Türk tarixinin şanlı şərəf səhifəsi: İstanbulun fəthi

0
1235

Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol 1453-cü ilin 29 may tarixində Osmanlı sultanı 2-ci Mehmet tərəfindən fəth edildi. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirdi. Eyni zamanda Bizans imperiyası tarix səhnəsindən silindi.

21 yaşlı 7-ci Osmanlı Sultanı 2-ci Mehmet Fatih ünvanını alaraq Fatih Sultan Mehmet adlandırıldı.

Arazinfo.com olke.az-a istinadən İstanbulun fəthinə aid yazını oxucularına təqdim edir.

Fatih Sultan Mehmet kimdir?

Ədirnədə dünyaya gəlib. Atası 2-ci Murad, anası Hüma Xatundur. Yaşadığı dövrün tanınmış elm adamlarından dərs alıb. Osmanlı sancaq sisteminə uyğun olaraq Manisa valisi təyin edilir. Şəxsi keyfiyyətlərinə görə atası tərəfindən 13-14 yaşlarında taxta çıxarılır. Yaşı az olduğu üçün saray tərəfindən sərt reaksiya ilə qarşılaşır.

Səlibçilərin Varnaya hücumu səbəbindən 2-ci Mehmet saray əyanları ilə birlikdə atasını yenidən taxta dəvət edir və Manisaya qayıdır. Sonra atası ilə birlikdə Varna savaşına qatılır və təcrübəsini artırır. Atası vəfat etdikdən sonra 1451-ci ildə Ədirnəyə qayıdır və taxta çıxır.

İstanbulun fəthi

İstanbulun tarixi çox qədimdir. Müxtəlif mədəniyyətlərin paytaxtı olan bu şəhər 7 dəfə mühasirəyə alınsa da, fəth edilməmişdi.

Mühasirədən əvvəl şəhərin əhatəsindəki bəzi qala və qəsəbələr Karaca Paşanın sərkərdəliyi altında 10 min nəfərlik qoşun tərəfindən ələ keçirilir. Bizans imperatoru Konstantin elçi göndərərək yunanlara toxunmamağı xahiş edir. Amma Sultan bunun tam tərsinə hərəkət edir və yunan kəndlilərini qətlə yetirməyi əmr edir. Bunun cavabında Konstantin şəhər qapılarını bağlayır və İstanbuldakı bütün türkləri həbs etdirir.

1453-cü ilin 6 aprel tarixində Osmanlı ordusu Haliçdən (Körfəz- Azərbaycan dilində bu ərazi Körfəz kimi tanınsa da, yazıda Haliç kimi saxlamağı uyğun gördük) Mərmərəyə qədər olan ərazidə qala divarlarını mühasirəyə alır. Eyni tarixdə Bizans və müttəfiqləri Adrianopolis (Ədirnə qapısı) qapısına yerləşir. Lukas Notaras isə 100 süvari ilə liman və ətrafını mühafizə etməklə vəzifələndirilir.

Toplardan açılan atəş

Osmanlı ordusu tərəfindən isə topları yerləşdirmək üçün qala divarlarının ən zəif yerləri təsbit edilir. Qalata cəbhəsində Zağanos Paşanın ordusu, qalanın cənub hissəsində isə Anadolu bəylərbəyi İshak Paşanın ordusu yerləşdirilir. Qala divarlarının şimal hissəsində isə Rumeli bəylərbəyi Karaca Paşa yerləşir.

Müqəddəs Romanos və Adrianopolis qapıları arasındakı mərkəzi cəbhədə isə Sultan və yeniçəri ordusu mövqe tutur. Bu ərazidə Bizansın ən zəif qala divarları yerləşirdi. Ən zəif nöqtəni müəyyən edən Osmanlı ordusu 11 aprel tarixində toplarını da bura yerləşdirir. Osmanlı ordusu mühəndisləri tərəfindən tökülən ən böyük top Əyri Qapı istiqamətinə yerləşdirilsə də, nəticə əldə edilmir. Bu top sonra Müqəddəs Romanos qapısının qarşısına gətirilir. Bu gün Türkiyədə istifadə edilən “Topkapı” kəlməsi də buradan qaynaqlanır.

