Hərbi attaşelər ermənilərin kimyəvi mərmi atdığı yerə baxdılar

0
713

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər cəbhə bölgəsində ermənilər tərəfindən atılmış, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə baş çəkiblər.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerə baxış keçiriblər. O qeyd edib ki, həmin mərmi sənədləşdirilərək bütün beynəlxalq təşkilatlara göndəriləcək: “Hamı görsün ki, ermənilər Azərbaycanın yaşayış məntəqələrini istifadəsi qadağan olunmuş kimyəvi silahla vururlar”.

H. Hacıyevin sözlərinə görə, hazırda əraziyə ATƏT-in monitorinq qrupunun da gəlməsi gözlənilir: “ATƏT nümayəndələri də hadisə yerinə baxış keçirəcək. Baxış keçirildikdən sonra kimyəvi silah yerindəcə zərərsizləşdiriləcək”.

Xatırladaq ki, aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı ermənilər Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıblar. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb. Onu da əlavə edək ki, ağ fosforlu top mərmisi günəş işığında alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır.

BIR CAVAB BURAXIN