Mədəniyyət və Turizm nazirliyinin və ya Nazirlər kabinetinin suvenir qadağası nəyə xidmət edir ?  

0
1153

Son illərdə Azərbaycana xaricdən  gələn turistlərin sayı durmadan artmaqda davam edir. Eyni zamanda ölkəmizdən xaricə gedənlərin saylarında da artım müşahidə olunmaqdadır. Təbii ki, istər respublikamıza gələnlər, istərsə də xaricə gedən soydaşlarımız özləri ilə  Azərbaycan haqqında müəyyən təsəvvürlər oyadan, ölkəmizin təbliğinə xidmət edən milli suvenirlər aparmağa üstünlük verirlər. Bəzən diqqətlə seçilən suvenir xaricdə respublikamız haqqında bir kitabın verdiyi  məlumatdan daha aydın təsəvvür oyadır. Təsadüfü deyil ki, ölkə rəhbərliyi səviyyəsində də  bu önəmli məsələ diqqət mərkəzində  saxlanılır. Amma təəssüflər olsun ki, respublikamızın beynəlxalq aləmdə tanınmasına və təbliğ edilməsinə xidmət edən  milli suvenirlərimizə qeyri-normal yanaşma  meylləri mövcuddur. Bunu  milli suvenirlərimizlə bağlı başımıza gələn xoşagəlməz hadisə də bir daha sübut etdi. Belə ki, İsveçdə yaşayan tanışımız  yerli dostları arasında ölkəmizə böyük marağın olduğunu söyləyərək  respublikamızı xaricdə təbliğ etmək üçün Azərbaycandan ona tariximizə, mədəniyyətimizə aid milli suvenirlər göndərməyi xahiş etdi. Onun xahişinə əməl etmək üçün Sədərək bazarına üz tutduq. Xeyli gəzdikdən sonra nə üçünsə yerli müəssisələrimizdə deyil, Çində sifarişlə hazırlanaraq respublikamıza gətirilən və üzərində Qız qalasının, Alov qüllələrinin və digər tarixi abidələrimizın rəsmi olan 6 ədəd nimçə (bir ədədi 13-14 manatdan) aldıq. Elə bildik ki, bununla tanışımızın xahişini yerinə yetirmişik. Nə isə 6 ədəd nimçəni qablaşdıraraq getdik Mərkəzi poçta. Lakin orada bağlamanı qəbul etməkdən imtina etdilər. Buna səbəb kimi isə xaricə göndərmək istədiyimiz suvenir nimçələrin guya qiymətli sənət incisi ola biləcəyini göstərdilər. Dedilər ki, ancaq İncəsənət muzeyi müvafiq icazə kağızı verəndən sonra bağlamanı qəbul edə bilərik. Məsələyə aydınlıq gətirmək üçün Mədəniyyyət və Turizm nazirliyinin Turizm şöbəsinə (012 497 31 19) zəng vurduq. Şöbənin özünü bizə Mahir Qəhrəmanov kimi təqdim edən  əməkdaşına məsələni izah etdik. O isə bildirdi ki, onun suvenirin xaricə çıxarılması üçün hansısa icazə alınması məsələsindən xəbəri yoxdur. Mahir müəllimin sözlərnə görə, xüsusi icazə yalnız respublikamızdan xaricə aparılan samovar və  xalça üçündür: “Amma ola bilsin ki, milli suvenirlərin poçtla xaricə göndərilməsinə icazənin İncəsənət muzeyi tərəfindən verilməsi və bu zaman müəyyən haqq ödənilməsi qiymətli sənət əsərlərinin xaricə çıxarılmasının qarşısının alınması üçündür”.

