“Ermənilər hələ də öz ölkələrinin sahibi deyil, amma ruslara “işğalçı” deyirlər”

0
570

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində

 

 

 

Ermənistanda RF sərhədçilərinin “özbaşınalığı” ucbatından yeni qalmaqal qopub. Respublikada onlarsız ötüşmək olmasa da, radikallar bu hərbçiləri ölkədən çıxarmağı tələb ediblər. “Antirusiya əvhali-ruhiyyəsi” Ermənistanla Avropa Birliyi arasında çərçivə sazişi imzalandıqdan sonra açıq şəkildə qızışıb.

Ermənistanda dislokasiya olunmuş Rusiya sərhədçiləri respublika hökumətinə İrana qədərki dövlətlərarası İrəvan-Gorus-Mehri yolunun  40 metrlik sahəsinin (vur-tut!) təmirinə başlamağa icazə verməyiblər. Bu informasiya Ermənistan cəmiyyətində partlayan bomba effekti doğurub. Çoxları əllərini ovuşdurur və deyirlər ki, Rusiya qoşunlarını, o cümlədən sərhədçiləri “işğalçı” sayır və onların Ermənistandan çıxarılması uğrunda çoxdan çıxış edirlər. Bu zaman respublikada “xarici hüdudların” müdafiəçilərinin törətdikləri bütün qalmaqallar ruh yüksəkliyi ilə sadalanır. Hökumət isə Rusiya sərhədçilərini müdafiə edir, çünki indi başqası yoxdur.

Yeni “təşviş”in məğzi nədədir və onu niyə bu qədər ehtirasla böyüdürlər? Axı Ermənistanın özü 1992-ci ildə müqavilə imzalayıb və buna əsasən, onun Türkiyə və İranla sərhədlərinin qorunmasını Rusiya FTX sərhəd idarəsi həyata keçirir. Rusiya sərhədçiləri qaçaqmalçılıq, qanunsuz miqrasiya, transsərhəd cinayətkarlığı, terrorizm və s.-ə müqavimət göstərir. Rəsmi məlumatlara əsasən, təkcə keçən il Ermənistan dövlət sərhədinin 74 pozucusu saxlanıb.

Sözsüz, o zaman, 25 il qabaq ermənilərin özləri aşkar şəkildə öz sərhədlərini qorumaq iqtidarında deyildilər. Xüsusən də Azərbaycanla müharibə şəraitində. Amma ehtimal ki, indi də bacarmazlar – ölkə yoxsuldur və maliyyə, hərbi və sair kasıblıq üzündən praktik olaraq özünün bütün strateji obyektlərini Rusiyanın iltizamına verib. Və indi, budur, “ruslara qatlaşmaq” lazım gəlir. Bu sonuncular isə o qədər “əl-qol açıblar” ki, Araz çayınn yanında İranla sərhədin böyründə yolun bir hissəsini təmir etməyə imkan verməyiblər.

Maraqlı durumdur – xüsusən də suveren dövlət üçün, – Lragir yazır. –Üçüncü dövlətin sərhəd qoşunları Ermənistanın başqa dövlətlə sərhədində təmir işləri aparmağa icazə vermir”. Nəşr Ermənistanda Rusiya hərbçilərilə bağlı səs-küylü insidentləri xatırladır. Misalçün,  Gümridəki Rusiya hərbi bazası hərbçilərinin uşaqlar daxil olmaqla yeddi nəfərlik ailəni güllələməsini. Bu faciə indiyədək Rusiya tərəfinə suallar doğurur, lakin bunlar cavabsız qalır.

Və yaxud Rusiya hərbçilərinin Ermənistan parlamentinin deputatına sərhəddən yetərincə uzaqda yerləşən rayonda seçkiqabağı kampaniya aparmaq qadağası ilə bağlı əhvalatı. Ona sadəcə bildirilib ki, hansısa axtarış əməliyyatı gedir və “bura olmaz”. Və budur, indi də yolun bu uğursuz hissəsi.

Rusiya sərhədçiləri hansı əsasda İranla sərhəddə yolun təmirini qadağan ediblər?Lragir hiddətlənir. – Əsas vardısa, onda sual doğur – Ermənistan niyə sərhədçilərlə prosedur məsələləri razılaşdırmadan iş aparırdı? Əks halda işğalçı rejim və suverenliyin itirilməsilə işimiz var”. Nəşr tələb edir ki, Ermənistan hökuməti Rusiya hərbçilərinin respublikada iştirak rejimini yenidən nəzərdən keçirsin ki, “ruslar qonaq ola-ola, özlərini evədəki kimi hiss etməsinlər” və ümumiyyətlə, RF ilə sərhəd üzrə müqavilədən çıxsın.

