Ermənistan əhalisi azalmaqda davam edir

0
737

2017-ci ildə Ermənistan əhalisi daha 13,4 min nəfər azalıb.

Ermənistan Statistika Komitəsi növbəti dəfə bu rəqəmə diqqət çəkərək, bəzi araşdırmalar aparıb. Bildirilir ki, yalnız İrəvanda əhalinin sayı ötən il 1,2 min nəfər artıb. Rayonlarda isə sürətlə azalır.

Ölkənin ən böyük ikinci və üçüncü şəhərləri olan Gümrü və Vanadzorun əhalisi 1,5 min, Şirak və Loridə isə 4 min azalıb.

Hakimiyyət bölgələrin inkişafı proqramını qəbul edib və əsasən, turizmi inkişaf etdirməyə cəhd göstərsə də, uğursuzluğa düçar olub. Nəticədə əhali azalması prosesi dayanmayıb.

Bildirilir ki, Vanadzorun əhalisinin azalmasını şərtləndirən səbəblərdən biri də Kimya zavodunun tam olaraq fəaliyyətini dayandırmasıdır. Sovet vaxtı 5 min insanın çalışdığı zavod indi tam fəaliyyətsizdir.

Ölkədə ən yoxsul rayon Şirak əyalətidir. Burda əhalinin 45 faizi yoxsul sayılır. Loridə isə bu rəqəm 36 faizdir.

Statistika Komitəsinin məlumatında bildirilir ki, Şirakda yoxsulların 70 faizinin daimi yemək rasionu çörək və kartofdan ibarətdir ki, bu da 2016-cı illə müqayisədə 4 faiz daha pis nəticədir.

İrəvanda isə daim “çörək və kartofla” dolanan insanlar şəhər əhalisunin 14,5 faizini təşkil edir. İrəvanda ötən il ərzində doğulanların sayı ölənlərin sayından 5,5 min nəfər çox olub. Ancaq əhali sayı bu şəhərdə cəmi 1,2 min nəfər artıb. Statistika Komitəsi aradan yaranan fərqin – 4,3 min nəfərin İrəvanı daimi əsaslarla tərk etdiyini qeyd edib.

İl ərzində ölənlərə nisbətdə ölkədə 10,3 min daha çox uşaq doğulub. Ancaq əhali 13,5 min azalıb. Bu isə o deməkdir ki, doğulanlar istisna olmaqla, ölkəni daimi əsaslarla 23,8 min adam tərk edib. Bu rəqəm İcevan, Artaşat və Gorusun əhalisindən çoxdur.

Ermənistan mediası isə bu rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini, əslində ölkə əhalisinin 50 minə yaxın azaldığını bildirib.(axar.az)

BIR CAVAB BURAXIN