“Arif Babayev, Alim Qasımov, Teymur Mustafayev niyə susur?”

0
1177

Xalq artisti Ağadadaş Ağayev “Ölkə.Az”ın suallarını cavablandırıb.

– Ağadadaş müəllim, uzun müddətdir ki, efirdə yoxsunuz və bildiyim qədər Azərbaycan musiqisinin hazırki durumuyla bağlı sizi narahat edən məqamlar var. Əvvəlcə həmin məqamlardan başlayaq…

– Əslində, məni narahat edən məsələlərə şəxsi aspektdən baxmaq istəmirəm.

– O zaman ümumi aspektdən yanaşın…

– Musiqimizdə məni o qədər narahat edən məqamlar var ki. Musiqimizdə qarmaqarışıqlıq hökm sürür. Bunu efirlərdəki mövzulara da aid edirəm. Bütün efirlər çalışır ki, müğənni və onun ətrafındakı hansısa mövzu müzakirə edilsin. Sənətçilərin də intellektual səviyyələri bu mövzuların içindən çıxmağa imkan vermir. Çünki müxtəlif məzmunda mövzular olur. Mövzudan anlayışları olmadığı üçün rəzil vəziyyətə düşürlər. Bu məni narahat edir.

– Bəs oxuya bilməmək?

– Məndən soruşdular ki, filankəsin səsi yoxdur, niyə çıxıb oxuyur ki? Cavab verdim ki, o adam oxuya bilmədiyini bilmir və ona görə də oxuyur.

– Ötən əsrin səksəninci illərində efirə buraxılmayan, qəbul olunmayan sənətçilərdən biri də siz idiniz. Bəlkə sizin indi bəyənmədiklərinizdən də gələcəkdə yaxşı ifaçılar yetişə bilər?

– Təbii ki, ola bilər. Mən 1980-ci ildə oxuduğum mövzuları albom şəklində verərəm, dinləyərsiniz. O musiqilər indi klassik musiqi kimi təqdim edilir.

– Ancaq zamanında səviyyə çox yüksək olduğu üçün sizin ifa etdikləriniz qəbul edilmirdi…

– Bəli, doğru qeyd etdiniz. O səbəbdən də mənim ifalarım bayağı sayılırdı. İndi görün ki, biz nə qədər aşağı getmişik. İyirmi yeddi yaşımda oxumuşdum:

Ey ana yurdumun gözəl qızları,
Şölə tək parlayan dan ulduzları,
Dinləyin, nəsihət işıqlı yoldur,
Bəlkə bir zaman gərəyiniz oldu.

Aldanıb həyatda nazu-nemətə,
Şahmarın qoynuna atılmayın siz.
Heç vaxt dönük çıxıb saf məhəbbətə,
Ad-sana, şöhrətə satılmayın siz.

Mən burada qızlıq şərəfinin ən ülvi nemət kimi qorunmasını təbliğ etmişəm. Bunları oxuyurdum ki, övladlarınıza tərbiyə verin. Bunu 1983-cü ildə oxumuşam. İndiki vəziyyətimizə baxın da.

– Sənət aləmimizin də təbii ki, böyük adları, ağsaqqalları var. Sizcə konkret kimlər hazırki durumla bağlı həyəcan təbili çalmalı, oxuya bilməyənləri qınamalıdırlar?

– Bizim klassik musiqilərimizin başında duran insanlar var. Bura bəstəkarların yazdığı əsərlər daxildir. Eyni zamanda klassik muğamlarımızın gözəl biliciləri və ifaçıları var.

– Məsələn?

– Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Mənsum İbrahimov, Alim Qasımovun adını çəkə bilərəm.

– Sizcə, Alim Qasımovun ifa etdiyi klassik muğamdır? Çünki zamanında onun özünü də qəbul etmirdilər…

– Hər halda o muğama bir dinamika, fərqlilik gətirdi. Əvvəlcə qəbul olunmadı, sonradan deyərdim ki, qəbul etdilər. Adını çəkdiyim sənətkarlar mütləq danışmalı, tənqidi fikirlər səsləndirməlidirlər. Teymur Mustafayevin adını çəkmək yadımdan çıxmışdı. Teymur əmi heç vaxt danışmır, suallardan yan keçir, özlərini pis eləmək istəmirlər. Allah Habil Əliyevə rəhmət eləsin, məkanı cənnət olsun. O, vuruşa-vuruşa, bağıra-bağıra bu dünyadan getdi. Musiqimizin ən böyük təəssübkeşi idi.

– Yəqin ki, xatırlayırsınız. Təxminən bir il öncə adını çəkdiyiniz sənətkarlar iki qrupa bölünərək, əks cəbhələrə, hətta deyərdim ki, düşmənə çevrildilər.

– Mən bunu sizdən eşidirəm.

– Sizcə belə şeylərdən sonra sənətkarlar gəncləri tənqid etsələr, öyüd-nəsihət verməyə qalxsalar, gənclər irad tutmazlar ki, axı siz özünüz bir-birinizlə yola getmirsiniz? Orada əsas məsələ bölgələrlə bağlı idi…

– Haralı sözünü gətirmə dilə,
O bir ləkə deyilmi böyük bir elə?
Xalqımın birliyin siz bilə-bilə,
Onu parçalayıb, yüz ayırmayın.

Elə musiqidə ayırırsınızsa, bu da ayrı-seçkilikdir. O gün bir verilişdə dediyim sözü montajda kəsmişdilər. Xanəndə sayılmasam da, muğamlar, dəstgahlar, xalq musiqiləri, bəstəkar mahnıları da oxuya bilirəm. Mən deyərdim ki, Azərbaycan musiqisində bir muğam məktəbi var. O da Təbriz muğam məktəbidir. İstərdim ki, gedib bunu araşdırasınız. Təbriz muğam məktəbini tarixin qaranlıq səhifəsinə atıblar.

