Binəqədinin icra başçısına yol göründü – Proses qoşa villalardan başladı

0
704

Binəqədinin icra başçısına yol göründü – Proses qoşa villalardan başladı

Binəqədinin icra başçısına və Fazil Məmmədova məxsus olduğu bildirilən qoşa villaların satışa çıxarıldığı deyilir; həbs və əmlakının müsadirəsi də istisna deyil

Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından sonra onun yaxın çevrəsindən olan digər məmurların da eyni aqibəti yaşaması zaman məsələsidir. Təcrübə göstərir ki, F.Məmmədov kimi özünü gözdən salan məmurlar tutduqları vəzifədən uzaqlaşdırıldıqdan sonra onlara yaxınlıqlarına görə vəzifə alan qohum-dostları da tədricən öz mövqelərini itirirlər.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun timsalında biz bunun əyani şahidi olmaqdayıq. Onun vəzifəsini itirməsindən sonra yaxın çevrəsinə daxil olan və müxtəlif dövlət orqanlarında yüksək vəzifə tutan şəxslər də yavaş-yavaş postlarını itirirlər. Eyni aqibətlə Fazil Məmmədova bağlı məmurların da üzləşəcəyi artıq heç kimdə şübhə doğurmur. Xüsusilə vergilər kimi strateji və qeyri-qanuni gəlir imkanları son dərəcə geniş olan bir sahənin başçısı olaraq F.Məmmədovun 4,5 milyard dollara yaxın vəsaitin ölkədən çıxarması faktının gündəmə gəlməsindən sonra sabiq nazirin özü və yaxın çevrəsi üçün böyük təhlükənin yarandığını söyləmək mümkündür.

Heç kimə sirr deyil ki, vergi sistemində korrupsiya, sahibkarların incidilməsi, vergi yükünün qəsdən şişirdilərək onların rüşvət verməyə sövq edilməsi kimi hallar geniş yayılmışdı. İş o yerə çatmışdı ki, sahibkarlar qanuni vergilərini ödəyərək fəaliyyət göstərməkdənsə, rüşvət verib qanunsuz fəaliyyət göstərməyə üstünlük verirdilər. Vergi orqanlarının “payını” verməyən sahibkar barəsində dərhal istintaq başladılır, yaxud yüz cür bəhanələrlə məhkəməyə verilirdi. Təsadüfi deyil ki, Ali Məhkəmə bu yaxınlarda statistikanı açıqlayaraq, vergi orqanlarından şikayət edənlərin böyük əksəriyyətinin məhkəmə prosesindən qalib ayrıldığını elan etmişdi. Bu, ən üst məhkəmə qurumunun vergi orqanlarının qanunsuz iddialarını rədd etməklə sahibkarların, sadə vətəndaşların hüquqlarının bərpa olunmasına yardım göstərməsi ilə yanaşı, həm də vergi sistemindəki durumu ortaya qoyan bir faktdır.

Zaman keçdikcə, F.Məmmədovun 17 il ərzində vergi sisteminə rəhbərlik edib, bu sistem vasitəsilə əldə etdiyi milyardlarla manatı tək xərcləmədiyi üzə çıxır. Məlum olur ki, sabiq nazir Azərbaycandan nə az, nə çox – düz, 4,5 milyard manatı çıxarmağa nail ola bilib. Bu zaman ona yardım edənlər də olub ki, onlardan birinin də yeznəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olduğu deyilir.

 

Xatırladaq ki, Binəqədi Bakı şəhərinin böyüklüyünə və əhali sayına görə 2-ci rayonudur. Rayon ərazisində yaşayan daimi əhalinin sayı 263 100, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir. Rayonun  inzibati ərazisində  5 qəsəbə – Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən,  28 May qəsəbələri, 4 mikrorayon  – 6, 7, 8 və 9 mikrorayonlar mövcuddur.

