Ərdəbilin İmam-cüməsi: “Biz Qarabağı öz dərdimiz, öz yaramız bilirik; Əlimizdən nə gəlsə, Azərbaycana dəstək verməyə hazırıq, bununla bağlı İranda problem yoxdur”
Fevralın 26-da İşğala və Terrora Qarşı Beynəlxalq Forumun nümayəndə heyəti qurumun dördüncü toplantısını keçirmək üçün İranın Ərdəbil şəhərinə gedib. Nümayəndə heyətini ilk olaraq Ərdəbilin İmam-cüməsi, Azərbaycan Respublikasında da Qarabağ bəyanatları ilə yaxşı tanınan nüfuzlu din xadimi Seyid Həsən Amili öz iqamətgahında qəbul edib.
Musavat.com xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı nümayəndə heyəti adından çıxış edərək Seyid Həsən Amiliyə səmimi görüşə vaxt ayırdığına görə təşəkkürünü bildirdi: “Biz İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyadan olan nümayəndələrin iştirakı ilə İşğala və Terrora Qarşı Beynəlxalq Forum yaratmışıq. Onun bir toplantısı Bakıda, digər toplantısı, Türkiyədə, İzmirdə olub, növbəti toplantı Gəncədə təşkil edilib və çox istərdik ki, bir toplantı da İranda olsun. Bunun üçün də Ərdəbil seçildi və biz çox şadıq ki, həmin Forumun növbəti toplantısı da burda keçiriləcək”.
Görüşdə Ərdəbil İmam-cüməsinin digər rəhbər işçiləri, çoxsaylı media nümayəndələri, Azərbaycandan isə Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Hacı Rövşən Əhmədli, Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin rəhbəri Nəsimi Qarabağlı, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, “Jurnalistlər Ekstremal Şəraitdə” təşkilatının rəhbəri Firuzə Əsədullayeva və Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova iştirak edirdi.
Seyid Amili öz nitqində hər kəsə mübarək səfər arzuladı: “İnşallah, bu səfərlər iki ölkənin əlaqələrini gücləndirməyə töhfəsini verər. Azərbaycanla sıx əlaqələrimizin olması bizim üçün çox önəmlidir. Azərbaycanla bizim əlaqələrimiz o qədər dərindir ki, biz heç vaxt Azərbaycanı kənar dövlət saymamışıq, Azərbaycanda olanda oranı elə öz evimiz kimi görmüşük, biganəlik hiss etməmişik. Azərbaycandakı əzizlərin dərdlərini öz dərdimiz, sevincini öz sevincimiz bilmişik və həmişə dua etmişik ki, Azərbaycanın başı uca olsun”.
Seyid Amilu ardınca Azərbaycanda hər kəsi ciddi narahat edən Qarabağ məsələsindən bəhs etdi: “Biz Qarabağı öz dərdimiz, öz yaramız bilirk. İranda hər hansı Azərbaycan türkü ilə danışsanız, hamısının arzusu budur. 20 faiz torpaq ki, bu qədər uzun müddətdə Azərbaycandan ayrılıb, bizim üçün çox nisgilli hadisədir. Biz hamımız ürəkdən arzulayırıq ki, bu torpaq, inşallah, ermənilərin işğalından xilas olsun, yenidən Azərbaycana qayıtsın və məscidlərimiz orda azad olsun! Bizim dini rəhbərimiz çox gözəl buyurub ki, əgər Qarabağ müharibəsində biri canından keçibsə, şəhid olub. Elə bizim böyük rəhbərimizin belə bir sözü ilə