Hadisədən iki gün sonra Osmanlı donanması Prinkipos (Böyük ada) və Antigonini (Burgaz Adası) ələ keçirir.

Toplar yerləşdirildikdən sonra Sultan vəziri Veli Mahmud Paşanı İmperatorun yanına elçi göndərərək şəhərin təslim edilməsini istəyir.

Konstantin isə şəhəri qorumağa and içdiyini, ancaq vergi verə biləcəyini bildirir. 12 aprel tarixində toplardan atəş açılır. Dövrünə görə güclü görünən toplar şəhər müdafiəçilərinin psixoloji vəziyyətinə pis təsir göstərir. Osmanlı ordusunun bir topunu doldurmaq üçün 2 saat vaxt lazım idi. Bu səbəbdən top atışları tez-tez baş vermirdi. Sultan toplardan daha tez atəş açmağı əmr edir, nəticədə bir top partlayır və usta Urbanla ətrafındakı insanlar həlak olur. Topları təmir etmək üçün ordugahda təmirxana olsa da, tarixçi Hammerin fikrinə görə, Urbanın ölümündən sonra parçalanan top təmir edilməyib.

Macarıstan Kralının sərkərdəsi Yanos Hunyadi Osmanlı ordusuna məktub göndərərək topçulara yeni taktika öyrədir. Bu taktikaya əsasən, kiçik toplarla qala divarındakı hədəfin ətrafını zəiflətmək, sonra isə böyük topla hədəfə zərbə endirmək lazım idi. Bu zaman divarlar dağılır və böyük dəliklər əmələ gəlirdi. Amma Bizans tərəfi də bu üsuldan xəbərdar idi və açılan dəlikləri dəmir, qaya parçası, qum dolu kisələrlə doldururdu. Osmanlı ordusu 18 aprel tarixinə qədər toplardan istifadə edir.

Uğursuz hücumlar

Yunanlar da odlu silaha sahib idilər. Osmanlı toplarının atəşi nəticəsində Bizans ordusunun böyük bir topu partlayır. Bundan əsəbləşən yunanlılar top komandirini xainlikdə günahlandırırlar. Amma kifayət qədər sübut olmadığı üçün onu öldürə bilmirlər. İstanbulda olan alman mühəndis Jan Qrant əsgərlərə təlim keçirdi. Onun təlimləri nəticəsində Müqəddəs Romanos qapısının önündə olan bir Osmanlı topu məhv edilir.

18 aprel tarixində Bayrampaşa dərəsi tərəfində birinci və ikinci qala divarlarında dəlik açılır. Sultanın əmri ilə qala divarlarının önündəki xəndək daş və qum torbaları ilə doldurulur. Osmanlı ordusu gecə hücumuna başlayır. 2-ci Mehmetin əmri ilə savaş qüllələri inşa edilir. Amma savaş qüllələri qrejuva (yunan atəşi-müxtəlif maddələrin qarışığından hazırlanan yandırıcı silah) vasitəsilə yandırılır və Osmanlı əsgərləri güclü müdafiə ilə qarşılaşır. Hücum nəticə vermir.

Eyni vaxtda Osmanlı ordusu dəniz hücumuna da keçmişdi. 15 aprel tarixində Haliçdə Osmanlı donanması Bizans və müttəfiqlərin güclü müdafiəsindən sonra geri çəkilmək məcburiyyətində qalır. Hər iki hücumun uğursuz alınması Bizans cəbhəsində yunanlara müsbət təsir edir.

20 aprel tarixində kapitan Flantanellasın rəhbərlik etdiyi Bizans və Genuya donanmaları İstanbula yaxınlaşır. Yeşilköy səmtində baş verən dəniz savaşında Osmanlı donanması say etibari ilə üstün olsa da, məğlub olaraq geri çəkilir.

