Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri 3. Yazı

0
868
 AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Azərbaycan xalqının fəlsəfə tarixində nəzərə alınmalı mühüm məqamlardan biri çar Rusiyası, Sovetlər Birliyi, Pəhləvilər və “İran İslam” dövrlərinə aid məsələlərdən bəhs edərkən “dövrün şərtləri belə idi” prizmasını də nəzərə almaqla yanaşı, onu mütləqləşdirmək də doğru deyildir. Demək istədiyimiz odur ki, dövrün şərtlərini nəzərə almaqla yanaşı hər bir mütəfəkkirin fəlsəfi dünyagörüşlərində kim hansı mövqe tutubsa onu da olduğu kimi yazmaq, şərh etmək lazmdır. Əks təqdirdə Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixinə obyektiv yanaşma söz olaraq qala bilər. Bizim burada əsas məqsədimiz nə o dövrün şərtlərinə görə nəticə çıxarmaq, nə də indiki zəmannin şərtləri altında mülahizələr yürütmək olmamalıdır. Bizcə, bir xalqın tarixini ya da fəlsəfə tarixini yazarkən göz önündə tutulmalı olan başlıca məsələ onun milli, dini və bəşəri ruhunun uzlaşdırılmış şəkildə, cəmiyyətə çatdırılması qabiliyyətidir. Başqa sözlə, müstəmləklə və azad məmləkətdə yaşamaqdan, eyni zamanda milli və beynəlmiləl, milli və dini ideyalardan hər hansının təsiri altında olmasına baxmayaraq bir tarixçi ya da fəlsəfə tarixçisi ilk növbədə, millətinin tarixini ya da fəlsəfə tarixini yazdığını bir an olsun unutmamalıdır. Çünki bir toplumu var edən öncə onun milli, daha sonra dini və bəşəri kimliyidir. Yeri gəlmişkən, tədqiqatımızla birbaşa bağlı olan 19-20-ci əsrlərdə Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixini ümumi kontekstdə ilk yazanların başında akademik Heydər Hüseynov gəlir ki, onun dünyagörüşü də yuxarıda qeyd etdiyimiz problemlərdən xali olmamışdır. Sovetlər Birliyi dövründə yaşamış H.Hüseynov, 1949-cı ildə işıq üzü görmüş “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsərində Azərbaycan türk mütəfəkkirlərindən A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, Mirzə Kazım bəy, H.Zərdabinin dünyagörüşlərini hərtərəfli şəkildə tədqiq etməklə yanaşı, dövrün şərtləri altında onların türk və islami kimliyini deyil, antitürk Sovet ideologiyasına uyğun olaraq daha çox mələz bir “Azərbaycan” kimliyini, üstəlik də bolşevizm ideologiyasına uyğun olaraq da “ateist”, “materialist” dünyagörüşlü kimliklərini ön plana çıxarmağa çalışmışdır. Sovetlər Birlyi dövründə H.Hüseynovla başlayan “Azərbaycan fəlsəfəsi tarixi”ni bu yöndə yazmaq ənənəsini davam etdirən Ziyəddin Göyüşov da Azərbaycanın “sovetləşməsi”ndən sonrakı dövrə aid yazdığı «Sovet Azərbaycanında fəlsəfi fikir» (1979) kitabında fəlsəfə tariximizi araşdırarkən eyni müddəalardan çıxış etmişdir. Həmin dövrdə “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” (1966) adlı ümumi icmal halında kollektiv yaradıcılığın məhsulu olan, qədim dövrlərdən 18-ci əsrdə daxil olmaqla fəlsəfə tarximizdən bəhs olunan kitabda da “sovet ənənəsi” pozulmamışdır. Bir sözlə, bu kitabları oxuduqda əsasən məlum olmur ki, “Azərbaycan fəlsəfə tarixi” adı altında hansı xalqın fəlsəfə tarixi yazılmışdır. Ancaq Sovetlər Birliyi dağılıb Azərbaycan Respublikası müstəqilyini yenidən bərpa etdikdən sonra