Yaqub Mahmudov: “Ermənistandakı faşist rejimi işğalçıdır”

0
1206

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”.

Bunu AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

İnstitut direktoru bildirib ki, tarixçi alimlərin kollektiv əsəri olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqat rus, ingilis, rumın, italyan, ispan və ərəb dillərinə tərcümə olunaraq dünya ölkələrində yayılıb: “Yaxınlarda “İrəvan xanlığı” kitabı türk və alman dillərində də çap olunacaq”.

Y.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” fikirləri real tarixi faktlara və tarixi həqiqətə əsaslanıb.

“Ermənilər bütün dünyada saxtakar təbliğat işi aparır, iddia edirlər ki, guya onlar bu regionun ən qədim əhalisidir, guya Azərbaycan xalqı bura haradansa köçüb gəlmədir. Bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza və Azərbaycana, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir. Herodot təsdiq edir ki, ermənilər Balkan yarımadasından Van gölünün ətrafına köçüb gəlmiş frigiyalıların nəsilləridir”, – deyə akademik bildirib.

İnstitut direktoru vurğulayıb ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu torpaqlara Osmanlı imperiyası və İran ərazisindən çar Rusiyası tərəfindən köçürülüb: “Ermənilərin köçürülməsi barədə əlimizdə minlərlə arxiv sənədi var. 1918-ci il mayın 29-da beynəlxalq təzyiq nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvanın ermənilərə verilməsi barədə qərarı yanlış qərar idi. Milli Şuranın 28 üzvündən 16-sı bu qərara səs vermişdi. Yəni qərar 2/3 səs çoxluğu olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olan deputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest verdilər ki, bu, qeyri-qanuni qərardır”.

Onun sözlərinə görə, sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may – 4 iyun 1918-ci il) əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə aşağıdakı öhdəlikləri götürmüşdü:

1) Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü.

2) Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaq.

3) Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.

4) Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.

Y.Mahmudov əlavə edib ki, lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdular, işğalçılıq siyasətini davam etdirdilər: “Bununla həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.

Tarixçi bildirib ki, Stanislav Tarasov “Regnum”dakı yazısında tarixi faktları inkar etməklə yanaşı, 2008-ci ildə onun səsləndirdiyi fikri də təhrif edib: “Mən bugünkü bəyanatda söylədiyim kimi, Milli Şuranın qərarını Tarasovun uydurduğu kimi “xəyanətkar” yox, səhv qərar adlandırmışam. Görünür, böhtançılıq Tarasovun köhnə peşəsidir”.

Y.Mahmudov qeyd edib: “Tarix tarixliyində qalır. Ənvər paşa 27 may 1918-ci il tarixində Vehib paşaya göndərdiyi teleqramında yazırdı: “Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranacaq…”

Alim deyib: “Ermənilərə və ermənipərəst dairələrə bildirirəm ki, 1918-ci ilin 29 mayında 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı. Bəyan edirəm ki, Ermənistandakı faşist rejimi işğalçıdır”.

İnstitut direktoru vurğulayıb ki, müasir Ermənistan Respublikasının ərazisi Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: “Tarix İnstitutu 2016-2017-ci illərdə İrəvan xanlığının tarixi ilə bağlı çoxsaylı əsərlər nəşr etdirib. Həmin əsərlərdə Azərbaycanın qədim mədəniyyət mərkəzi İrəvan şəhərinin necə dağıdılması öz əksini tapıb. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy Məscid qismən salamat qalıb.

Əsgərlərimiz bilməlidir ki, təxribat törədən ermənilərin ayaqlarının altındakı torpaq Azərbaycan torpaqlarıdır. Düşmən heç zaman Azərbaycan torpağında azərbaycanlılara qalib gələ bilməz. Bu gün Ermənistan dövlətini idarə edənlər öz siyasi xətlərini əsaslı şəkildə yenidən qurmalı və dəyişdirməlidirlər. Tarixi şəhərimiz olan İrəvanda oturub bizə qalib gəlmək mümkün deyil. Qonşu torpağında yaşayıb torpağın əsl sahibi ilə belə davranmazlar”.

BIR CAVAB BURAXIN