Bu məğlubiyyətdən əsəbləşən 2-ci Mehmet donanma admiralı Baltaoğlu Süleymanı edam etdirmək istəsə də, dövlət əyanlarının xahişindən sonra fikrindən vaz keçir. Amma admiralı toppuzu ilə döyür və onun yerinə Çalıbeyoğlu Hamza Bəyi təyin edir.

Gəmilərin qurudan yeridilməsi

Uğursuz hücumlardan sonra 2-ci Mehmet iclas keçirir. İclasda Candarlı Halil Paşa Avropa dövlətlərinin Bizansa kömək edəcəyini, imperatordan 70 min duka qızıl pul vergi alaraq mühasirədən əl çəkməyi təklif edir. Amma onun fikri ilə heç kəs razılaşmır. Amma Haliçə girməyin yolunu da heç kəs təklif edə bilmir.

İlk olaraq Zağanos Paşa Qalata və Konstantinopol qala divarları arasında quru əlaqəsi qurmaq üçün Haliç üzərində körpü inşa etməli idi. Amma bu körpü düşmən gəmiləri tərəfindən top atəşi ilə dağıdıla bilərdi. Bu zaman Sultan Diplonsion (Beşiktaş) sularında üzən Osmanlı donanmasının Qalata qala divarları qarşısından sürüşdürülərək Haliçə endirilməsini əmr etdi. Əlavə olaraq, Haliç qala divarlarını və Haliçdəki donanmanı vurmaq üçün Qalata ətrafındakı təpələrə toplar yerləşdirildi. Gəmiləri sürüşdürmək üçün 4 kilometrlik meşə ərazidən keçmək lazım idi. Ağaclar kəsilir, sonra üzərinə zeytun yağı tökülərək torpağa bərkidilirdi. Bu yağı Osmanlı ordusuna Genuyalılar vermişdi. Əvvəlcə Qalata təpələrində mövqe tutan Osmanlı topçuları Haliçdəki gəmilərə atəş etdi.

Yunanların gözündən yayınmaq üçün 21-dən 22-inə keçən gecə gəmiləri qurudan yeritdilər. Eyni zamanda Müqəddəs Romanos qapısı ətrafındakı divarda böyük dəlik açıldı. Şəhər müdafiəçiləri bütün gecə deşiyi yamamaqla məşğul oldular. Səhər açılanda 72 Osmanlı hərbi gəmisi Haliçə endirildi. Planın ikinci hissəsinə uyğun olaraq taxta körpü inşa etməyə başladılar. 24 aprel tarixində Justinianın rəhbərliyi ilə Osmanlı gəmilərinə hücum edilsə də, nəticə əldə edə bilmədilər. Hadisədən sonra yunanlar Müqəddəs Mariya kilsəsinə toplaşaraq gəmiləri yandırmaq üçün yeni hücum planı tərtib etdilər. Hücum gecə vaxtı reallaşdırılmalı idi. Genuyalılar bu planı Sultana satdılar. Nəticədə plandan xəbərdar olan Osmanlı ordusu yenə də yunanları məğlub etdi.

Haliç qala divarları

Osmanlı donanması yunan hücumlarının qarşısını aldıqdan sonra Qalatada mövqe tutan topçular qala divarlarını da bombalamaya başladı. Biznas Haliç qala divarlarına əsgər cəlb etmək məcburiyyətində qaldı. Məsafə uzaq olduğu üçün qala divarlarını dağıtmaq mümkün olmadı. Yunan ordusu gəmilərini qorumaq üçün 3 may tarixində Haliç qala divarlarına 2 top yerləşdirdi. Açılan top atəşi 2 Osmanlı gəmisini məhv etdi. Osmanlı ordusu sahilə 3 top yerləşdirdi.

