“Azercell” ilə Bəxtiyar Hacıyev arasında qalmaqal davam edir

0
909

 

"Azercell" ilə Bəxtiyar Hacıyev arasında qalmaqal (FOTO / YENİLƏNİB)
Tanınmış blogger Bəxtiyar Hacıyev ölkənin ən böyük mobil operatoru olan “Azercell” şirkətini çox çətin duruma salıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, şirkətin xidmətindən narazı qalan Bəxtiyar Hacıyevin onlara göndərdiyi qeyri-adi Yeni il hədiyyəsi isə sosial şəbəkə üzərindən hamının maraqla izlədiyi bu “savaşı” daha da alovlandırıb.
Belə ki, B.Hacıyev “Azercell”in prezidenti Vahid Mürsəliyevəməktub yazaraq, öz narazılığını ifadə etmiş və Çin istehsalı olan 18 ədəd prezervativi Yeni il hədiyyəsi kimi göndərib.
B.Hacıyevin sosial şəbəkədə də paylaşdığı həmin məktubu aşağıda təqdim edirik:
“Azercell Telekom MMC-nin prezidenti cənab Vahid Mürsəliyevə.
Hörmət Vahid müəllim,
Sizi qarşıdan gələn 2018-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Fürsətdən istifadə edib, nəzərinizə çatdırıram ki, 14 dekabr 2017-ci il tarixdə Belçikada səfərim zamanı Azercell rouminq xidmətindən istifadə edərək, Böyük Britaniyada zəng çatmayan nömrəyə zəng cəhdimə görə tərəfinizdən 18.2 AZN balansımdan silinmişdir.
Hörmətli Vahid müəllim,
Azercell MMC-nin 31 Avropa ölkəsində tariflərini diqqətlə incələdim. Digər istiqamətlərə zənglər 31 ölkədə, 59 tərəfdaşınızda adınız kimi vahid tarifdə, 1.5 AZN olduğu halda, Belçikadakı ikinci tərəfdaşınızla 18.2 AZN tarif təqdim etmisiniz. Bu 31 ölkədən ən az 10 ölkədə cəmi bir rouminq tərəfdaşı operatorla sazişiniz olduğu halda, hansı zərurət yaranmışdı ki, müştəriləriniz üçün Belçikada ikinci, digər tariflərdən nə az, nə çox, 12 dəfə yüksək tarif təqdim edən saziş imzalamısınız?
Bütün bu və digər keyfiyyətsiz xidmətlərinizi, müştəri xidmətlərinizdəki əməkdaşların qeyri-peşəkarlığı, kobudluğu və Azercell rəhbərliyinin “biz hər zaman haqlıyıq, müştəri haqsızdır” yanaşmasını nəzərə alaraq, sosial şəbəkələrdəki səhifələrinizdə etiraz əlaməti olaraq səhifənizi qiymətləndirməyin mümkün olmadığını xatırladaraq, narazı müştəriləriniz adından Yeni il münasibəti ilə kiçik, ucuz hədiyyəmizi qəbul etməyinizi rica edirəm. Azercell bizə öyrətdi ki, yüksək qiymətlər heç də hər zaman yüksk keyfiyyətlə mütənasib deyil. Çin istehsalı bu hədiyyələrimizin qiyməti ucuz olsa da, keyfiyyətinin yüksək olduğu deyilir. 2018-ci il sizin üçün düşərli olsun və tarifləriniz daim qalxsın.
Hörmətlə,
Bəxtiyar Hacıyev
15 illik müştəriniz”.
"Azercell" ilə Bəxtiyar Hacıyev arasında qalmaqal (FOTO / YENİLƏNİB)
“Uy daaa, Bəxtiyar Hacıyev, yığıb bizi boğaza”
Məktubun məzmunundan da anlaşıldığı kimi, hər şey Azercell-in müştəridən çatmayan zəngə görə balansından sildiyi 18.2 AZN-lik konturdan başlayıb. Məsələni araşdırmaq üçün B.Hacıyev şirkətin müştəri xidmətləri ilə əlaqə saxlamış, ofislərinə getmiş, rəsmi Facebook səhifələrinə yazmış, amma nəticə hasil olmamışdır. Facebook səhifəsində müştərinin hesabı bloklanmış və onun yazmasına qadağa qoyulmuşdur.
“Belçikada zəng çatmayan nömrəni yığmağıma görə 18 manat çıxmaqlarını unutmuşdum, ancaq çox oxunan və təsirli bir saytda bu barədə material hazırlandığını eşidib, səhər zəng etmişdilər ki, sizin müraciətinizi araşdırdıq-filan. Dedim araşdırma nəticəsini mənə emailə göndərin. Dedilər göndərə bilmərik, gəlin müştəri xidmətlərinə, vəsiqənizi göstərin, sizə versinlər. Gəldim, növbədə məndən öndə 2 nəfər dayansa da, 45 dəqiqədən çox (video şərhdə) gözlədim, içəridə müştərilər etiraz edir, qışqırır… Nəhayət, növbə mənə çatanda, üzümə durdular ki, biz sizə deməmişik gəlin bura, yanlış məlumat verilib sizə. Dedim telefon zəngləri qeydiyyata alınır, dinləyək görək, deyilibmi? Dedilər ərizə yazın, araşdıraq. Mən də ərizə yazmaqdan onsuz da yorulduğuma görə, dedim narahat olmayın, rəhbərliyinizə kiçik bir hədiyyə və ərizə göndərərəm” – deyə B.Hacıyev olayın necə “perezervativ” mərhələsinə qədər şişdiyini izah edir.
Məlum hədiyyədən sonra Azercell-in Tvitter səhifəsinə heç nə yazmamağına baxmayaraq, onun bu sosial şəbəkədəki hesabına da blok qoyulub. Bununla bağlı Azercell-in müştəri xidməti ilə əlaqə saxlayan B.Hacıyev bu dəfə daha tədbirli davranaraq, bunu sosial şəbəkədəki hesabından canlı yayıma bağlamış və qeydə almışdır. Ən maraqlı hadisə də bu zaman qeydə alınıb.
Belə ki, B.Hacıyev müştəri xidmətinin əməkdaşına “Azercell”-in sosial şəbəkələrdəki səhifələrində, xüususən də Tvitterdə ona niyə blok qoyulması ilə bağlı sual ünvanlayıb. Əməkdaş ona xətdə gözləməyi tövsiyyə edir və yanındakı xanım əməkdaşa mövzunu izah edib kömək istəyir. Xətt açıq olduğu üçün xanım əməkdaşın cavabını həm B.Hacıyev, həm də canlı yayımı izləyən minlərlə insan eşitmiş olur: “”Uy daaa, Bəxtiyar Hacıyev, yığıb bizi boğaza…”