– Qarabağ muğam məktəbi yoxdur?

– Orada məktəb yoxdur, ləhcə var. Muğamlarımızda ləhcələr mövcuddur. Biri deyir Şirvan məktəbiyəm, Bakı, Qarabağ məktəbiyəm. Yaxşı, mən Cəlilabaddanam. Sabir Mirzəyev, Teymur Mustafayev, mən, Sabir Əliyev, Qədir Qızılsəs, Yusif Mustafayev də cəlilabadlıdır. Bəs biz hansı məktəbin adamlarıyıq?

– Yəni, siz Təbriz məktəbisiniz…

– Təbriz məktəbi sayılırıqsa, deməli, düzgün məktəbdəyik də. Mən də çıxıb bunu deyə bilərəm. Təbriz məktəbi bizim muğam məktəbinin bünövrəsidir.

– Bəs Qarabağ, Bakı, Şirvan məktəbləri nədir?

– Onlar məktəb deyil, sadəcə, yoldur. Məsələn, Şirvan zonasında muğam məktəbiylə aşıq məktəbinin sintezi var.

– Düşünmürsünüz ki, bu açıqlamanız Qarabağ, Bakı, Şirvan məktəbinin nümayəndələrinin etirazına səbəb olar?

– Araşdırsınlar, qurban olum, sözümün arxasındayam. Deyə bilərlər ki, Təbriz bizdə deyil. Ancaq Təbriz bizim tariximizdir və tarixi danmaq olmaz. Allah Üzeyir Hacıbəyliyə rəhmət eləsin. O, Azərbaycan musiqisini Avropaya çıxartmaq üçün yarımpərdələrdə dəyişiklik edib, yazdığı operalarla musiqimizi dünyaya, Avropaya çıxardıb.

– Üç-dörd ən bəyəndiyiniz gənc sənətçinin adını çəkə bilərsinizmi?

– Muğamda Ehtiram Hüseynovu çox bəyənirəm. Zakir Əliyevə də qulaq asa bilirəm. Estradadan Sevda Ələkbərzadəni, Natəvan Həbibini dinləyirəm.

– Röyanı dinləyirsinizmi?

– Röyanın səsi fərqli, toxunan səsdir, yaddaqalandır. Ancaq səsdə monotonluq var, diapazon yoxdur. Sevə-sevə iki-üç mahnısına qulaq asaram, sonra yorularam.

– Bəs bəyənmədikləriniz?

– Elələrinin sayı o qədər çoxdur ki. Bir-ikisinin adını çəkərəm, digərlərinin xətrinə dəyər (gülür).

– Elə ifaçılarla bir məclisə düşürsünüzmü?

– Şükür Allaha, elə sənətçilərlə bir məclisə çağırmırlar. Dəvət etsələr, elələrinin lazımınca cavabını verərəm və verilməlidir də.

– Heç təcrübəli həmkarlarınızı bundan öncə birliyə çağırmısınızmı?

– Efirdən demişəm.

– Reaksiya?

– Deyiblər ki, nəsə etmək lazımdır. Ancaq sonradan gəlməyiblər. Bəlkə də vaxtları olmayıb. İşi çox ciddiyə alsaydıq, bəlkə də olardı.

– Belə açıq danışmaq sonra sizə problem yaratmır ki?

– Bəli, yaradır.

– Yeri gəlmişkən, bir neçə gün öncə teleaparıcı Lamiyyə Ələkbərqızının sizi YAP- ın tədbirinə dəvət etdiyini və orada baş verənləri açıqlamışdınız. İstərdim bu barədə daha ətraflı danışasınız.

– Partiyanın təşkil etdiyi konsertə dəvət edilmişdim. Oğlumla getdik, dörd saat gözlədik və konsert bitdi, mən oxumadım. Sonradan Lamiyyə Ələkbərqızı YAP-ın icra katibinin müavini Siyavuş Novruzova deyib ki, Ağadadaş Ağayev gəlməmişdi.

– Sonradan partiya funksioneri ilə əlaqə saxladınızmı?

– Bəli, geniş danışdıq. Konsert “Sahil” bağındaydı. Yanımda Sevil-Sevinc bacıları, Xumar Qədimova, Faiq Ağayev, Vasif Məhərrəmli də var idi. Konseti Bilal Əliyev açdı, dörd saatdan sonra deyiblər ki, beş-altı musiqi nömrəsindən sonra konserti siz bağlayacaqsınız.

– Bunu sizə kim demişdi?

– Lamiyyə oğluma demişdi. Oğlum da tez-tez gedib gəlir ki, konsert nə zaman yekunlaşır. Bir də gördüm ki, aparıcı Nəsib Nur konserti yekunlaşdırdı. Lamiyyəni yığıram, götürmür. Aprelin 11-dən bu günə qədər zənglərimə cavab vermir. Axı etdiyin hərəkərə görə cavab verməlisən. Lamiyyə, sənin atan yaşında adamam. Mənə qarşı mədəniyyətsizlik (əslində, başqa söz deyir-İ.V.) etmisən, ikincisi hələ məni “baqaj”a da qoyub deyirsən ki, Ağadadaş gəlmədi.

– Sizcə əgər bu qərəzdirsə, hansı səbəbdən qaynaqlana bilər?

– Məsələni araşdıracağam, sonra açıqlama verəcəyəm. Siyavuş müəllimlə görüşəndən sonra qərar verəcəyəm. O da mənə dedi ki, mənə belə məlumat verənlər barədə ölçü götürəcəyəm.

İntiqam VALEHOĞLU

BIR CAVAB BURAXIN