digər sahələrdə (tarix, ədəbiyyat, dil, mədəniyyət və s.) olduğu kimi, fəlsəfə tariximiz sahəsində də nisbətən Qərb-Sovet ideoloqlarının uydurduqları naməlum ya da mələz “Azərbaycan” kimlikli deyil, məhz Türk kimliyi mahiyyətinə uyğun olaraq kitablar, dissertasiyalar yazılmağa başladı. Belə kitablardan biri də, AMEA-nın müxbir üzvü, f.e.d. Zakir Məmmədovun qələmə aldığı qədim dövrlərdən 19-cu əsr də daxil omaqla böyük bir dövrü əhatə edən “Azərbaycan fəlsəfəsi tarixi” (1994) kitabıdır. Yalnız bu kitabda nisbətən mələz bir “Azərbaycan” xalqının deyil, türk nüvəli Azərbaycan xalqına aid fəlsəfə tarixinin öz əksini tapdığını görə bilərik. Eyni zamanda, insaf naminə deməliyik ki, “Azərbaycan fəlsəfə tarixi”nin son dövrünü, yəni 19-20-ci əsrləri özündə müəyyən qədər əhatə edən kitablardan birinin müəllifi olan prof. Ağayar Şükürov da, öz əsərində nisbətən türk nüvəli Azərbaycan xalqının fəlsəfə tarixini əks etdirməyə çalışmışdır. Ancaq ümumilkdə “Fəlsəfə” ya da “Fəlsəfənin əsasları” kitablarının əkəsiyyətində milli fəlsəfədən bəhs olunarkən çox zaman məlum olmur ki, burada konkret hansı xalqın fəlsəfəsindən ya da fəlsəfə tarixindən bəhs olunur. Daha doğrusu, bu kimi kitablardan belə bir nəticə çıxarmaq olur ki, “Azərbaycan fəlsəfə tarixi”adı altında xaotik ya da mələz bir fəlsəfə tarixi şüurlara yeridilir. Hər halda müstəqilliyimizin bərpasında sonra akademik şəkildə “Azərbaycan fəlsəfə tarixi”nin ən qədim dövrlərdən 18-ci əsrdə daxil olmaqla böyük bir dövrünü əhatə edən 4 cildliyinin ilk iki cildi nəşr olunub ki (“Azərbaycan fəlsəfə tarixi”nin XIX-XX əsrlərini əhatə etməli olan 3-4-cü cildlər isə hələlik, işıq üzü görməmişdir), bu kitabları oxuduqda burada konkret bir deyil, bir neçə xalqın fəlsəfəsindən bəhs olunması açıq şəkildə ifadə edilmişdir. Bu baxımdan “Azərbaycan fəlsəfə tarixi”nin ilk iki cildində razılaşmadığımız əsas məqamlardan biri, Azərbaycan xalqının mələz bir xalq kimi qələmə verilib “Azərbaycan fəlsəfəsi”ni də həmin mələz xalqın məhsulu kimi dəyərləndirilməsidir: “…Azərbaycan fəlsəfəsi dedikdə əsas etibarilə Azərbaycanda məskunlaşmış qafqazdilli, türkdilli, irandilli və s. etnosların üzvi birləşməsi zəminində formalaşmış Azərbaycan etrnosunun (xalqının) fəlsəfi görüşləri nəzərdə tutulur. Azərbaycan xalqının fəlsəfəsi vö bütövlükdə mədəniyyəti etnik kökləri sayəsində tarixən qafqazdilli, türkdilli, irandilli mədəni bölgələrin mədəni ənənələri ilə əlaqədar olmaqla yanaşı eyni zamanda onların müəyyən mənada davamı olmuşdur”. Hesab edirik ki, “Azərbaycan fəlsəfə tarixi” adlı kitabda çar Rusiyası-Sovet Rusiyası-Avropa ənənəsinin davamı olaraq, Azərbaycan türk xalqını üç ayrı-ayrı etnik qruplardan törəmiş mələz bir xalq kimi təqdim edib, “Azərbaycan fəlsəfəsi”ni də həmin mələz xalqın adına yazmaq birmənalı şəkildə yolverilməzdir. Yuxarıda da qeyd etdiyimiz kimi, “Azərbaycan” ideyası ya da “Azərbaycan məsələsi” Türklüyün eyniyyəti kimi meydana çıxmışdır, qafqazdilliliyin ya da irandilliyin yox. Bu anlamda “Azərbaycan etnosu” ya da “Azərbaycan xalqı” anlayışları istər tarixi-coğrafi, istərsə də elmi-mədəni anlamda Türklüklə, Türk kimliyi ilə