Nazirlər kabineti mətbuata güzəşt edir, yoxsa onu ələ salır?

0
567

Son illərdə Azərbayanda mətbuatın düşdüyü ağır vəziyyət heç kimə sirr deyil. Xüsusi ilə çap məhsullarının-qəzet və jurnalların vəziyyəti ildən-ilə pisləşməkdədir. Ölkədə inflyasiyanın artması və manatın devalvasiyasından da ən çox zərbə alan qəzetlər və jurnallar oldu.  Belə ki, ölkəmizə qəzet kağızı dollarla xaricdən gətirildiyindən  manatın devalvasiyası qiymətlərin təxminən 160-170 faiz artmasına gətirib çıxarıb. Bu isə bir şox qəzet və jurnalların fəaliyyətini dayandırmasına, tirajını aşağı salmağa məcbur olmasına, jurnalistlərin iş yerlərini itirməsinə yol açıb.  Ona görə də Azərbaycanda mətbuatın daha geniş miqyasda dövlət yardımına ciddi ehtiyacı var.  Bu baxımdan ötən gün Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə edilən dəyişiklik diqqəti cəlb edib. İlk baxışdan məsələnin mahiyyətindən xəbərsiz adamlar üçün bu dəyişiklik xoş təsir bağışlaya bilər. Belə ki, dəyişikliyə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına tətbiq edilən 0,50 faiz gömrük rüsumu  aradan qaldırılır. Amma bu güzəşt sadəcə olaraq olaraq Nazirlər kabineti tərəfindən baş aldatmaqdan başqa bir şey deyil. Daha dəqiq desək belə “güzəşt”qəzetlərin ələ salınması deməkdir. Bunu məsələ ilə bağlı apardığımız kiçik bir araşdırma da sübut edir. Belə ki, hal-hazıda bir vaqon kağız 60 ton olduğu halda 0,50 faiz gömrük rüsumu 218 manat edir. Bu, bir ton qəzet kağızında  3 manat 60 qəpik, 1 kiloqram da isə müvafiq olaraq 0,0036 qəpik edir. Bu isə bir ədəd qəzetin satış qiymətinə hər hansı bir təsir göstərməyəcək. Yəni Nazirlər kabinetinin bəh-bəhlə ölkə ictimaiyyətinə təqdim etdiyi “ güzəşt” faktiki olaraq mətbuata heç nə verməyəcək boş bir gurultudan başqa bir şey deyil. Nazrlər kabinetinə xatırlatmaq istəyirik ki, vaxtı ilə ulu öndər Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafına yardım etmək məqsədi ilə xaricdən gətirilən qəzet kağızlarını əlavə dəyər vergisindən azad etmişdi. Əslində indiki vəziyyətdə, yəni manatın devalvasiyasının qəzetlərə vurduğu zərbənin təsirini azaltmağın yolu zənnimizcə xaricdən idxal olunan qəzet kağızına qoyulan əlavə dəyər vergisinin aradan qaldırılması ola bilər. Yenə də qeyd edək ki, Azərbaycada dövlət səviyyəsində mətbuata müəyyən yardımlar edilir. Ancaq indiki vəziyyətdə zənnimizcə qəzet və jurnallara ən böyük güzəşt xaricdən gətirilən qəzet kağızına qoyulan əlavə dəyər vergisinin aradan qaldırılmasıdır.  Hər halda ulu öndər Heydər Əliyev də mətbuata münasibətdə vaxtı ilə belə bir addım atmışdı.  Ona görə də Nazirlər kabinetindən mətbuatı   ələ salmaq anlamına gələn “güzəşt” əvəzinə sözün həqiqi mənasında yardım edəcək qərarlar qəbul etməsini gözləyirik. Əks halda mətbuatı ələ salmağa xidmət edən belə “ güzəşt” baş aldatmaq təsiri bağışlayaraq milli dövlətçilik maraqlarımıza cavab verməyəcək…

BIR CAVAB BURAXIN