Rusiyada doğulmuş yəhudi, İsrail vətəndaşı, 31 yaşlı Ben Sion sosial şəbəkələrdə fenomenə çevrilib. Yüz minlərlə insan onu lənətləyir, bir o qədər də insan Benei “çox cəsarətli insan” sayırlar.
Səbəb maraqlıdır: Ben Sion özünü müsəlman kimi qələmə verərək hər bir müsəlman üçün müqəddəs sayılan, yəhudilərin ayaq basa bilmədikləri məkanlarda olur, orada selfi çəkir və sonra da fotolarını sosial şəbəkələrdəki profillərində paylaşır.
Arazinfo.com Milli.az-a istinadən xəbər verir ki, Rusiyanın Rostov-Don şəhərində doğulmuş Ben Sion bu yaxınlarda Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvidə olan Ben Sion orada zəvvarlarla çəkdiyi selfi fotolarını Facebook-dakı səhifəsində paylaşıb və yazıb: “Səudiyyə Ərəbistanın xalqı yəhudilərlə çiyin-çiyinə olmalıdır” (People of SaudiArabia would stand with Jewish Nation side by side).
O, Mədinədəki Məscid ən-Nəbəvidə çəkdiyi fotonu sosial şəbəkələrdə “Sionist Peyğəmbər məscidində” heşteqi ilə paylaşıb.
Üstəlik, Ben Sion məscidə əlində “tfillin”, yəni yəhudilərin Tövratı və dua üçün gərəkli nəsnələri yığdıqları çanta ilə yollanıb.
Səudiyyə Ərəbistanı, Livan, İordaniya, Misir, İran, Küveyt, İraq və s. müsəlman ölkələrində olan bu dövlətlərdəki məscidlərə, müqəddəs məkanlara müsəlman kimi daxil olur, orada “dua edən zəvvar” kimi dolaşır və fotolarını çəkir.
Ben Sion İranın Qum şəhərində də olub, orada özünü “müsəlman kürd” kimi təqdim edərək məşhur məscidləri dolaşıb.
2014-cü ildə Rusiyadan İsrailə mühacirət etmiş Ben Sion deyir: “Müsəlman ölkələrini dolaşmağım, müqəddəs məkanlarda fotolar çəkib paylaşmağım başqa mədəniyyətlərə və dinlərə sayğımın əlamətidir”.
Xatırladaq ki, Əlcəzair, Banqladeş, Bruney, İran, İraq, Küveyt, Livan, Liviya, Malayziya, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndə İsrail pasportlu şəxslər ölkəyə buraxılmırlar.
İran, Küveyt, Livan, Liviya, Səudiyyə Ərəbistanı, Sudan, Suriya və Yəməndə isə pasportunda İsrail vizası olanların ölkəyə girişi yasaqdır.
Ben Sionun fotoları sosial şəbəkələrdə yayılandan sonra İraq, Livan, Küveyt, Səudiyyə Ərəbistanı və İranda qalmaqal qopub, araşdırmalar başlanıb.