bağlıdır. Başqa sözlə, Azərbaycan Türk mədəniyyətinə, Azərbaycan Türk fəlsəfəsinə, Azərbaycan türk tarixinə mənsubluqla qafqazdilliliyi, irandilliliyi, ərəbdilliliyi, rusdilliliyi qarışdırmaq doğru deyildir. Çünki biz tarixən də bu gündə “Azərbaycan” adlı istənilən dəyərin (fəlsəfi, tarixi, mədəni, iqtisadi, siyasi və s.) ilk növbədə, türklüklə, Türk-Oğuz ya da Türk-Qıpçaq kimliyi ilə bağlı olduğunu öz adımız kimi dəqiq bilirik. Ona görə də, bizim üçün “Azərbaycan fəlsəfəsi”, “Azərbaycan tarixi”, “Azərbaycan mədəniyyəti”nin sinonimi ya da eyniyyəti Türklüklə əlaqədardır. Bir sözlə, bizim üçün yalnız doğma Türk dilində deyil, eyni zamanda digər dillərdə də yazıb yaratmış Dədə Qorqud, Bəhmənyar, Baba Kuhi, Nizami Gəncəvi, Xaqani, E.Miyanəci, Qul Əli, N.Tusi, Nəimi, Nəsimi, Füzuli, M.Şəbüstəri, Ş.İ.Xətayi, Təbrizli Rəcəbəli, Saib Təbrizi, Y.Qarabaği, A.A.Bakıxanov, C.Əfqani, H.Zərdabi, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, H.Hüseynov, S.C.Pişəvəri, M.Şəhriyar, Cavad Heyət və başqa mütəfəkkirlərimizin hər biri Azərbaycan Türk fəlsəfəsinin təmsilçiləridirlər. Bu baxımdan bildririk ki, milli tariximiz, milli fəlsəfəmiz, milli ədəbiyyatımız, milli dil tariximiz, milli mədəniyyətimiz yazılarkən burada Türk kimliyi gözardı edilməməlidir. Məsələn, milli fəlsəfi tariximiz yazılarkən “Azərbaycan fəlsəfə tarixi” deyil “Azərbaycan Yürk fəlsəfə tarixi” ya da ən azı “Azərbaycan xalqının fəlsəfə tarixi” anlayışı önə çəkilməli, bu anlamda yalnız Şimali Azərbaycan xalqının deyil, Güney Azərbaycan da daxil olmaqla vahid Azərbaycan Türk xalqının fəlsəfə tarixi ələ alınmalıdır. Bu zamanda özündən əvvəlki fəlsəfə tarixinin davamı kimi, Azərbaycan türk ziyalılarının fəlsəfi düşüncədə ortaya qoyduqları mənəvi-zehni əmək qeyd olunmalıdır. Başqa sözlə, qeyri-müəyyən ya da “mələz” bir xalqın fəlsəfi düşüncəsi deyil, konkret olaraq Azərbaycan türk xalqının fəlsəfi düşüncə tarixi yazılmalıdır. Təbii ki, tarix boyu Azərbaycan türkləri ilə yanaşı azsaylı etnik qrupların nümayəndələri arasında da müəyyən fəlsəfi fikir payı sahibləri olubsa, həmin kitablarda yer almalıdır. Ancaq bütövlükdə Azərbaycan xalqının fəlsəfəsi dedikdə, əsasən Azərbaycan türk mütəfəkkirlərinin fəlsəfi düşüncələri diqqətə çatdırılmalıdır. Çox yazıqlar olsun ki, əski dövr və orta çağ Azərbaycan türk fəlsəfə tarixinə həsr olunmuş kitablarda, dissertasiyalarda deyil, eyni zamanda 19-cu əsr, həm də 20-ci əsr Azərbaycan türk fəlsəfə tarixinə aid əsərlərdə də bu cür ciddi nöqsanalara rast gəlmək mümkündür. Başqa sözlə, 19-20-ci əsrlərdə milli fəlsəfə tariximizlə bağlı ayrı-ayrı dövrləri, mütəfəkkirləri həm “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin (bu yaxınlara qədər həmin şöbə “Fəlsəfə və ictimai fikir tarixi” adlanırdı) əməkdaşları, həm də digər tədqiqatçılar işləmişdilər ki, yuxarıda qeyd etdiyimiz ümumi nöqsanlar burada da vardır. Hər halda bu bir həqiqətdir ki, istər “Azərbaycan fəlsəfə tarixi” adlı kitablarda, istərsə də bu məsələyə həsr olunmuş digər tədqiqat işlərində milli fəlsəfə tarixindən çox qeyri-milli ya da kosmopolit fəlsəfə tarixi öz əksini tapmışdır.

 

BIR CAVAB BURAXIN