Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: QASIM BƏY ZAKİR 1. Yazı

0
835

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Azərbaycan türk mütəfəkkirlərindən Qasım bəy Zakir (1784-1857) 1784-cü ildə Şuşa da bəy ailəsində anadan olmuşdur. Mollaxana da təhsil alan Zakir doğma ana dili Türk diliylə yanaşı fars və ərəb dillərini də dərindən mənimsəmişdir. Qarabağın hakimi Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində uzun müddət yaşayan Qasım bəyin həyatında ən önəmli hadisələrdən biri qardaşı oğlu Behbudun qaçaqçılığa başlaması, üstəlik kürəkəni Əli bəy Fuladovun adının da onunla yanaşı çəkilməsi ilə baş vermişdir. 1849-cu ildə Şuşa vilayətinin rəisi Tarxan Mauravovun başçılığıyla Zakirin yaşadığı Xındırıstan kəndinə basqın nəticəsində kənd yerlə-yeksan edilmiş, şair və ailəsi isə həbs edilərək əvvəlcə Şuşaya, daha sonra da Bakıya sürgün edilmişdir. Bakıdan Şuşaya döndükdən qısa bir müüdətdə sonra, yəni 1857-ci ildə o, vəfat etmişdir. İctimai-siyasi görüşləri. Ümumiyyətlə, Zakir yaradıcılığında bir tərəfdən çar Rusiyasının müstəmləkəçilik siyasətindən də irəli gələn ədalətsizlikləri, hüquqsuzluqları, haqsızlıqları, digər tərəfdən isə dini fanatizmi və dini mövhumatı tənqid etmişdir. Başqa sözlə, bu məsələlər Zakirin yaradıcılığında daim bir yerdə nəzərdən keçirilmişdir. Məsələn, “Vilayətin məğşuşluğu haqqında” tənqidi-satirik şeirində o, Qarabağda çar Rusiyasının işğalına qədər mövcud olmuş qayda qanundan artıq əsər-əlamətin qalmadığını yazırdı. Bunun əvəzində ədalətsizlik baş alıb gedirmiş, “gədə-güdə”yə bənzətdiyi çar məmurlarından və onların əlaltılarından şikayət edənləri danışmağa qoymazlarmış, sözlərini kəsərlərmişlər. Zakir yazır: Gədə-güdə olub sahib-məsləhət, Gündüz axşamadək danışır xəlvət. İşlərimiz belə keçsə bir müddət, Qədimilər olur tamam şil, axsaq. Gündə biri gətirir zakoni-tazə, Fikri budu xəlqi verə güdazə; Bizdən də məhrəmdir biri knyazə, Naməhrəm, füzuli heyvərə, yanşaq. Eyni zamanda, o, açıq şəkildə yazırdı ki, çar məmurları kimi onların əlaltılarına çevrilən məddah ziyalılar, ikiüzlü ruhanilər və bəylər də xalqa zülm edirlər. Zakir yazır: Həddən aşıb büxlü həsəd, şərarət, Yoldaş yoldaşına eylər xəyanət, Alimdə əməl yox, bəydə ədalət, İşlərimiz olub saf gərdən-bucaq. Və ya: Xanzadələr özün çəkib kənarə, Deyir bizdən yoxdur sizlərə çarə; Rəhim getdi, pənah pərvərdigarə, Qaralmaz kibriya yandıran çıraq. Zakir doğru yazırdı ki, çar Rusiyası Azərbaycan Türk torpaqlarına ayaq açdıqdan sonra bu yerlərdə şər artıb, xeyir azalıbdır. Bir sözlə, ədalət sözdə qaldığı halda, şər və fırıldaq isə əməldə gerçəkləşmişdir. Zakir yazır: Həddən aşıb bu viladə şərarət, Hər kim hər iş görə – puluna minnət. Mu qədəri qoxdur ədlü ədalət, Və lakin şöhrəti-bicayə bir bax! Burada Zakir çox incə şəkildə çar Rusiyasının istilası nəticəsində milli və dini haqların tapdalanmasını ifadə etməyə çalışmışdır. Yəni artıq müstəmləkəçilik nəticəsində türklər öz torpaqlarında kölə, ruslarla onların əlaltıları olan ermənilər isə ağa olmağa başlamışdılar. Zakir yazır: Nə gündə yaradıb xudavənd bizi, Bir yana apara bilmədik izi, Gahi