Eyni zamanda Müqəddəs Romanos qala divarları da top atəşinə tutulmuşdu. Osmanlı mühəndisləri tərəfindən qala divarlarından da hündür savaş qüllələri inşa edilmişdi. Savaş qüllələrinə yerləşdirilən kiçik toplar qala divarlarında açılan deşiklərin yunanlar tərəfindən təmir edilməsinə mane olurdu. Qala divarlarından qopan daşlar xəndəkləri doldururdu və Osmanlı ordusuna hücuma keçməyə şərait yaradırdı.
Amma müdafiəçilər də güclü müdafiə olunurdular. Osmanlı ordusu ciddi itkilər verirdi və 4 savaş qülləsi yandırılmışdı. 2-ci Mehmet 6 may tarixində gecə hücumu barədə əmr versə də, ciddi itki verərək geri çəkildi. Hücumdan sonra Müqəddəs Romanos qapısının ətrafındakı qala divarları 400 Venediktli dənizçi tərəfindən təmir edildi.

Şəhərə hücum

Kalgaria qapısı və Blakernai Sarayı arasındakı qala divarlarına toplardan atəş açıldı. 12 may tarixində Osmanlı ordusu qala divarlarındakı dəliklərdən şəhərə doluşdu. Amma Bizans əlavə ordusu osmanlıları geri oturtdu. Yenidən hücuma keçən Osmanlı ordusu yenə də nəticə əldə edə bilmədi.

Şəhər müdafiəçiləri bütün hücumları dəf etsə də, şəhərdə qıtlıq başlamışdı. Roma Papasının söz verdiyi donanmadan xəbər yox idi. Kəşfiyyata göndərilən gəmi heç bir donanmaya rast gəlmədi. Mühasirə zamanı şəhərdə olan doctor Barbaro bu xəbəri eşidən İmperatorun ağladığını yazır.

Qala divarlarındakı müdafiəçilərə kömək etmək istəyən kapitan Triviksan və əsgərləri gəmiləri tərk edərək qalaya çəkildilər. Ertəsi gün 2-ci Mehmet Qalatadakı topları Blaherne sarayına yaxın bir məsafəyə gətirməyi əmr etdi.

Bir neçə gün Haliç qala divarları qarşısında iki donanma arasında müharibə olsa da, heç bir nəticə əldə edilmədi. 19 may tarixində Osmanlı ordusu qala divarlarından da hündür olan bir savaş qülləsini Adrianapolis Qapısına tərəf gətirdi.

Bu savaş qülləsini öküz və dəvə dəriləri ilə örtmüş, boşluqları torpaqla doldurmuşdular. Bu qüllə vasitəsilə qala divarlarındakı əsgərlərə ox atılır, eyni zamanda xəndəklər də torpaqla doldurulurdu.

21 may tarixində bütün Osmanlı donanması Haliş qala divarları tərəfə istiqamət götürdü. Şəhər müdafiəçiləri türklərin böyük hücuma keçəcəyindən qorxaraq təşvişə düşdülər. Amma heç bir hücum olmadı. Osmanlı donanması bir neçə saatdan sonra geri qayıtdı.
O dövrdə şəhərdə olan Venesiyalı həkimin xatirələrinə görə, qala divarlarına aramsız top atılırdı. Bəzən 544 kiloqram ağırlığı olan güllələr də qala divarlarına dəyirdi.

Yerin altında gedən savaşlar

16 may tarixində səhər saatlarında Kaligaria Qapısı ətrafında müdafiəçilər yerin altından qəribə səs eşitdilər. Yunan ordusu Osmanlı kankanları tərəfindən lağım atıldığını başa düşdülər və bunun qarşısını almaq üçün bir tunel qazmağa başladılar. Bir müddət sonra iki tunel birləşdi və yer altında müharibə başladı. Osmanlı lağımlarını məhv etmək qərarına gələn yunanlar qəsdən yanğın törətdilər və hər iki tərəfin çoxsaylı əsgəri həlak oldu, tunellər çökdü.

