Mart soyqırımında Maştağa müqavimət hərəkatı

0
1650

31 mart 1918-ci il soyqırımından 100 il ötür. Ermənilərin məskunlaşdıqları ərazilərdə yerli türk əhaliyə qarşı törətdikləri qətliam 20-ci əsrin tarixində böyük ləkə kimi qalmaqdadır.

Çar Rusiyasını süquta uğradandan sonra bolşeviklər Qafqazda milli dövlətlərin yaradılması prosesini əngəlləmək, ərazinin mahiyyətini deyil, adını dəyişən imperiyanın təsir dairəsindən çıxmasının qarşısını almaq üçün hərbi planlarını işə salmışdılar. İlk sırada milli qüvvələri zəiflətmək, etnik münaqişələr yaratmaqla daxili təlatümləri artırmaq taktikası seçilmişdi. Bu məsələdə bolşevik ordusunun “sağ əli” erməni daşnakları idi.

“Dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayan ermənilər Kremllə danışıqlara gedərək Azərbaycan ərazilərinə nəzarət razılığını almışdılar. Sahiblənmək xülyasında olduqları ərazilərin qarşılığında daşnaklar bolşeviklərə terror və etnik təmizləmə siyasəti aparmaqda yardım etməliydilər. 1918-ci ilin ilk aylarından erməni hərbi birləşmələri Bakı, Şamaxı, Naxçıvan, Quba, Lənkəran, Qarabağ, Zəngəzur mahallarında iğtişaşlar yaradır, dinc əhaliyə divan tuturdular.

1918-ci il martın 31-də bolşevik daşnak dəstələrinin Bakıda törətdiyi soyqırım haqqında bilgilər 70 il kommunist rejim tərəfindən gizlədilsə də Azərbaycanı müstəqilliyi bərpa edildikdən sonra ermənilərin türklərə qarşı ən amansız hərəkətlərindən biri kimi öz tarixi qiymətini ala bildi.

Həmin qanlı-qadalı günlərdən təxminən 2 ay sonra Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləcəkdi, yerli özünümüdafiə dəstələrinin cəlb edilməsi ilə Azərbaycan parlamenti iyun ayının 26-da Milli Ordu yaradılmasını qərara alacaqdı.

Yeni yaranan milli hökumətin silah və təchizat sarıdan ciddi sıxıntı yaşayan ordusu ölkəni bürüyən erməni vandalizminin qarşısını almaqda çətinlik çəkirdi. Kremlin silahlandırdığı nizami bolşevik-daşnak qüvvələri Azərbaycanın qana boyamaq üçün kütləvi terroru davam etdirir, kəndləri yandırır, əhalini qətlə yetirirdi. Azərbaycan Xalq Cümhuriyyəti yaranmış kritik məqamda doğru addım ataraq yardım üçün qardaş türk ordusuna müraciət etdi.

Həmin dönəmdə Osmanlı dövləti Qafqaz İslam Ordusunu yaradaraq Azərbaycana göndərmək qərarı alana qədər dinc əhalini yerli özünümüdafiə dəstələri qoruyurdu.

31 mart tarixə soyqırım günü kimi düşsə də əslində erməni basqınları qısa fasilələrlə bir neçə ay davam edib, təkcə Bakının mərkəzində deyil, ətraf kəndlərdə də amansız döyüşlər olub. Kommunist rejimi “qardaşlıq” prinsipini əsas gətirərək həmin tarixlə bağlı bütün izləri silməyə çalışsa da, xalqın yaddaşı gerçəyi qoruyub.

1918-ci ildə bolşevik-daşnak qüvvələrinin daha bir planı Maştağa kəndini ələ keçirmək idi. Mərkəzdən Zabrat Qəsəbəsinə qədər davam edən döyüşlərdə minlərlə türkü qanına qəltan edən, yaşayış məntəqələrini yandıran, maddi-mədəniyyət abidələrini məhv edən ermənilər Maştağa kəndinin girəcəyində – Bəndüstü adlanan ərazidə güclü müqavimətə rast gəlir. Müqavimətə Bakı qoçuları rəhbərlik edirdi. Onlardan biri maştağalı qoçu Nəcəfqulu olub. Onun adı Bakının mərkəzində – Kömürçü meydanındakı güclü müqavimətin təşkilatçıları sırasında da çəkilir. Türk əhalini qılıncdan keçirən daşnakların qənimi Nəcəfqulu və dəstəsi Maştağa kəndində də ermənilərin qarşısını kəsərək müqavimətlərini qıra bilir.