Avanesi, gahi Sərkizi, Gahi də Semyoni görən canımız! Bəy ikən adımız oldu mülkədar, Dəxi mundan belə bizimçün nə var? Olmazını mükəddər, sahibixitiyar Əvəki, Ərtuni görən canımız! “Divanbəyləri həcv” şeirində də Zakir yenə çar Rusiyasının Qafqaz canişinin adından özbaşınalıq, riyakarlıq edən divanbəyləri tənqid hədəfi seçmişdir. Zakir yazır: And veribdir sizə sərdari vala, Gərəkdir ki, etməyəsiz heç riya Bir kəsin bir kəsdə gər həqiqi ola, Yetirib həqqinə, tez salın yola. Ancaq Zakir də yaxşı bilirdi ki, divanbəylərin arxasında dayanan, Azərbaycan türklərinin xanından, bəyindən tutmuş kəndlisinə qədər ədalətsizlik edən Qafqazın canişinləri, çar Rusiyasının məmurlarıdır. Məhz onlarım müstəmləkəçilik əməlləri nəticəsində Qarabağda da milli adətlər, qayda qanunlar aradan qaldırılmış, onun yerini rusların “zakon”ları tutmuşdur. Zakir yazır: Yox bir deyən, ey varisi-məcmui-Qarabağ, Səndə ağalıq qaidəsi, adəti hani? Pişək qoyan adını gərəkdir ola pirşov, Həm gözlüyə bir-bir yorulub dalda qalanı. Ya da: Divan demə, hərgiz buna kim, afəti-candır, Mən söyləmədim, nola ki, məşhuri-cahandır. Bizcə, şair-mütəfəkkirin çar Rusiyasının müstəmləkəçiliyinə qarşı çıxan fikirləri, eyni zamanda bu müstəmləkəçiliyin ruslaşdırılma siyasəti nətiscəsində bəzi yerli bəylər, ruhanilər tərəfindən dəstəklənməsi birmənalı qarşılanmamışdır. Bu anlamda yuxarıda da qeyd etdiyimiz kimi, Qasım bəy Zakir və onun yaxınları da çar Rusiyasının hədəfi halına düşmüşdür. Belə ki, Zakirin zahirən Şimali Azərbaycanın işğalı ilə razılaşdığını, əslində isə mahiyyət etibarilə milli adət-ənənələri və dini qayda-qanunları tapdalayan çar Rusiyasını qəbul etmədiyini çar məmurları da görürdülər. Xüsusilə, 1848-1849-cu illərdə xanzadələrin, bəyzadələrin hüquqlarının əlindən alınmasıyla bağlı çıxarılan rus “zakon”larına etiraz olaraq Zakir yazırdı: Çıxmadı, qurtulaq dərdü bəladan, Gündə bir zakuni görən canımız. Hər ayın başında bir yol dəyişilən Adətü qanuni görən canımız. Təfavüt qalmadı gədayə, bəyə, Barkeşlər indi keçib yedəyə, Qənaət eyləsən bezə, qədəyə, Cameyi-gülguni görən canımız. F.b.Köçərli də yazır ki, Zakir bir çox şeirlərində çar məmurlarının xalqa etdiyi zülm və sitəmi qələmə almışdır: “…Zakir divan əmələcatının qüsurunu şairanə zikr edib, onların əvamün-nasə etdiyi zülm və sitəmi göstərir. Burada cayi-təəssüf və heyrət budur ki, altmış-yetmiş sənə bundan irəli divan xidmətçiləri xəlayiq ilə nə növ rəftar etmişlərsə, indi o gunə rəftar etməkdədirlər. Bu müddəti-mütamadiyyədə – ki, az qalıbdır tamam bir əsr etsin, – onların əxlaq və adabında bir təbəddülat, bir tərəqqi əsəri müayinə olunmur”. Çox güman ki, ilk dövrlərdə çar Rusiyasının ordusunda qulluq etmiş Zakirin dünyagörüşündə sonralar kəskin dönüş yaranmışdır. Zakir işğalçı çar Rusiyasının buralardan çıxıb getməsini, onların yerinə Qacarların ya da Qızılbaşların yenidən bu torpaqlara sahib olmasını arzulamışdır. Şairin qardaşı oğlunun da çar Rusiyasının əleyhinə qaçaqçılıq etməsi, üstəlik kürəkəninin də onunla əlbir olması xəbərinin yayılmasıyla Zakirin Qacarlara yaxınlaşması fikri daha da geniş yayılmışdır. Çox yazıqlar olsun