bizim cavanlarımız Qarabağın taleyinə dini baxımdan baxırlar. Rəhbərimizin dediklərindən sonra gənclərimiz orada şəhadətə hazırdırlar, yetər ki, orada qərar verilsin. Aprel döyüşündə ərz elədim ki, mən özüm də ordakı döyüşlərdə iştirak etməyə hazıram və bu, mənimçün şərəfdir. Çünki vəziyyətin bu cür olmağına görə biz həddən çox narahatıq”. Seyid Amuli Qarabağın müqəddəratını təyin etmək üçün referendum keçirilməsi barədə xarici qüvvələrin iddialarına da kəskin etiraz etdi: “Hərdən qulağımıza referendum xəbəri gələndə çox narahat oluruq. Dünyanın böyük dövlətləri istəyirlər ki, Azərbaycana təzyiq göstərib onu referenduma icazə verməyə razı salsınlar. Həmin gün Azərbaycanın böyük əza günüdür. Allah o günü göstərməsin ki, Azərbaycan Qarabağda referendum keçirməyə razılıq versin! Çünki həmişə torpaqları qondarma referendumlarla qoparıblar. Necə ki, bizim İranımızı, şahı sıxdılar, dedlər, gərək Bəhreyndə referendum keçirilməsinə razı olasan. Beləliklə, 45 il bundan qabaq şahı sıxdılar, referenduma nail oldular. Bəhreyn bizim 16-cı ostanımız idi. Bəhreyni ona görə ayırdılar ki, Amerika dəniz qüvvəsini yerləşdirmək üçün özünə yer axtarırdı. Bəhreyn bir bala məmləkətdir, biz ona zərrə məmləkət deyirdik. Bilirdilər ki, İrandan ayrılsa, olacaq ABŞ-ın bir əyaləti, elə də oldu və Bəhreyni İrandan o cür qopartdılar. Sudanın cənubunu Sudandan qopartdılar. Ona görə də biz Qarabağla bağlı referendum xəbərini eşidəndə çox narahat oluruq. Çünki böyük dövlətlər onların şərtlərinə razı olmayan kiçik dövlətləri sıxışdırırlar. Yaxud belə xəbərlər gəlir ki, istəyirlər şəhərləri bölsünlər, Azərbaycan neçə şəhərin qaytarılmasına razı olacaq. Ona da biz çox nigaran oluruq. Çünki bizim 40 illik təcrübəmiz var. Düşmənin qarşısında nə qədər geri çəkildinsə, qabağa gələcək. Düşünmək olmaz ki, qarşındakınla anlaşım, onlar sənin haqqını versinlər”.
Həsən Amili Qarabağla bağlı dindar kəsimə xitab etdi: “Bizim hamımızın arzumuz budur ki, dini qurumlar Qarabağ məsələsində ortaya mövqe qoysunlar. Yəni demək istəyirəm ki, əgər din adı ilə müharibə olsa, Qarabağı rahat almaq olar. Gördünüz ki, dini inamla Mübariz ağa (Mübariz İbrahimovu nəzərdə tutur-E.P.) orda nə qədər böyük iş gördü. Bizim əzizlərimiz dini etiqadla, inam gəlsə, Qarabağı rahat almaq olar. Biz dərk edirik ki, müharibə nəticəsində Azərbaycanın nə qədər əziyyəti var. Çünki böyük dövlətlər əlini ora qoyublar. ABŞ əlini ora qoyub, çünki Qarabağ ehtiyacı var. Hətta ordakı qondarma hökumətə pul ayırır. Həmçinin də Rusiya, çünki Rusiyanın da maraqları var. Odur ki, Qarabağ məsələsi getdikcə çətin olub. Bir də Qarabağı o zaman azad etmək olar ki, millət özü səhnədə hazır olsun. Əgər millət hazır olsa, onunla heç kəs bacara bilməz”.