Amma şəhər xalqı və imperator təşviş içində idi. Çünki Osmanlı ordusu başqa lağım da qaza bilərdi.

21 may tarixində Osmanlı kankanları tərəfindən müşahidə qülləsi olmayan Kaligaria Qapısı ətrafında qazılan ikinci tuneli müdafiəçilər gördülər. Yunanların yenə də tuneli yandıra biləcəyindən ehtiyat edən türk əsgərləri bu dəfə tuneli özləri yandırdılar.

Ertəsi gün başqa bir lağımı yunanlar yandırdılar, başqa bir lağım isə çökdü.

23-24-25 may tarixlərində eyni yerdə başqa lağımlar da tapıldı.

Son hücum və İmperatora son təklif

Osmanlı ordusu son hücum üçün hazırlıqlara başlamışdı. Sultan Konstantinə şəhəri təslim etməyi təklif etsə də, qarşı tərəfdən rədd cavabı aldı. Çünki yunanlar son damla qanlarına qədər müdafiə olunmaq barədə qərar qəbul etmişdilər.

26 may tarixində Macarıstan krallığının elçisi ordugaha gəldi və mühasirənin dayandırılmayacağı təqdirdə Macar-Bizans ittifaqının qurulacağını, böyük bir Səlibçi donanmasının da yola çıxdığını bildirdi.

Bu Səlibçi donanması Konstantinin gözlədiyi Cakomo Loredanın donanması idi. Bu xəbərdən sonra Osmanlı ordusunda iclas keçirildi. 29 may tarixində son hücum barədə qərar qəbul edildi. Macar elçisi həbs edildi. Şəhər ələ keçirilərsə, əsgərlərə 3 gün şəhəri qarət etməyə icazə verildi. Eyni zamanda qala divarına çıxan ilk əsgər padşah tərəfindən mükafatlandırılacaq, fərarilər isə edam ediləcəkdi.

Sultan: “Burdan gedə bilmərəm, ya mən şəhəri zəbt edəcəm, ya da şəhər məni ölü və ya diri olaraq zəbt edəcək” demişdi.

Artıq Osmanlı ordusu gecə saatlarında da qala divarlarını bombalayırdı. Müdafiəçilərə açılan dəlikləri təmir etməyə imkan verilmirdi. 28 may tarixində Müqəddəs Romanos Qapısında açılan bir yarıqdan içəri girən Osmanlı ordusu Genuyalı Justinianın ordusu tərəfindən dəf edildi. Murat Paşa Justinian tərəfindən öldürüldü. Qala müdafiəçiləri təslim olmaq fikrində deyildilər.

Sultan ordunu üç qrupa ayırdı. Birinci qrup yaşlılardan və xristianlardan, ikinci qrup müsəlman kəndlilərindən, üçüncü qrup isə yeniçərilərdən təşkil edilmişdi. Hər orduda 50 minə yaxın əsgər var idi.

29 may tarixində günün ilk şəfəqləri görünəndə Osmanlı ordusu hücum marşı çalmağa başladı. Birinci qrup nərdivanları qala divarlarına tərəf apardı. Müharibə başladı. Qala divarlarına dırmaşmağa çalışan Osmanlı əsgərləri daş və oxlarla məhv edildi. İki saatlıq hücumdan sonra birinci qrup qaçmağa başladı. Sultanın əmrinə əsasən, fərarilik edənlər qılıncdan keçirildi.

İkinci qrup hücuma keçsə də yenə uğur əldə edə bilmədilər. Saat yarımlıq hücumdan sonra bu qrupun da bəzi əsgərlər qaçmağa başladı. Bu əsgərlər də edam edildi. Sultan üçüncü qrup, yəni yeniçəri ordusu ilə qala divarlarına yaxınlaşdı. Şəhər müdafiəçiləri yorulmuşdu.

