Sergey Skripal Rusiyanın Avropadakı əməliyyatlarına mane olan fərqli ölkələrin kəşfiyyat nümayəndələri ilə görüşüb və onlara çox dəyərli məlumatlar verib.
Bu barədə məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Qəzet Skripalın zəhərlənməsinin qisas aktı ola biləcəyini iddia edib:
“Zəhərlənməsindən öncə Skripal çoxsaylı səfərlər edərək, xarici kəşfiyyatçılar üçün Rusiya haqqında mühazirələr deyib. Bu görüşlərə razılıq böyük ehtimalla Britaniya hakimiyyəti tərəfindən verilib. Skripal dəfələrlə Çexiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb. Bu ölkəyə Skripal hətta 2012-ci ildə də gedib. Həmin tarixdə onun həyat yoldaşı vəfat edib. Skripal çexlərə Rusiyanın kəşfiyyat fəaliyyəti barədə vacib informasiya ötürüb. Çexlərə həmçinin Rusiya Baş Kəşfiyyat İdarəsinin Avropada çalışan keçmiş əməkdaşları haqqında məlumat verilib.
Skripal QRU-dakı fəaliyyətini 1999-cu ildə başa çatdırsa da, onun informasiyaları hələ də çexlər üçün dəyərli sayılır. Belə ki, Skripalın o zaman çalışdığı casusların çoxu əvvəlki kimi aktiv vəziyyətdədir.
2016-cı ildə Skripal eyni məqsədlə Estoniyaya da gedib. Həm Estoniya, həm də Çexiya səfərləri hər iki ölkənin kəşfiyyatları tərəfindən çox gizli saxlanılıb”.Axar.az