Din xadimi daha sonra Azərbaycanın istiqlalı yolunda, Qarabağ uğrunda canlarını qurban verənlərə Allahdan rəhmət dilədi: “Allahdan həmişə arzumuz budur ki, o qanların intiqamı alınsın, bu qanlar yerdə qalmasın! Şuşa məsələsində yenə də bizim fikrimiz budur ki, əlimizdən nə gəlsə, Azərbaycana dəstək verməyə hazırıq, bununla bağlı İranda problem yoxdur. Bilirsiniz ki, Xocalı məsələsində İran özü təşəbbüs göstərib, bizim universitetimizin müdiriyyəti və gənclərini Xocalı şəhidlərinə təzim etməyə, onlara hörmət göstərməyə, onların səsini dünyaya yaymağa razı olublar. İran əlindən nə gəlirsə, onu etməyə hazırdır. İstərdim ki, bizim jurnalistlərimiz iki millətin birgə olmasından, Azərbaycanın bu müsibətdən qurtarmasından ötrü əlindən gələni etsin, bununla bağlı yazılar yazsınlar. İstərdim biləsiniz ki, İran keçmişdə də Qarabağ məsələsində Azərbaycana böyük xidmətlər göstərib. İranın Qarabağ müharibəsində Azərbaycanda etdiyi xidmətləri heç bir ölkə etməyib, etməz! Bizim nə qədər generallarımız Qarabağa gəldilər, ermənilərlə müharibə etdilər. Bizim generalımız simsiz telefonla əmrlərini verəndə erməni ordusu onu həbs etdi, yolladı Tehrana, dedi, baxın, İran generalı burdadır, gəlib müharibə edir. Ermənilər onu götürüb sənədləşdirdilər, dedilər, İran belə bir iş görüb. Bunu kim edərdi? Biz gəlmişdik, Qarabağı alaq. İşi qurtaran vaxtda birdən iş çevrildi. Biz o qədər canfəşanlıq edəndən, zəhmət çəkəndən sonra hamımızı tökdülər eşiyə, dedilər, çıxın, gedin! O yara bizim ürəyimizdə qalıb. Biz pula, dövlətə görə gəlməmişdik, təmənnamız yox idi, sadəcə Azərbaycana böyük bir qulluğumuz var idi, özümüzə vəzifə bilib gəlmişdik. Çox böyük fürsət əldən getdi, hələ gördüyünüz kimi, getdikcə çətinləşir”.
QAT sədri Akif Nağı İmam-cüməyə bir daha təşəkkür etdi və dedi ki, olanlar keçmişdə qalıb, bəzi yanlışlıqlar olub: “Amma Azərbaycan xalqı bilir ki, Qarabağ savaşında lap ilk günlərdən İran məsələni həll etməyə ciddi şəkildə cəhd göstərib. Amma bu gün torpağımız hələ də işğal altındadır, hələ də o dərdlə yaşayırıq. Siz də qeyd etdiyiniz kimi, Qarabağ təkcə Azərbaycanın dərdi deyil, bütün İslam dünyasının dərdidir”.
A.Nağı dedi ki, biz İranda gedən proseslərdən də narahatıq: “Biz artıq o həddə gəlib çatmışıq ki, İranda gedən proseslərin bizi narahat etməli olduğunu başa düşürük. Həmçinin Türkiyədəki problemlərin İranı da narahat etdiyini başa düşürük. Azərbaycanın dərdinin, Azərbaycana hardansa zərbə vurulmasının İran üçün də təhlükə olduğunu hamımız başa düşürük”.
QAT sədri qeyd etdi ki, Azərbaycanla İranın arasında münasibətlər getdikcdə inkişaf edir: “İndi İran-Azərbaycan münasibətləri hansı səviyyəyə çatıb, bunu bilirsiniz. 3-5 il əvvəl bunu təsəvvür etmək çox çətin idi. Bu gün prezidentlərimiz daima görüşürlər, nazirlərimiz, müxtəlif təbəqələrin nümayəndələri bir araya gəlir, Azərbaycandan İrana, İrandan Azərbaycana müxtəlif heyətlər, jurnalistlər, QHT-lər, alimlər gəlir. Münasibətlər çox gözəl səviyyəyə çatıb. Eynən İranla Türkiyə arasındakı münasibətləri görürük. Bunlar bizi sevindirir. Ümidimiz var ki, inşallah, biz deyən olacaq”.
A.Nağı Xocalı soyqırımının ildönümündən bəhs etdi: “Bu, dilə gətiriləsi, danışılası faciə deyil. O hadisələrin şahidlərinin dəhşətli söhbətlərinə qulaq asmağın özü belə, çox çətindir. Bunu ermənilər törədib. Ermənilərin arxasında kim dayanır? ABŞ və Rusiya dayanır, biz bunları bilməliyik. Həm də ona görə bilməliyik ki, bir daha belə müsibətlər təkrar olunmasın. Allah Xocalıda şəhid olanların hamısına rəhmət eləsin! Qarabağ məsələsi hökmən həllini tapacaq, Qarabağ mütləq Azərbaycanın, İslam dünyasının doğma qucağına qayıdacaq. Bu gün hamımız əzilirik. Orda müsəlman abidələri, məscidlər, qəbristanlıqlar viran edilib. Biz bunlara dözə bilmərik.