Həmin dönəmdə Maştağada hər məhəllənin ayrı qoçusu olub. Bəndüstündə erməni bilərşmələrinin irəliləməsinin qarşısını almağa Xunxar məhəlləsinin qoçusu Məşədi Cəbrayıl, Keçənlər məhəlləsinin qoçusu Əziz, Seyidlər məhəlləsindən isə Seyid Hacının uşaqları güclü dəstək verir. Qoçular kənd əhalisini, səfərbər edib, silahlandırıb, ermənilərin kəndə daxil olmasının qarşısını alır. Kəndin sayılıb-seçilən insanlarından Mir İbrahim ağa da müdafiə tədbirlərinə güclü dəstək verir. Qoçu Əzizin evini qərargaha çevirən qoçular qısa zamanda erməni birləşmələrinə sarsıdıcı zərbə endirməyi başarır.

Əhallinin təhlükəsizliyini təmin etmək və döyüş gedən əraziləri boşaltmaq məqsədi ilə mülki əhali, xüsusən yaşlılar, qadınlar, uşaqlar Bilgəh və Nardaran ərazisində sahilə yerləşdirilib. Qoçu dəstələrinin B planı da varmış – əgər döyüşü uduzsalar qız-gəlinin, yaşlıların əsri düşməməsi üçün əhali dənizə töküləcəkmiş.

Ancaq ətraf kəndlərin də dəstək verdiyi mücadilənin sonunda daşnak-bolşevik qüvvələri ağır itki verərək geri çəkilməyə məcbur olurlar. Qoçu dəstələri onları yolboyu də təqib edərək canlı qüvvə itkilərini artırır. Qərbdən Azərbaycana daxil olan Qafqaz İslam Ordusu bölgələrdəki erməni silahlı birləşmələrini məhv edərək Bakıya gələnə qədər Bakının qoçu dəstələri müqavimət hərəkatını davam etdirir. Kürdəxanılı məşədi Adil, Xırdalanlı Dadaş və Həbib, Hökməlidən Qubad və Pircan, Binəqədili Azan, Suraxanılı Şıx Əlibəndə oğlu, Novxanılı Əlihüseyn, Fatmayılı Rəşid qəhrəmanlıqla vuruşaraq ermənilərə qan uddurur. Daha sonra qüvvələr birləşdirilir və sentyabrın 15-də Bakı erməni-daşnak qüvvələrindən tamamilə azad edilir. Maştağa ətrafında gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Nuru Paşa öz atlarından birini Məşədi Adilə bağışlayıb.

Həmin qanlı döyüşlərdə 143 nəfər şəhid olub, yüzlərlə kənd sakini yaralanıb. Şahidlər bildirir ki, yalnız kişilər yox, qadınlar da müqavimət hərəkatına qoşularaq öz həyat yoldaşlarına dəstək veriblər. Osmanlı Ordusunun zabitlərindən Tevfiq paşa Bakı kəndləri əhalisinin top-tüfəngli erməni-bolşevik dəstələrinin qarşısına balta, yaba, xəncərlə çıxıb onların məğlub etdiklərini gördükdə heyrətini “yahu, bu torpaq müqəddəs, bu millət qəhrəman” ifadə etdiyi tarixi faktdır.

1990-cı illərin əvvəllərində Maştağa kəndindəki parkda 1918-ci ilin soyqırım qurbanlarının xatirəsinə abidə ucaldılsa da, 2005-ci ildə təmir işləri zamanı həmin abidə götürülüb. İndi o şərəfli tarixi yazanların, eləcə də milli hökuməti müdafiə etdikləri üçün 1920-ci ildə güllələnən 12 nəfərin xatirəsi kəndin Şəhidlər Xiyabanında kiçik bir lövhə ilə anılır.

Tariximizə sahib çıxmalıyıq. Yenidən belə faciələr yaşamamaq üçün…

Aygün Muradxanlı, musavat.com

BIR CAVAB BURAXIN