Burada diqqətçəkən daha bir maraqlı məqam var ki, B.Hacıyev sosial şəbəkə istifadəçilərinin diqqətini bu məqama çəkir: “Azercell mənim Tvitterdə hesabımı blok edib. Amma Tvitterdə onlarla bağlı dünənə qədər heç nə yazmamışdım və Azercell həmin hesabın mənə məxsus olub-olmamasını identifikasiya edə bilməzdi. Facebookda yazılan bir məsələyə görə, müştərinin digər sosial şəbəkələrdəki hesablarını da necə identifikasiya ediblər və bloklayıblar?”. Haqlı sualdır, Azercell bunu necə, niyə və hansı əsasla edib?
Belçikadakı şübhəli partnyor- burada korrupsiya izi varmı?
B.Hacıyevin də qeyd etdiyi kimi, Azercell rouminq xidməti bütün Avropa ölkələrində 1.5 AZN-lik xidmət təklif etməsinə baxmayaraq, Belçikada iki partnyorla çalışır. Onlardan birində xidmət 2.5 AZN, digərində isə 18.2 AZN dəyərindədir. Onda sual yaranır, Belçikada 2.5 AZN-lik xidmət göstərən partnyor şirkət varsa, yenidən 18.2 AZN-lik xidmət satan başqa bir şirkətlə müqavilə bağlamaq nəyə lazım idi?
Eyni hal Böyük Brtinaiyada da müşahidə olunur. 1.5 AZN-lik partnyorla yanaşı, 5.8 AZN-lik xidmət təklif edən ikinci partnyor seçilib.
“Niyə Azercell-in özünə daha baha xidmət təklif edən ikinci partnyor seçməsi anlaşılan deyil. Adətən belə sərfəli olmayan müqavilələrin bağlanmasında “şapka” rol oynayır” – deyə bu məqamı haqqin.az saytına şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
"Azercell" ilə Bəxtiyar Hacıyev arasında qalmaqal (FOTO / YENİLƏNİB)
“Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir”
“Azercell Telekom” MMC B.Hacıyevin şikayəti ilə bağlı Qaynarinfo-ya rəsmi mövqeyini göndərib.
Şirkətin cavabını olduğu kimi dərc edirik:
“Abunəçi Bəxtiyar Hacıyevin şikayəti ilə əlaqədar bildiririk ki, qeyd edilən nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında “Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir”.
Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır.
Hazırda qüvvədə olan tariflərə əsasən rominq xidməti çərçivəsində Belçikanın “Proximus” (Belgacom) operatorunun şəbəkəsində ölkədaxıli istiqamətlərə zəng 4,2 manat, Azərbaycan istiqamətində zəng 17,90 manat, digər istiqamətlərdə zəng isə 18,2 manat (hesablama intervalı 60 saniyə təşkil edir) xidmət haqqı hesablanır. “Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır.
“Azercell Telekom” MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir.
Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir.
Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Hər hansı abunəçinin, 3-cü şəxsin müraciətinə baxılmaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik” qafqazxeber.az

BIR CAVAB BURAXIN