Xocalı baş verməmişdən bir neçə gün əvvəl İran XİN-in başçısı Vilayəti Azərbaycan və Ermənistanda olmuşdu. Razılıq əldə olunmuşdu ki, məsələ bitsin, hələ faciə də baş verməmişdi, müharibə alovlanmamışdı. Səhərisi gün Qarabağa getməli, görüşlər keçirməli, razılıq əldə olunmalı idi, Xocalı qətliamını törətdilər. 1992-ci ilin əvvəlində Azərbaycan və Ermənistanın rəhbərlərinin iştirakı, İranın vasitəçiliyi ilə məsələ həllini tapırdı, Tehranda saziş imzalanmışdı. Həmin müqavilədə göstərilirdi danışıqlar yolu ilə məsələ həll olunmalıdır. Bu, kimlərəsə sərf etmədi, o prosesi pozdular, Şuşa işğal olundu. Bunların hamısını biz görmüşük, yaşamışıq. İndi yenə də bizi məhz etmək istəyirlər, amma bacarmayacaqlar. İnşallah, Xocalının, Şuşanın da qisası alınacaq, bütün torpaqlar qaytarılacaq. Bu isə ancaq birliyimizdən keçir. Heç nəyə baxmadan, xırda inciklikləri bir kənara qoymaqla, İslam dünyasının qüvvələri bir araya gəlsə, məsələ həllini tapacaq. Mən Azərbaycanda da bu mövqeni təbliğ edirəm ki, 25 ildən çox Minsk qrupunun vasitəçiliyi heç bir nəticə vermədi, 3 xristian dövləti guya Qarabağ məsələsini həll etməli idi. Ermənistan razı olardımı ki, 3 müsəlman dövləti vasitəçilik etsin? Heç vaxt. İndi biz məsələni qoymuşuq ki, ümumiyyətlə, vasitəçiliyə inanmırıq, amma davam edəcəksə, 3 xristian dövləti varsa, 3 də müsəlman dövləti vasitəçi olmalıdır, onda nəyəsə ümid edə bilərik”.
Kərbəlayi Rövşən Əhmədov öz çıxışında dedi ki, qardaş qardaşla diplomatik dillə danışmaz, ürəkdən danışar: “İndi sərhədi belə qoyublar, amma sərhəd bizi bölə bilməz, ərazini bölər. Biz bilirik ki, İranda sizi çox sevirlər. Amma indi internet zamanıdır və sizin Azərbaycanla bağlı bütün çıxışlarınızı Azərbaycanda daha çox izləyirlər. Sizin Azərbaycanı öz ürəyiniz bilməyiniz çox böyük sevgiyə səbəb olub. Biz eyni xalqın nümayəndələri olaraq bu səmimiyyəti və məhəbbəti görmüşük. Siyasi maraqlarda ola bilər müəyyən ziddiyyət olsun, amma biz eyni bir xalqıq, eyni millətik, burada heç bir ayrı-seçkilik ola bilməz. Bu müharibənin əvvəlindən İranın hərbi, siyasi, iqtisadi, ictimai dəstəyi həmişə olub. Başqa maraqlar var ortada, təbii. Böyük bir geosiyasi müharibə gedir, tonqal təkcə Qarabağda alışdırılmayıb. Bunun arxasında köhnə SSRİ, indiki Rusiya dövləti dayanır. Ermənilərin Azərbaycana təcavüzü yeni məsələ deyil, həm də yalnız Qarabağda baş verməyib. Keçən il biz Urmiyə İslam Universitetindəki tədbirimizdə də xatırlatdıq ki, Rusiyanın dəstəyi ilə ermənilər bir gecədə Urmiyədə 15 min türk-azərbaycanlını qətlə yetirib. Tarixdə çox qətliamlar olub. Amma 20-ci əsrdə törədilmiş Xocalı qətliamı xüsusi amansızlığı ilə seçilib. Bu, onu göstərdi ki, ermənilər təkcə torpaq iddiasında deyillər, eyni zamanda milli zəmində kim olduqlarını ortaya qoydular. Özü də Qarabağ məsələsi münaqişə deyil, bu, müharibədir”.
