General Andrey Vlasov: Xəyanətkar, yoxsa sovet kəşfiyyatçısı?

0
847

Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın “General Andrey Vlasov: Xəyanətkar, yoxsa sovet kəşfiyyatçısı?”adlı yazısını oxucularına təqdim edir:

Bir vaxtlar onun haqqında sovetin bir nömrəli xəyanətkarı kimi danışardılar. Onun adı gələndə çoxlarınifrətlə yerə tüpürər və ünvanına yağlı bir söyüş işlədərdilər. Bu adam general Andrey Vlasov idi. 1901-ci ildə anadan olan Andrey Vlasov başdan- ayağa hərbçi idi. O hələ gənc yaşlarından hərb elmini beş barmağı kimi bilir və gözlənilməz taktiki gedişlərlə düşməni çaş-baş salırdı. Onun rəhbərliyi altında sovet ordusu müharibənin ilk illərində almanlar üzərində bir-birindən gözəl qələbələr əldə etmişdi. Və o, qısa müddətdə İosif Stalinin sevimlisinə çevrilmişdi. Odur ki, Stalin cəbhənin ən ağır yerlərində rəhbərliyi ona tapşırırdı. Müharibənin ilk günlərində alman faşistləri çoxsaylı qüvvə ilə Vlasovun komandanlıq etdiyi diviziyanı mühasirəyə aldılar. Almanlar diviziyanı elə sıxmışdılar ki, buradan bir nəfərin də salamat qurtaracağına ümid yox idi. Lakin Vlasov gözlənilməz əks-hücum taktikası seçdi və bütün qüvvələri bir istiqamətdə toplayaraq, almanlara qəfil zərbə vurdu. Döyüş meydanında bir neçə saat ərzində minlərlə almanın meyiti, onlarla vurulmuş tank qaldı. Almanların çaşbaş düşməsindən istifadə edən Vlasov az itki ilə mühasirəni yararaq geriyə çəkilən hərbi hissələrimizlə birləşdi. Bu, müharibənin ilk günlərində almanlara vurulan ən ağır zərbə idi. Stalin Vlasovun bu qəhrəmanlığını eşidəndə: “Deyəsən, ordumuzda yeni Kutuzov doğuldu”, demişdi. Bu qəhrəmanlığına görə Stalin Vlasova Kiyevin müdafiəsini təşkil etməyi tapşırdı və o, 37-ci ordunun komandanı təyin edildi. Sonra Moskvanın müdafiəsində Vlasov əsl qəhrəmanlıq nümunəsi göstərdi. Tabeçiliyində cəmi 15 tank olmasına baxmayaraq, Vlasov Solneçnoqorsk ətrafında Valter Modelin ordusuna ağır zərbələr vurdu və düşmən tamamilə darmadağın edildi. Vlasovun bu qələbəsi onu qəzetlərin 1 saylı qəhrəmanına çevirdi. Stalinin əmrilə Vlasova general-leytenant rütbəsi verildi və o, “Qırmızı bayraq” ordenilə təltif edildi. Vlasovu xalq arasında “Moskvanın xilaskarı” adlandırmağa başladılar. Ancaq gözlənilmədən tale Vlasovdan üz döndərdi. 1942-ci ildə Vlasova Leninqradın müdafiəsini təşkil etmək tapşırıldı. O, 2-ci ordunun komandanı təyin edildi. Amma bu dəfə almanlarla döyüş Vlasov üçün dəhşətli və faciəli şəkildə başa çatdı. 2-ci ordu almanlar tərəfindən darmadağınedildi, ordu komandanlığı, o cümlədən Vlasov əsir götürüldü. Artıq Vlasovun geriyə yolu yox idi. O, müharibə dövrünün qanunlarına görə əsir düşməməli və əsl sovet komandanı kimi döyüş meydanında qəhrəmancasına həlak olmalı idi. Stalin əsir düşənləri bağışlamırdı. Çox güman ki, bunu nəzərə alan Vlasovun almanlara xidmət yolu seçməkdən başqa çarəsi qalmamışdı. Alman hərbi komandanlığı Vlasovun xidmətindən və bacarığından istifadə etmək qərarına gəldi. Vlasova Rusiya Azadlıq Ordusu (RAO) yaradılması barədə göstəriş verildi. Və Vlasov bu tapşırığın öhdəsindən bacarıqla gəldi. Qısa müddətdə o, əsir əsgərlər arasından 30-35 min nəfərlik ordu yarada bildi. Bu ordu ilk döyüşdəcə sovet ordusuna ağır zərbələr vurdu. Amma, doğrudanmı, istedadlı bir sərkərdə kimi şöhrət qazanan Vlasov belə qısa bir müddətdə sovetlərə xəyanətyolu seçdi? Bu suala birmənalı cavab vermək çox çətindir. Ona görə də tədqiqatçılar uzun müddət Vlasovun xəyanətinin səbəblərini axtarıb və müxtəlif ehtimallar irəli sürüblər. Tanınmış tarixçi, tədqiqatçı Aleksandr Ştolko şahidlərin ifadələrinə əsasən, bu nəticəyə gəlib ki, Vlasovun düşmən tərəfə keçməsi sovet əks-kəşfiyyatı tərəfindən hazırlanıbmış. İş orasındadır ki, Vlasov uzun müddət almanlara öz sədaqətini nümayiş etdirməyə çalışdı. Almanlar ona etibar edərək, işğal edilmiş ərazilərdə yaşayan əhali arasında təbliğat aparmağı tapşırdılar. Lakin Vlasov işğal edilmiş ərazilərdəki əhali qarşısındakı ilk çıxışı zamanı almanları kəskin tənqid etdi. Buna görə o, bir müddət həbsdə saxlanıldı. Ştolkonun fikrincə, Vlasov RAO-nu yaratmaq fikrinə hələ də kimliyi məlum olmayan kapitan Melentiy Zıkovla görüşündən sonra düşüb. Onların tanışlığı Vinnitsa ətrafındakı əsir düşərgəsində baş verib. Zıkova nə üçünsə alman komandanlığı böyük hörmət bəsləyirdi. Almaniyanın təbliğat naziri Yozef Göbbelsin göstərişi ilə Zıkov Berlinəxüsusi kursa göndərildi.