ki, Zakirin bu milli ruhunun, yəni çar Rusiyasına etirazının, bunun müqabilində Qacarlara meyil etməsini çar məmurları deyil, eyni zamanda onun haqlı olaraq həcv etdiyi yerli bəylərlə ruhanilər də şairin əleyhinə hədəf kimi götürmüşlər. Bizcə, buna ən bariz nümunə Zakirin “Mirzə Mehdiyə” şeirində könülsüz olaraq çar Rusiyasını tərif edərək Qacarları isə pisləməsidir. Zakir yazır: Məbadə olalar qızılbaşa ram, Yığılıb gəlsinlər Qələyə təmam. O dövlətdən əl çəkibdir xasü am, Necə ki, təbibdən mərdümi-məslul… Bilirəm işini mən o viranın, Mədənidir təqəlübün, yalanın; Bəyi, xanı, şahı mülki-İranın (Qacarların) Çoxdan eyləyiblər ədldən üdul. Ancaq bu şeirində məcburi olaraq Qacarlar dövlətini pisləsə də, onun haqqında ortada dolaşan şayiələr bununla nəticələnmişdir ki, işğalçı çar məmurlarıyla onların yerli əlaltıları birləşərək şairin və ailəsinin yalnız doğma kəndindən deyil, Qarabağdan da sürgün olunmasına nail olmuşlar. Bunu, Zakir Knyaz Behbutova yazdığı ərizəsində də açıq şəkildə yazmışdır. Zakir yazır: “Hənuz məndən xilafi-zabitə iş baş verməyib və dəftərxanalarda mənim adıma bihesab mərqum deyil. Nəhayət şimdi bir il təmam olur ki, Şuşa şəhərinin Uyezdni naçalniki knyaz Tarxan Maurovov öz ixtiyarının zoru ilə və polkovnik Cəfərqulu ağanın təhriki ilə bicürmü günah və bitəhqiqi məratib məni və mənə təəllüq edən Xındırıstan kəndini təxminən yeddi yüz atlı ilə ki, o cümlədən Cəfərqulu ağa olsun, bir növ taxtü qarət ediblər ki, tamam ac və möhtac qalmışıq və o zülmlər ki, bizlərin başıına gətirib əvvəldən axıra heç bir kəsin başına gəlməyib”. Ə.Cəfəroğlunun təbrincə desək, bu dövrdə Zakir rusların milliyyətpərvər məhəlli (Şimali Azərbaycan) türk başçılarının ətrafında apardığı oyunların qurbanı olmuşdur. Hər halda rusların Zakirin kəndini-Xındırstanı tamamilə dağıtması, özünü əvvəlcə Şuşaya daha donra Bakıya sürgün etməsi təsadüfi ola bilməzdi. Bizcə də, şairin rus hakimiyyətinə, rus qanunlarına zahiri müsbət münasibət göstərməsi, əslində bütün bunlarla barışmaması, eyni zamanda Rusiya əleyhinə birləşən Türk başçılarıyla adının hallandırılması onu rusların “qurbanı”na çevirmişdir. Cəfəroğlu yazır: “Azərbaycanın ən milliyyətpərvər şairlərindən biri olan Zakir düşməni Rusa qarşı qətiyyən boyun əymək istəməmişdir”. Maraqlıdır ki, şairin Qarabağdan sürgün olunması isə Aşura gününə təsadüf etmişdir. Bu baxımdan Zakir yazırdı ki, hətta, onun düşmənləri imamın qatillərinin yolunu tutaraq, bu müqəddəs günü belə nəzərə alıb heç bir güzəştə getməmişlər. Bütün bunlara baxmayaraq, şair ömrünün sonuna qədər çar məmurlarının işğalçılığı və bu işğalçılıqla razılaşaraq riyakarlıq edən bəylərə, mollalara qarşı mübarizə aparmışdır. Dini-fəlsəfi görüşləri. Qeyd edək ki, Zakirin əsas tənqid hədəflərindən biri də ikiüzlü ruhanilər və mollalar olmuşdur. O, riyakar ruhanilərin və mollaların cürbəcür vasitələrlə avam rəiyyəti aldatmalarına, müxtəlif təriqətlər altında müsəlmanlar arasında təfriqə salmalarına qarşı çıxmışdır. Maraqlıdır ki, Zakir belə məzmunlu şeirlərinin bir qismini məktub şəklində M.F.Axundzadəyə göndərmişdi. O, həmin məktubların birində yazırdı:

Üləmalar üz döndərib xudadən,

Usanmaz bir ləhzə cövrü cəfadən.

Başı əmamməli seyyid-molladən,

Taətdə övladır o qatmaqurşaq.

Həq bilir ki, beli şallı hacılar,

Zəhrimar tək xəlqin ağzın acılar;

Düşəndə gözləməz ana, bacılar,

Bu əhldən sinədağəm, sinadağ.

Adın qoyub kərbalayi, məşədi,

Neyləyim, peşələri yaman peşədi.

Zakirin fikrincə, dini xurafat və möhvhumatın mənbəyi İslam dini, İslam mədəniyyəti deyil, yalançı din başçıları, saxtakar mollalar, həyasız dərvişlərdir. O yazırdı: Zülmü sitəminlə aləm dolubdur, Əhli beytin rəngi-ruyi solubdur, Neçə rövşənlər xanimanlar olubdur, Şəba yelda kimi titrər səndən?… Ülaməyə dersən föhşü latayil, Təriqi-islama deyilsən qayil; Bu hal ilə yenə çox əqli zayil, Gəlib eşiyinə zad istər səndən. “Zəmanənin tənqidi” şeirində də görürük ki, şairin əsas tənqid hədəfi yenə də din alimləri, mollalardır. O, yazırdı ki, bir məmləkətdə haqsızlıq, ədalətsizlik, hüquqsuzluq olanda alimlər, üləmalar buna qarşı çıxmalı olduqları halda, əksinə bunu edənlərin yanında yer almaları, üstəlik özlərinin də bu işin içində olmaları doğru deyildir. O, yazır:

Üləma talibi-arayişi–ətfalü əyal,

Füqəha rağibi-zinü nəmədü əsbü kütəl.

Azışıb gör necə ol jindəqəba mollalər,

Bəhri-puşək zənə imdi bəyənməz məxməl.

Tən edər ətləsi-gərdunə sərapərdələr,

Buriya görməz idi xanələri mundan əzəl.

Ya da: Alimi biəmələ pəndü nəsihət netsin.

Muryanə yesə pirahəni tutmaz seyqəl.

Xah bəd, xah niku, Xaliqi bilsin, bizə nə,

Biçər öz əkdiyini hər kişi həngami-məhəl.

Yol gedər molla qəmi kari-vilayət hələ,

Neçə ildən bəri bir növ, olubdur müxtəl.

“Şuşa mollaları haqqında” şeirində isə Zakir mollaların, üləmaların heç bir işə yaramadığını, artıq xalq arasında onların nüfuzunun qalmadğını ifadə etmişdir. Bu cür üləmaların, mollaların pis əməlləri nəticəsində xalq arasında mədrəsələrə rəğbətin də azaldığını yazan Zakirə görə, üstəlik ayrı-ayrı təriqət (şeyxilər, üsulilər və b.) mollaları da bundan susi-istifadə edib iğtişaşa səbəb olurlar. Zakir yazır:

Var idi mədrəsəyə rəğbəti xəlqin, qovğa

Düşdü nahaq yerə ortaya bu axşam yenə.

O qədər keçmədi ki, sülh binası pozulub,

Bir-birə şıllaq atar Şeyxəki-əyyam yenə.

Duş həmkasəvü həmsöhbət idi, eylərlər

Haliya bir-birinin küfrünü elam yenə.

BIR CAVAB BURAXIN