“İlqar Məmmədov xəyanətkar bir sənədə qol çəkib”

0
671

İlqar Məmmədov nəinki Azərbaycan iqtidarına, mövcud olan partiyaların heç birinə rəqib deyil”. 

Bunu ADP sədri Sərdar Cəlaloğlu musavat.com-a açıqlamasında deyib. İctimai fəal Bəxtiyar Hacıyevin REAL Partiyasının sədri İlqar Məmmədovu hakimiyyətə əsas müxalif rəqib kimi göstərməsinə münasibət bildirən S. Cəlaloğlu bunun doğru olmadığını qeyd edib. Partiya sədri bildirir ki, bir qüvvənin lider, olması üçün öncəliklə həmin qüvvənin liderinin şəxsi keyfiyyətləri, qabiliyyəti olmalıdır: “Ardınca da həmin qüvvənin gücü, potensialı gəlir. Onu hamımız yaxşı tanıyırıq. Bir müddət Etibar Məmmədovun yanında oldu. Orada da Əli Əliyev və digər şəxslərlə müqayisədə söz sahibi olmayan, arxa planda olan şəxs olub. AMİP-in özündə belə İlqar Məmmədov tanınmırdı. Bu partiyadan çıxandan sonra Amerika səfirliyində işlədi.

Ondan sonra bir QHT yaratdı və orada da Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib. Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Bir-birimizin üzünə baxdıq. Açığı şübhələndim ki, İsa Qəmbər, yaxud Əli Kərimli sənəd imzalayıb.

Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri də İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi, yəni belə bir sənədə qol çəkdiyini. İqtidara alternativ deyilən İlqar Məmmədov bu qədər irəli gedib. Onun təşkilatının 200-300 nəfər üzvü olar, ya olmaz. Əgər həbsxanada yatmaq iqtidara əsas alternativ olmaq deməkdirsə, İsa Qəmbər, Əli Kərimli, İqbal Ağazadə, Pənah Hüseyn, Arif Hacılı və mən də həbsxana həyatı yaşamışam, hətta elələri var ki, 2-3 dəfə həbsxanaya düşüblər. Onun qətiyyən iqtidara alternativliyi yoxdur. Şəxsi keyfiyyətləri ona ölkənin birinci şəxsi olmağa imkan vermir. Bu gün ölkənin bütün müxalifəti bir yerdə olsa belə, ölkəni idarə etmək üçün hakimiyyətə alternativlik ortaya qoya bilməz. Bu, çılpaq bir gerçəklikdir. Bəxtiyar kimi şəxslərin belə fikirlər səsləndirmələri boş şeylərdir. Onu azad etdirmək üçün belə fikirlər də önə sürə bilərlər. Yəni Avropada bu fikri formalaşdırmaq istəyərlər ki, İlqar hakimiyyətə əsas alternativ görünsün, azadlığını tələb edənlər artsınlar”.

BIR CAVAB BURAXIN