Nazirliyin əməkdaşından bizi qane edən cavab ala bilmədiyimizdən üz tutduq İncəsənət muzeyinə. Araşdırmamız zamanı məlum oldu ki, İncəsənət muzeyində həftədə bir dəfə xüsusi komissiya üçüncü gün saat 15-dən 16.30-a kimi xaricə aparılması və ya göndərilməsi nəzərdə tutulan milli suvenirləri və digər  əşyaları yoxlayaraq bununla bağlı müvafiq qərar qəbul edir. Özü də bu zaman xaricə göndərilməsi və ya aparılması nəzərdə tutulan  suvenirin 3 ədəd şəkli , şəxsiyyət vəsiqəsinin  surəti tələb olunur. Bir ədəd suvenir üçünsə minimim qiymət 15 manat  ödənilməlidir.
Biz İncəsənət muzeyində olarkən böyük bir növbə yaranmışdı. Nə isə içəri daxil olaraq xaricə göndərmək istədiyimiz 6 ədəd suveniri komissiya üzvlərinə  göstərdik. Dedilər ki, bunun bir ədədi üçün 15 manat ödəməlisiniz. Dedik ki, Çin istehsalı olan suvenirin birinə 13-14 manat ödəmişik,  bu da onun qaiməsi. Dedilər ki, yox, bizdə qiymət belədir. Naəlac qalıb ölkə rəhbərliyi səviyyəsində ölkəmizin xaricdə tanınmasına, təbliğinə, turizmin daha da inkişaf etdirilməsinə xidmət edən milli suvenir məsələsinin diqqət mərkəzində saxlanıldığını xatırlatmalı olduq, eyni zamanda jurnalist olduğumuzu söylədik. Yalnız bundan sonra dedilər ki, qiymətli sənət əsərlərinin suvenir adı altında xaricə çıxarılmasının qarşısının alınması üçün Nazirlər kabineti səviyyəsində belə bir qərar qəbul olunub və bu məsələyə nəzarət etmək də İncəsənət muzeyinə tapşırılıb. Nə isə belə demək mümkünsə bizə hörmət edərək hər nimçə üçün 15 manat almadılar. 6 ədəd nimçəni 1 dəst kimi qeyd etdilər və  yalnız 15 manat ödəməli olduq. Pulu ödədik və bundan sonra bizə dedilər ki, 4 gün sonra, həftənin birinci gün saat 5-də gəlin və müvafiq icazə kağızını aparın.
Bir suvenirin xaricə göndərilməsi üçün demək olar İncəsənət muzeyinin qarşısında azı 2-3 saat vaxt itirdik və üstəlik müvafiq icazə kağızı üçün 4 gün gözləməli olduq. Maraqlıdır, Azərbaycana xaricdən turist axınının durmadan artdığ bir vaxtda ölkəmizə gələn xarici turistlər milli suvenirlərimizi ölkələrinə aparmaq üçün İncəsənət muzeyindən niyə icazə almalıdırlar ki? Xairci turist buraya dincəlməyə gəlir. O  adi bir suvenirə görə nə üçün İncəsənət muzeyinə gələrək vaxt itirməli və üstəlik müvafiq icazə üçün 3-4 gün gözləməlidir? Buna onun imkanı da yoxdur. Adı bir milli suvenirin ölkə xaricinə çıxarılması üçün tətbiq edilən  belə bir qadağa xarici turistlərdə ölkəmiz haqqında mənfi rəy formalaşdıra, onları növbəti dəfə buraya gəlməməyə sövq edə bilər. Bu isə ölkə rəhbərliyi, o cümlədən Mədəniyyət və Turizm nazirliyi səviyyəsində respublikamızda turizimin inkişafı və ölkəmizin xaricdə daha yaxından tanıdılması və təbliği məqsədi ilə həyata keçirilən tədbirlərlə ziddiyyət təşkil edir.  Digər tərəfdən də nə üçün suvenir üçün komissiya tərəfindən müəyyən edilən haqq banka deyil, muzeyin özünə ödənilməlidir? 
Yeri gəlmişkən xatırladaq ki, vergilər nazirliyi şırkət və təşkilatlara nağdlaşdırma yolu ilə əməliyyatlar aparılmasını qadağan edib. Yəni bu tip bütün əməliyyatlar bank vasətəsi ilə aparılmalıdır. Ancaq belə başa düşmək olar ki, Mədəniyyət və Turizm nazirliyi dövlət büdcəsi üçün önəmli olan bu qadağaya  məhəl qoymur və ya onlar bundan xəbərsizdirlər. Bu da  İncəsənət muzeyi tərəfindən həyata keçirilən suvenir əməliyyatlarında bankomatlardan istifadə edilməməsinin arxasında hansısa  oyunların ola biləcəyi barədə istər-istəməz insanda şübhə oyadır.
Nəhayət əgər həqiqətən də belə bir qərar  Nazirlər kabineti səviyyəsində qəbul edilibsə, onda ona yenidən baxılmasına, adi suvenirlə qiymətli sənət əşyası arasında dəqiqləşdirmənin aparılmasına ehtiyac var. Əks halda adi bir suvenirin xaricə aparılması və ya göndərilməsi ilə bağlı belə bir  qadağanın qalması respublikamıza turist axını yolunda ciddi əngələ çevriləcək, həm də milli suvenirlərimiz vasitəsi ilə ölkəmizin xaricdə tanıdılması və təbliğ edilməsi məqsədi ilə həyata keçirilən tədbirləri şübhə altına alacaq.
Bütün hallarda ümid etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi məsələni araşdıraraq problemin aradan qaldırılması üçün müvafiq addımlar atacaq.
Mediainfo.az
 

BIR CAVAB BURAXIN