Kərbəlayi Rövşən dedi ki, bu gün də Azərbaycan insanı səmimi olaraq dəstək gözləyir: “Azərbaycan insanı bu müharibədə aciz deyil. Amma burada çox böyük maraqlar toqquşur. Biz BMT, ATƏT-ə yox, Allaha söykənirik. İnşallah, biz torpaqlarımızı işğaldan azad etməliyik, əgər bunu etməsək, gələcək nəsillər heç vaxt bizi bağışlamaz. Təbii ki, insan ən yaxınına güvənər. Biz də bizə qardaş olanlara güvənirik. Çünki bu bölgənin təhlükəsizliyi hamımızın birliyindən keçir. İnşallah, bu birlik tarixin sınağından üzüağ çıxarar”.
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin rəhbəri Nəsimi Qarabağlı doğulduğu Şuşa ilə bağlı ağrılı xatirələrini bölüşdü: “Bu gün də mən Qarabağ məsələsinin həllini müharibədə, İslam ölkələrinin birliyində görürəm. Mən daim Xocalı soyqırımının ağrısını çəkməliyəm və çəkirəm də. Günahsız insanlarımızın qətlini göz önünə gətirmək çox ağırdır. Mən bunları görmüşəmsə, necə qisas hissi ilə yaşamayım?!”
Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev dedi ki, dəfələrlə görüşdüyü Amili həzrətləri onu hər dəfə səmimiyyəti ilə təəccübləndirir: “Sizinlə neçə dəfə görüşmüşəm, artıq sayını unutmuşam. Gəlin açıq danışaq, hər birimiz səmimi olaq. Biz dostluqdan, qardaşlıqdan, birlikdən çox danışa bilərik, amma ortada səmimiyyət olmasa, bu, söz olaraq qalar. Məndə də ümid var ki, bu problemin həllinə öz qardaşlarımızın köməyi ilə nail olacağıq”.
Qarabağ müharibəsi iştirakçısı, veteran jurnalist Firuzə Əsədullayeva da Xocalı dəhşətləri barədə danışdı və tədbir iştirakçılarını təsirləndirdi: “Düz 26 il əvvəl, bu saatlarda ermənilər Xocalını yer üzündən sildilər, 613 nəfər nəfəri yox etdilər. Bu, çox böyük bir faciədir. Mən o zaman elə anların şahidi olmuşam ki, artıq müharibədən danışanda da həyəcanlanıram. Bu məsələnin həll yolu ancaq müharibədir. Bu, sülh yolu ilə həll olunan deyil. İslam dövlətlərinin köməkliyi və dəstəyi ilə Azərbaycan torpaqlarını geri qaytarmağı bacaracaq”.
Azərbaycan İslam Partiyası Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə xanım da ürəyinin dolu oldğunu söylədi: “19 yanvar bizim tasuamız, 20 Yanvar aşuramız oldu. Xocalı isə gəldi o dərdlərin hamısını keçdi. Mən və mənim kimi minlərlə qadın meydandayıq və meydanda olacağam, qələbəni qeyd edən günə qədər. Biz bu qisası almalıyıq! Qisasımızı almasaq, qanımız qayıdıb damarımızda oturmayacaq”.
Görüşün sonunda ağayi Amili çıxışlardan təsirləndiyini söylədi: “Mən sizin qeyrətinizə heyrət elədim”. Görüşün sonunda nümayəndə heyəti İmam-cüməyə xatirə hədiyyələri, Qarabağa aid kitablar və Azərbaycan bayrağını hədiyyə etdilər, onunla xatirə şəkli çəkdidilər.
Elşad PAŞASOY,
“Yeni Müsavat”