Akademik Cəmil Quliyevin 90 illik yubileyi keçirilib

0
669

Dekabrın 29-da akademik Cəmil Quliyevin (1927-2010) 90 illik yubileyi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Arazinfo.com-a verilən məlumata görə, tədbirin təşkilatçıları AMEA-nın Rəyasət Heyəti və Tarix İnstitutudur.

AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb və qeyd edib ki, Cəmil Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınır.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, C.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil edib: “O, 1972-1978-ci illərdə Tarix İnstitutunun direktoru olub. Akademik C.Quliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib”.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, C.Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri danılmazdır.

Bildirilib ki, Cəmil Quliyevin rəhbərliyi və yaxından iştirakı ilə on cilddən ibarət “Azərbaycan Sovet Ensiklopediyası”, iki cildlik “Uşaq Ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası” və yeddi cildlik “Azərbaycan tarixi” işıq üzü görüb.

Tədbirdə Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun məruzəsi dinlənilib. Alim qeyd edib ki, Cəmil Quliyev ölkəmiz üçün tarixçi kadrların hazırlanması işinə xüsusi diqqət yetirib.

Professor İzzət Rüstəmov, tarix elmləri doktoru Əsədulla Cəfərov və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov görkəmli tarixçi alim C.Quliyevin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, o, 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru, 1997-ci ildən ömrünün sonunadək isə AMEA-nın Rəyasət Heyətinin üzvü olub.

BIR CAVAB BURAXIN