (fransız dilində “danseuse” – “rəqqasə”) türkcədə oriyental rəqs (göbək rəqsi) edən qadınlar üçün istifadə edilən addır. Osmanlıda onlara “çengi” deyilirdi. Oriyental rəqs ənənəvi Şərqdən gəlir. Qərbdə daha çox “belly dance” – “göbək rəqsi” olaraq tanınır, Yunanıstan və Balkan ölkələrində “qoşatelli” (bel və sinə titrədilərək oynanılan rəqs) adlanır.

Son vaxtlar toy, ad günü məclislərinə dəvət alan “dansöz”lər tez-tez televiziyalarda da görünməyə başlayıb. “Oriyental rəqs” adı altında bəzi biədəb hərəkətlərin efirləri bu qədər zəbt etməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Kult.az-a danışan xalq artisti, Azərbaycan Dövlət Rəqs ansamblının solisti Təranə Muradova bildirib ki, hazırda efirlərdə göstərilən “oriyental”ı küçələrdə ifa edilən qaraçı rəqsinə çeviriblər:

“Oriyental rəqsin dərin tarixi var. Hazırda bu rəqsin təbliğatına efirlərdə o qədər yer verilir ki, bizim öz milli rəqslərimiz kənarda qalır. Son dövrlər bayağı verilişlərin olması və ya verilişlərə bayağı insanların dəvət olunması adət halını alıb. Bizim gözəl milli rəqslərimiz var, xalqımız öz tarixini, öz milli rəqslərini təqdim, təbliğ etməlidir”.

T.Muradova onu da vurğulayıb ki, əsl ərəb rəqsi açıq-saçıq geyimlə nümayiş olunmur:

“Göbək rəqsi ifa edənlərin seçdiyi geyim həmin ölkənin folklorundan asılıdır. Keçmişdə bu rəqsi ifa edənlər üçün hər ölkənin özünə uyğun paltarı olurdu. Hər rəqsi ifa edə bilmək üçün ilk növbədə onun tarixini, duruşunu, stilini, xalqını tanımaq lazımdır. Amma indi hər hoppanıb-düşən özünü rəqqasə sayır. İndiki rəqqasələrin həddindən artıq açıq-saçıq geyimdə el məclislərində iştirak etməsi doğru deyil”.

Mövzu haqqında danışan media eksperti Zeynal Məmmədli isə bildirib ki, efirdə aşırı təbliğata yol vermək ictimai əxlaqı pozur:

“Zaman keçdikcə hər şey dəyişir, yenilənir. Buna görə də rəqqasələrə, onların geyiminə, davranışlarına bu cür yanaşmaq doğru deyil. Oriyental ona görə Şərq rəqsidir ki, burada ehtiraslar, qadın bədəninin gözəllikləri və s. üzə çıxır. Televiziyalarımızda əsas problem təşkil edən məsələ də odur ki, oriyental rəqs hesabına tamaşaçının diqqətini cəlb etməyə çalışırlar. Görünür, proqram hazırlayanların yaradıcılıq sərbəstlikləri yoxdur. Onlar efirdəki boş zamanı bununla doldurmağa, varlıqlarını sübut etməyə çalışırlar.

Rəqslərin formasında yenilənmə olduğu kimi, geyimlərdə də müəyyən qədər fərqliliyin yaranması normaldır. Amma bütün bu məsələlərdə ifrata varanda, “qırmızı xətt”i keçəndə sözsüz ki, ictimai əxlaq da, sənət də, müstəqillik də pozulur. Sənət o dərəcədə zirvədə olmalıdır ki, rəqqasənin çılpaqlığı ön planda olmamalıdır. Görünür, onların rəqsi izləyicini cəlb etmir və insanların diqqəti paltara yönəlir.

Araşdırmaq lazımdır ki, görəsən, niyə bizim televiziyalar belə üsullarla diqqət çəkməyə çalışırlar. Nəyə görə televiziyalarımızda cəmiyyət üçün mübahisəli olan çox vacib mövzular qəti diqqət çəkmir, amma belə məsələlər qabardılır. Bütün soyunmaqlıq, maymaqlıq, söz oyunu aparmaq, efirə yaraşmayan formada davranış sərgiləmək yaradıcılığın olmamasından irəli gəlir”.

BIR CAVAB BURAXIN