Vlasov tərəfindən yaradılan RAO-da kapitan Zıkov əsas fiqurlardan biri idi. Ştolkovun fikrincə, Zıkov sovet kəşfiyyatı tərəfindən göndərilmişdi və o, Vlasovla Moskva arasında körpü rolunu oynayırdı. Zıkovun taleyi də qəribə və müəmmalı olub. O, 1944-cü ildə evdən çıxdı və maşına oturaraq işə getdi. Lakin Zıkov işə gedib çıxmadı. O, yolda müəmmalı şəkildə yoxa çıxdı. Belə güman edilir ki, Zıkov sovet kəşfiyyatının tapşırığını yerinə yetirərək geriyə qayıdıb. Lakin bu günə kimi Vlasovun ən yaxın silahdaşı olan bu adamın kim olduğu barədə arxivlər susur. Nə üçünsə hər yerdə xəyanətkarları axtaran sovet kəşfiyyatı da bu adamın kim olmasını araşdırmayıb. Zıkovun müəmmalı şəkildə yoxa çıxmasından 6 ay sonra Vlasov Praqada Rusiya xalqlarının azadlıq manifestini elan etdi. Bu manifestə əsasən, Stalin devrilməli və almanlarla sülh müqaviləsi imzalanmalı, Rusiya isə 1917-ci ilin sərhədlərinə qaytarılmalı idi. Artıq 1945-ci ilin əvvəllərində RAO-nun tərkibində 50 min nəfər əsgər var idi. Orduda 3 diviziya, 2 hərbi hava eskadrilyası, hərbi zabit məktəbi vardı. Ştolkovun iddiasına görə, Almaniyada yaşayan rusların çoxu RAO-ya üzv olmaq istəyirdi. Ancaq Hitler buna icazə vermədi və bildirdi ki, 50 minlik ordu kifayətdir. Vlasov, ümumiyyətlə, özünü çox qəribə aparıb. 1945-ci ildə Praqada antihitler üsyanı başladı. RAO bu üsyanı yatırtmaq üçün göndərildi. Lakin Vlasovun əmrilə ordu üsyançılar tərəfinə keçdi. Bu da almanların məğlubiyyətinə gətirib çıxardı. Üsyandan sonra Vlasov İsveçrəyə qaçdı və o, burada ölkə rəhbərliyindən siyasi sığınacaq istədi. Eyni zamanda o, rəhbərlik etdiyi ordunu ingilisamerikan ordusuna təhvil verdi. Lakin ingilislər və amerikanlar Vlasovu və RAO-nun yüksək rütbəli zabitlərini sovetlərə təslim etdilər. Niyə Vlasov İsveçrəyə qaçdı, niyə Cənubi Amerikaya, Meksikaya qaçmadı? Axı buna onun imkanları vardı. Hətta onun ruslara təhvil verilmə anında da qaçmaq imkanı da vardı. Amma Vlasov nə üçünsə bu imkandan istifadə etmədi. Niyə? Ştolkonun dediyi kimi, həqiqətənmi o, RAO-nu sovet kəşfiyyatının göstərişi ilə yaradıb? Biz bunu bilmirik. Hər halda, Vlasov sağ qalacağına inanmasaydı, ruslara təslim olmazdı. Ştolko belə hesab edir ki, RAO-nun sovet ordusuna ağır zərbələr vurması və silahı almanlara qarşı çevirməməsi Moskvanın Vlasovdan üz döndərməsinə səbəb olub. 1946-cı il avqust ayının 1-də Vlasov 11 zabitlə birlikdə dar ağacından asıldı. Amma Vlasovun ətrafında mübahisələr davam edir: doğrudanmı, o, sovet əks-kəşfiyyatına işləyib? Əgər kəşfiyyata işləyibsə, onda nə üçün onu asıblar? Bu suallara cavab tapmaq çox çətindir. Bir neçə il bundan əvvəl “İnam və Vətən” uğrunda ictimai təşkilatı Vlasovun reabilitasiyası xahişilə hərbi prokurorluğa müraciət etdi. Hərbi prokurorluq bir il ərzində bu məsələni araşdırdı. Sovet hərbi prokurorluğu Vlasovun reabilitasiyası üçün əsas olmadığını bildirdi. Buna baxmayaraq, Vlasovun müəmmalı həyatı ətrafında araşdırmalar davam edir. Doğrudanmı, Vlasovun xəyanətkar olduğu və ya sovetə xidmət etdiyi hələ uzun müddət sirr olaraq qalacaq? Hər halda ümid ediri ki, indi olmasa da, gələcəkdə gizli arxivlər tam şəkildə açılanda onda Vlasov barədə əsl həqiqətlər ortaya çıxacaq.

Əziz Mustafa/Arazinfo.com

BIR CAVAB BURAXIN