“Kazım Qarabəkir paşaya heykəl qoyulması qardaşlığımızı daha da möhkəmləndirəcək”

0
697

İslam mədəniyyəti paytaxtı Naxçıvanda Qarabəkir paşaya heykəl qoyulması ideyası yenidən gündəmə gəlib.

Arazinfo.com-un verdiyi məlumata görə, fəlsəfə üzrə fəlsəfə doktoru, tanınan tədqiqatçı Faiq Ələkbərli məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, K.Qarabəkir paşaya heykəl qoyulmasının böyük əhəmiyyəti var: “Hesab edirəm ki, Qarabəkir paşaya Naxçıvanda heykəl qoyulması Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının daha da sıx olmasına gətirib çıxaracaq. İstər Türkiyədə, istərsə də Azərbaycandakı insanlarımız bilməlidirlər ki, Kazım Qarabəkir paşa, Nuru paşa, eyni zamanda vaxtilə Azərbaycandan gedib Çanakkalada, Balkanlarda döyüşən, düşmənə qarşı mübarizə aparan Məhəmməd Hadi, Yusif Axund Talıbzadə və digərləri xalqımız, tariximiz üçün çox dəyərli şəxsiyyətlərdir. Biz düşmənlərimizi eyni görmüşük. Ola bilsin, bir neçə yüz il əvvəl müəyyən problemlərimiz olub. Lakin o çox uzaqda qalıb. Bizim birliyimiz xüsusən də Qacarların və Osmanlıların çöküşdüyü dövrdə daha çox özünü göstərməyə başladı və biz birlikdə ümumi düşmənlərimizə qarşı mübarizə aparmağa başladıq. Bütün Azərbaycan xalqı bilməlidir, Kazım Qarabəkir paşa təkcə Osmanlıda, Türkiyədə qəhrəmanlıq göstərməyib, o, eyni zamanda, Naxçıvanda, Zəngəzurda da Azərbaycan türklərinin rus və erməni hərbi-terrorçu qüvvələrindən xilas olunması istiqamətində çox ciddi işlər görüb. Bu baxımdan, Kazım Qarabəkir paşaya Naxçıvanda əzəmətli bir abidə qoyulması çox gözəl olardı. Onu da deyim ki, Atatürk Naxçıvanı “türk qapısı” adlandırıb. Doğrudan da Naxçıvanın “türk qapısı” olaraq qalmasında da əlində silah əsgərləri ilə birgə döyüşən, ad qazanan Qarabəkir paşanın rolu olub. O təkcə naxçıvanlıların deyil, Zəngəzurun, Qərbi Azərbaycanın xilaskarıdır. Onlar paşanı çox yaxşı tanıyırlar”.

F.Ələkbərli qeyd etdi ki, K.Qarabəkir və Nuru paşa kimi şəxsiyyətlər o dövrdə ancaq Şimalı Azərbaycan əhalisinə yardım göstərməyiblər, onlar, həmçinin, Cənubi Azərbaycandakı soydaşlarımızın da xilasında mühüm rol oynayıblar. Tarixçi bildirdi ki, XX əsrin əvvəllərində aysorlardan və ermənilərdən ibarət dəstə tərəfindən bizim ərazilərimizdə “xristian dövləti” yaratmaq təşəbbüsləri olub. Onların bu hiyləsinin, məkrinin qarşısını da K.Qarabəkir paşanın ordusu alıb: “Onlar bizim torpaqları ələ keçirib əhalimizi qırmaqla ərazilərimizdə “xristian dövləti” yaratmaq istəyirdilər. Qarabəkir paşa da, Nuru paşa da onlara qarşı mübarizədə mühüm rol oynayıblar. Həm Nuru paşaya, həm də Kazım Qarabəkir paşaya heykəl ucaldılmalıdır”.

F.Ələkbərli onu da vurğuladı ki, bu böyük şəxsiyyətlərin adlarının küçə və prospektlərə, təhsil müəssisələrinə, eləcə də mədəniyyət mərkəzlərinə verilməsi də çox mühüm addım olardı.

BIR CAVAB BURAXIN