Ukrayna ordusu Luqanskda hücuma keçdi?

0
671

Ukrayna silahlı qüvvələri Luqanskda rusiyameylli separatçılar arasında son günlər yaşanan çaxnaşmalardan istifadə edərək hücuma keçib və bir neçə qəsəbəni geri alıb. Virtualaz.org xəbər verir ki, bu barədə ukraynalı könüllü Yuri Mısyaqin özünün Facebook səhifəsində yazıb. Onun bildirdiyinə görə, qoşunlar Svetladorsk rayonu istiqamətində qəfil hücum edib və bir neçə strateji yüksəkliyi alıb. Bir neçə qəsəbə azad edilib.
“Əməliyyat nəticəsində bir neçə kvadratkilometr ərazi bizim nəzarətimizə keçib, bölmələrimiz orada möhkəmlənib”-bloqqer bildirib. O, əməliyyatın 54-cü mexanikləşdirilmiş əlahiddə briqada və “Aydar” könüllü batalyonu tərəfindən həyata keçirildiyini yazıb. Qondarma “Luqansk xalq respublikası”nın nümayəndələri hələlik bu məlumatı nə təsdiq, nə təkzib edib.
Xatırladaq ki, Luqanskda “daxili işlər naziri” İqor Kornetə sadiq silahlılar separatçıların lideri İqor Plotnitskini faktiki olaraq hakimiyyətdən kənarlaşdırıb, bəzi “dövlət obyektlərini” ələ alıb. Plotnitskinin Rusiyaya qaçdığı haqda xəbərlər var.
Hələlik Ukrayna Müdafiə Nazirliyi də Luqanskda keçirilən hücum əməliyyatı barədə hər hansı məlumat vermir.

BIR CAVAB BURAXIN