Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb. Arazinfo.com Lent.az-a istinadən xəbər verir ki, biznesmenə məxsus “Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında (“Milyonerlər məhəlləsi” adlanan ərazi) yerləşən 4 mərtəbəli ofisi satışa çıxarılıb. Ofisə ilkin olaraq 5 milyon manat qiymət qoyulub.
Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.
Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb.
“Palmali” şirkətlərinin qrupundan isə məsələ ilə bağlı Lent.az-a bildirilib ki, qurumun Bakıda yerləşən obyektlərini satışa çıxarması barədə iddialar həqiqəti əks etdirmir: “Az qala üç ilə yaxındır, ara-sıra dövri mətbuatda bu tip xəbərlər yer alsa da, göstərilən mülklər sahibini dəyişməyib.
Məlumatda bildirilir ki, məlum olduğu kimi, şirkətin Bakı şəhərinin müxtəlif yerlərində ofis binaları mövcuddur: “Bu gün şirkətin Bakı nümayəndəliyi İçərişəhərdə yerləşən ofisdə fəaliyyət göstərir. Digər ofislər isə sadəcə hazırda boş olaraq qalmaqdadır. Görünür, ofislərin boş olması bu kimi söhbətlərə yol açır”.