Və bu rayonda icra hakimiyyətinin qanunsuzluqları ilə bağlı vətəndaş narazılıqları həmişə yüksək olub. Ölkə mətbuatında X.İsgəndərovun qanunla bir araya sığmayan fəaliyyətləri barədə məlumatlar müntəzəm olaraq dərc edilsə də, illər boyu məhz qaynı olan vergilər nazirinin sayəsində ona toxunulmayıb.

Tərcümeyi-halından görünür ki, X.İsgəndərovun vəzifə yüksəlişi məhz F.Məmmədovun nazir təyinatından sonra başlayıb. 2000-ci ilədək ticarətçi, müəssisə rəhbəri olan icra başçısı 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələri tutub.

Bu, X.İsgəndərovun adi ticarətçidən icra başçısı vəzifəsinə necə gedib çıxdığını göstərən, bu yüksəlişdə qaynının dəstəyindən geninə-boluna yararlanmasından xəbər verir. Bu yararlanma hər sahədə özünü göstərib: mətbuatda gedən məlumatlardan aydın olur ki, Binəqədi rayonu ərazisində bir toyuq hini belə başçının haqqı ödənilmədən inşa olunmur. Hər tikili üçün xüsusi məbləğlər müəyyənləşdirilib: birmərtəbəli evlərin qiyməti ayrıdır, avtomobil qarajınınkı ayrı, 2 və daha çox mərtəbəli evlərinki ayrı. Lakin bu haqq X.İsgəndərovun Binəqədi ərazisində özü və qaynı üçün tikdirdiyi qoşa villalara aid olmayıb.

Image result for binəqədi

X.İsgəndərovun cəzadan yayınmağı bacardığı ən ağır iş, əlbəttə, 2015-ci ilin mayında rəhbəri olduğu rayonun ərazisindəki binada baş verən və 15 nəfərin ölümünə səbəb olan dəhşətli yanğın hadisəsidir. Həmin vaxt icra başçısı yanan binaya çəkilən üzlüklərlə bağlı mərkəzi dövlət qurumlarının rəy verdiyini açıqlamaqla məsuliyyəti boynundan atmağa çalışdı. Yenə də nazir qaynının sayəsində günahı onun keçmiş müavininin üzərinə atmağa nail ola bildi. Halbuki rayon ərazisində nəinki 16 mərtəbəli böyük bir binanın başdan ayağa üzlənməsi, heç bir metr yola yeni asfaltın salınmasının belə başçının məlumatı olmadan aparılmasının qeyri-mümkün olduğu hamıya aydındır.

Image result for binəqədi

Yanğın cinayətindən əlavə, X.İsgəndərovun adının nazir qaynı ilə birlikdə ölkədən xaricə pul çıxarılmasında da hallanması icra başçısının durumunun heç də ürəkaçan olmadığından xəbər verir. Artıq X.İsgəndərovun himayədarı vəzifədən alınıb, özünün azadlıqda qalıb-qalmayacağı sual altındadır. Ehtimallar daha çox tezliklə F.Məmmədovun topladığı varidatdan, hətta azadlığından belə məhrum olacağı istiqamətlidir. Bu ehtimallar doğrularsa, aydın məsələdir ki, onun yaxın çevrəsindəki adamlar da prosesdən kənarda qalmayacaq.

Image result for yanan bina

Vəziyyətin əvvəlki kimi olmadığını elə X.İsgəndərovu da davranışları ilə nümayiş etdirir: mətbuatın yazdığına görə, daha onun rayon ərazisində hərəkəti 5-6 maşınla müşayiət edilmir. Heç ailəsinə də əvvəlki sayda mühafizəçi ayırmır. Hətta ona və F.Məmmədova məxsus olduğu deyilən, Binəqədidə yerləşən məşhur qoşa villaların da satışa çıxarıldığı deyilir. Məlumata görə, başçı yalnız vəzifədən alınmaq deyil, həbs və əmlakının müsadirə olunması variantlarını belə gözaltına alaraq hərəkət edir. Bu isə icra başçısının yaxınlaşmaqda olan təlatümlərə indidən hazırlaşmağa çalışmasından xəbər verir.

 “Yeni Müsavat”

BIR CAVAB BURAXIN