Ermənistanda rolların öncədən və hadisələrin gedişində müəyyənləşdirildiyi saxta məxməri inqilab baş verib. Nikol Paşinyan isə bu prosesin “Yusif Sərracı”dır.
Arazinfo.com-un verdiyi xəbərə görə, bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, hadisələrin gedişində prosesləri birmənalı şəkildə dəyərləndirmək mümkün deyildi, yalnız ayrı-ayrı nüanslara diqqət çəkmək olurdu:
“İndi isə mənzərə tamamilə göz qabağındadır. Ermənistanda baş verən aksiyaların səbəbləri çoxdur. Bunu yalnız sosial-iqtisadi problemlərlə əlaqələndirmək doğru olmazdı. Sosial-iqtisadi problemlər, Ermənistanın regionda həyata keçirilən layihələrdən kənarda qalması, demoqrafik vəziyyətin gündən-günə pisləşməsi, korrupsiya, total ümidsizlik – bütün bunlar Köçəryan, daha sonra isə Sərkisyan rejiminin yürütdüyü siyasətin, bütövlükdə isə işğal amili üzərindən həyata keçirilən populist vətənpərvərlik təbliğatının doğurduğu nəticələrdir. Sərkisyan rejiminin qütbdən-qütbə yuvarlanması, həmçinin Rusiyanın liderliyi ilə yaradılan regional təhlükəsizlik və iqtisadi layihələrdən heç bir divident əldə edə bilməməsi, Qərblə münasibətlərdə ziqzaqvari gedişlərin uğursuz nəticələri hakim partiyanın və onun təmsilçiləri ilə yola davam etməyin mümkünsüzlüyünü ortaya qoyurdu”.
Politoloq vurğulayıb ki, bu vəziyyət nə Rusiyanı, nə Qərbi, nə erməni diasporunu, nə də xalqı qane edirdi:
“Kreml başa düşürdü ki, populyarlığını və proseslərə nəzarəti tamamilə itirmiş bir komanda ilə birgə addımlamaq mümkün deyil. Erməni diasporu anlayırdı ki, legitimliyi şübhə altında olan, nüfuzu zədəli, çoxsaylı korrupsiya faktlarında, o cümlədən diasporun vasitəçiliyi ilə ayrılan vəsaitlərin mənimsənilməsində təkzibolunmaz faktlarla ittiham olunan bir liderin iştirakı ilə Qərbin siyasi institutları ilə əlaqələri möhkəmləndirmək və təbii ki, ilk növbədə diasporun, daha sonra isə Ermənistanın maraqlarını təmin etmək olmaz. Bu baxımdan Ermənistanda hakimiyyət, daha doğrusu, komanda dəyişikliyi labüd idi. Qərb institutları diaspor vasitəsilə və birbaşa Ermənistanın qeyri-hökumət təşkilatları, siyasi partiyaları ilə yaxından işləyirdi. Buna şübhə yoxdur. Amma bu proses hələ lazımı mərhələyə gəlib çatmamışdı”.
Analitik qeyd edib ki, iqtisadiyyatından ictimai-siyasi institutlarınadək, hər şeyin Rusiyanın nəzarətində olduğu bir ölkədə Moskvanın istəyi olmadan hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyildi:
“Nikol Paşinyanın başladığı hərəkat bəlkə də 2-3 il sonra baş verə biləcək real inqilabın vaxtından tez və Rusiyanın nəzarəti altında həyata keçməsinə imkan yaratdı. Nəticədə populyarlığını itirmiş və vaxtaşırı Rusiyanı Qərblə münasibətləriylə şantaj etməyə çalışan Sərkisyan hakimiyyətdən getdi. Əslində, yaxın tarixə ekskurs etməklə “Qarabağ müharibəsinin qəhrəmanı”, “qalib döyüşçü” obrazı üzərindən Ermənistanda son söz sahibi olmağın perspektivi üzərindən Jirayr Səfilyanla bağlı hadisədə xətt çəkilmişdi. Bu, Ermənistan siyasətində Qarabağ sindromuna vurulmuş ilk böyük zərbə idi və Sərkisyanın öz əliylə edildi. Sərkisyanın yola salınması ilə bu prosesin son nöqtəsi qoyuldu. Bütün bunlar ona görə baş verdi ki, Ermənistanda bundan sonra bir kimsə xüsusi imtiyaz sahibi olduğunu düşünməsin, onun üçün müəyyənləşdirilmiş sərhədləri bilsin. Paşinyanın timsalında isə biz çox güman ki, erməni xalqının siyasi proseslərdəki rolunun tarixin arxivinə göndərildiyinin şahidi olacağıq. Növbədənkənar seçkilərə qədər Ermənistanda və bu işğalçı ölkənin ətrafında çox ciddi proseslər baş verəcək. Paşinyanın bu müddət ərzində ciddi uğursuzluqlara düçar olacağı şübhə doğurmur. O, gözləntiləri doğrulda biləcək gücdə və potensialda deyil”.