Türkiyə “Putin İttifaqı”na qoşula bilər: şok gəlişmə

0
638

Türkiyə dolayısı ilə Rusiya-ABŞ münasibətlərinin iştirakçısına çevrilib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Amerika ilə uzun müddət müttəfiqlik etməsinə baxmayaraq, Türkiyə müstəqil siyasətini genişləndirməyə çalışır:

“Dünya siyasətində rəqabət daim gedir və bunun sonu yoxdur. Bu baxımdan geosiyasi meydana atılan hər bir ölkənin özünün ciddi maraqları var. Söhbət ilk növbədə sabitlik və təhlükəsizliyin müqəddaratından gedir. Son illər Amerika-Türkiyə gərginliyində Rusiya seqmentinin peyda olması göstərir ki, Ankara bir növ ənənəvi xəttinə korrektə etməyə çalışır. Düzdür, Türkiyə NATO ölkəsidir və onun ordusu alyansın standartlarına uyğun olaraq formalaşdırılıb. Ancaq Türkiyə silah alğı-satqısında əsas tərəfdaşı Rusiya ilə münasibətlərini inkişaf etdirməyə çalışır. Bununla da rəsmi Ankara özünün müstəqil qərar etmək hüququnu təsdiqləyir”.

Politoloq bildirib ki, hərbi texniki baxımdan S-400-lər mütərəqqi və keyfiyyətli bir sistemdir:

“Amerika “Patriot”ları bir çox göstəricilərinə görə S-400-lərə çata bilmir. Əgər söhbət təhlükəsizliyin qorunmasından gedirsə, əlbəttə, hər bir dövlət, xüsusilə də Türkiyə bunu özü üçün ən etibarlı şəkildə təmin etməyə çalışır. Amerika isə silah alğı-satqısında dünyada birinci yeri tutan ölkə kimi öz mövqelərini əldən vermək istəmir və təbii ki, bu yolda da əsas məqsəd Rusiyanı sıxışdırmaqdır. Digər tərəfdən isə Amerika göstərir ki, əzəli müttəfiqi Türkiyə ondan uzaqlaşmağa cəhd göstərmir. Zənnimcə, bu məsələdə son qərarı Ərdoğan verəcək. Əgər Türkiyə Rusiyadan S-400-ləri alsa, bu, Türkiyənin öz müstəqil siyasətini möhkəmləndirməsi, Qərbə alternativ yeni münasibətlər qurması, nəhayət, Avrasiya İttifaqına yaxınlaşması demək olacaq. Çünki Avropa Birliyi ilə bağlı gedən danışıqlarda artıq rəsmi Brüssel çox qeyri-müəyyən bir mövqe tutur. Bu da təbii ki, Rusiya siyasi elitasının ürəyincədir. Bu baxımdan Avrasiya Rusiyanın təşəbbüskarlığı ilə formalaşan bir məkana çevrilir. Düzdür, hələ oturuşmuş sistem yoxdur, ancaq Türkiyə və İranın bu prosesə qoşulması sözügedən məkanda gedən cərəyanları konkretləşdirə bilər. Bunun isə həm geosiyasi, həm də iqtisadi bazar aspektləri var”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekununda Türkiyənin S-400-lərin tez bir zamanda göndərilməsi ilə bağlı xahişinə müsbət reaksiya verdiklərini bildirib.

Bundan öncə M.Çavuşoğlu ölkəsinin hava hücumundan müdafiəyə ehtiyacını təmin etmək üçün ABŞ-ın təsdiqləyəcəyi halda “Patriot” sistemlərini ala biləcəyini açıqlamışdı.

BIR CAVAB BURAXIN