Ara yenə qarışdı: Fikrət Əmirovun, yoxsa erməni musiqisi? –Video

0
853

Bu musiqinin bəstəkar Fikrət Əmirova məxsus olduğunu düşünürəm.

Bu sözləri Teleqraf.com-a Speys TV-də “Sevimli mahnı” verilişində erməni musiqisinin səslənməsi iddiasını şərh edərkən verilişin aparıcısı Mikayıl Güləddinoğlu deyib.
Onun sözlərinə görə, bu günə qədər bütün tədbirlərdə həmin əsər səslənib:
“Mən bu əsərin Fikrət Əmirova məxsus olduğunu bilirəm. “Qarabağ inciləri” çox məşhur əsərdir. Bu günə qədər heç kəs mənə bu barədə xəbərdarlıq etməyib. İnanmıram ki, ermənilər belə əsər yaza bilərlər. Ermənilərin nəyi var ki, musiqisi də olsun? Əgər onlarda da bu əsər varsa, deməli, bizdən oğurlayıblar. Başqa cür ola da bilməz”.
Mübahisəli məqamlar olduğuna görə araşdırma apardıq. Bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov arxivdə atasına aid belə bir əsərin olmadığını bildirdi. Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Əliyeva da bu fikri təsdiqlədi:
“Bu əsərin Fikrət Əmirova aid olduğunu sübut edən heç bir rəsmi sənəd yoxdur. Bir neçə il qabaq Moskvada bu əsəri ermənilər xoreoqrafik musiqi kimi ifa etdilər və adı “Artsax” kimi təqdim olundu. Bu əsərdə bütün intonasiyalar Azərbaycan musiqisindən götürülüb.

Amma əlimizdə bir sübut yoxdur ki, bizə aid olduğunu iddia edək. Ona görə də ehtiyatli olmaq lazımdır. Bizdə az qala bütün kanallarda bu əsərdən video çarxların fon musiqisi kimi istifadə olunur. Dəfələrlə müraciət etmişik, bu musiqinin mübahisəli olduğunu da demişik”.
Başqa tanınmış bəstəkarların fikirlərinə görə, bu əsər milli musiqimizin intonasiyaları üzərində yazılıb. Erməni musiqilərinin isə kilsə kanalları var. Yəni, bu musiqinin Azərbaycana məxsus olması ehtimalı böyükdür”.

Qeyd edək ki, Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimov Speys TV-nin “Sevimli mahnı” verilişində səslənən musiqinin ermənilərə aid olduğunu iddia etmişdi.


Müəllif: Xəzər Süleymanlı

BIR CAVAB BURAXIN