Başqa KİV-lər, xüsusən də hüquq müdafiəçisi Artur Sakuntsun birbaşa nitqini verən “Первый армянский информационный” mövzunu göydə tutub. Mövzu buna keçir ki, yol çəkmək qadağası Rusiya sərhədçilərinin səlahiyyətinə daxil deyil və söhbət Ermənistanın “de-fakto” işğalından gedir. Sakunts əmindir: “Bu, təkcə RF sərhədçiləri tərəfindən ER konstitusiyasının pozulması deyil, həm də ER suverenliyinin pozulmasına əl uzadan struktura münasibətdə hökumətin fəaliyyətsizliyidir. Hökumət Serj Sərkisyanın simasında ER suverenliyini Rusiya Federasiyasına güzəştə gedib”.

Respublika hökumətinə özünə haqq qazandrımaqdan savayı heç nə  qalmayıb. Özü də yetərincə acizcəsinə. İnşaatın dayandırılması əvvəlcə Rusiya sərhədçilərinin qadağasıyla izah olunub və birdən məlum olub ki, onlarlıq heç nə yoxdur. Sən demə, məsələ bundaymış ki, sahilbərkitmə işlərinin gedişində çayın yatağı dəyişilib və bununla bağlı “İran tərəfinin bəzi qınaqları var”. Dövlət Su Təsərrüfatı Komitəsinin sədri Arsen Arutyunyan bildirib: “İran tərəfiylə danışıqlar hələ də gedir və bu il başa çatmayacaq, buna görə də inşaatçılar cərimədən yayınsın deyə müqaviləni dayandırmağa məcbur olmuşuq. Rusiya sərhədçiləri bu proseslə heç cür bağlı deyil”.

Budur, gəl, başa düş ki, Ermənistanda siyasi “qızışma”nın səbəbi gerçəkdən nə olub. Ola bilsin, qalmaqal, həqiqtən də, şişirdilib, bəlkə də, sadəcə, İranın “dalında gizlənirlər”. Lakin bu daha çox diqqətə layiqdir ki, bu durumdan hansı qeyrət və məmnunluqla həzz alırdılar və ümumiyyətlə, Rusiya tərəfinin hətta dolayısıyla adı keçən istənilən insident zurnaya qoyub çalınır. Bu, artıq, sadəcə, “vərdiş”dir.

Amma RF hərbçiləri respublikadan gedərsə, onu kim qorumağa başlayacaq? Axı ermənilər hər şeydən çox qonşularla -Azərbaycan və Türkiyə ilə münasibətlər zəminində xoflanırlar. Və bu, Rusiyaya əl verir, bütün Cənubi Qafqaza kölgələnməklə onun Ermənistanda hərbi-siyasi və iqtisadi nüfuzunun güclənməsinə zəmanət verir.

Ədalət xatirinə razılaşmaq olar ki, Rusiya hərbçiləri Ermənistanda özlərini həmişə nəzakətli aparmırlar. Hətta yolla bağlı əhvalatı gözə soxsalar da, ermənilər Rusiya hərbçilərinin respublikanın qanunlarını pozmasından yetərincə hadisələr danışa bilərlər. Amma son qalmaqal şübhəli uğurdan – AB ilə əhatəli və genişləndirilmiş əməkdaşlıq haqda çərçivə sazişi bağlamaqdan qanadlanan Ermənistanda antirusiya əhvalının gücləndirilməsinə daha çox xidmət edir. Həm də bu sənəd Ermənistana heç bir güvənlik zəmanəti verməsə də, əhalisinin bir qismi özünü, az qala, Avropanın “göbəyində” hiss etməyə başlayıb. Əslində isə, Rusiya və Qərb amilləri, bu iki siyasi bədheybətlə daim ehtiyatlı davranış nəzərə alınsa, ermənilər belə də öz ölkələrinin sahibi olmayıblar. Deməli, kimin “işğalçı” rolunda çıxış etdiyinin nə fərqi var? Lakin, ola bilsin, “işğal edilənlər”in özlərinə məlumdur.

Andrey Nkiolayev

rosbalt.ru, 20.12.2017

Tərcümə Strateq.az-ındır.

BIR CAVAB BURAXIN