Təcrübəli yeniçəri ordusu qala divarlarına yaxınlaşdı. Bir gecə əvvəl əks-hücum səbəbi ilə Konstantin tərəfindən açılan Kerkoporta Qapısından 50 Osmanlı əsgəri şəhərə daxil oldu. Bu zaman böyük bir topdan açılan atəş yeniçəri ordusunun şəhərə girməsi üçün qala divarında böyük dəlik açdı. İki ordu savaşa atıldı. Müşahidəçi qülləsinə girən Osmanlı əsgərləri məhv edildi və yeniçərilərin hücumu dəf edildi. Amma bu zaman Osmanlı tərəfi yenidən atəş açdı və digər ordu qüvvələri də hücuma atıldı. Birinci qala divarları zəbt edildi. Yeniçəri ordusu ikinci qala divarına hücuma keçdi.

Genuyalı komandir Justinian ağır yaralandı və müalicə olunmaq üçün limana aparıldı. Bu xəbər yunan ordusuna pis təsir etdi. Əsgərlər geri çəkilməyə başladılar. Venesiya və Genuya əsgərləri də gəmilərinə minib aradan çıxmağa başladılar. Bir müddət sonra cənubdakı Piyi Qapısı da ələ keçirildi. Osmanlı əsgərləri talan və qarətə başladılar. Şəhərin varlıları əsasən mərkəzdə yaşadığı üçün ordu mərkəzə doğru hücuma keçdi.

Artıq günorta saatlarında İstanbul fəth edilmiş, qarət başlamışdı. Körfəz qala divarlarında, Vasileos, Leon, Aleksius bürclərində mübarizə davam edirdi.

İmperatorun aqibəti

İmperatorun aqibəti barədə dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə, Konstantin savaş zamanı üzündən və kürəyindən aldığı qılınc zərbələrindən qətlə yetirilib. Eyni zamanda qaçan əsgərlərin tapdağı altında qalıb öldüyü də deyilir. Bəzi tarixçilər isə qaçmağa imkanı olsa da, bunu şəninə sığışdırmayıb özünü asdığını qeyd edir.

Digər bir iddiaya görə isə, İmperatorun kəsilmiş başı Megadük Notaras tərəfindən tapılıb və digər müsəlman ölkələrə göndərilib.

Osmanlı dənizçiləri Qalataya çıxaraq yəhudi məhəlləsini qarət etdilər. Tarixçi Leanardoya görə kilsədəki rahibələr əsgərlər tərəfindən zorlandı, monastr və kilsələr qarət edildi. 50-60 min mülki əhali qul kimi satıldı.

Bəzi Osmanlı tarixçiləri isə sadəcə şübhəlilərin öldürüldüyünü və bir çox insanın kölə edildiyini yazır. Yunan donanması da işğal edildi, dənizçilər ya əsir götürüldü, ya da öldürüldü. Kapitan Kabriel Triviksian da əsirlərin arasında idi.

Sultan vəzirləri və sərkərdələri ilə Müqəddəs Romanos Qapısından (Topkapı) şəhərə girdi. Ayasofyanın qarşısına gəlib diz çökərək torpağı öpdü. Kilsədə gizlənənləri bağışladı. Şəhərdəki binaların ona məxsus olduğunu elan etdi. Talan və qarət əmrini dayandırdı. Buna itaət etməyənləri edam etdirdi.

Hücumdan əvvəl Konstantinopolda olan şahzadə Orxan Mərmərə qala divarlarını müdafiə etməklə vəzifələndirilmişdi. O, şəhərin ələ keçirildiyini eşidəndə intihar etdi. Onun kəsilmiş başı 2-ci Mehmetin hüzuruna aparıldı. Konstantinin qardaşı oğlu Osmanlı sarayında yaşamağa başladı. O, İslamı qəbul etdi və Mesih Paşa adıyla sədrəzəm vəzifəsinə ucaldı.

Beləcə, İstanbul fəth edildi. Şərqi Roma imperiyası süqut etdi…

BIR CAVAB BURAXIN