Nobel mükafatını xəstəxanada alan bakılı alim – Stalinin əfv etdiyi Landau…

0
745
“Ən böyük günah, darıxmaqdır. Nə vaxtsa qorxulu bir məhkəmə qurulacaq, Allah soruşacaq ki, niyə darıxmısan, niyə həyatın gözəlliklərindən yetərincə zövq almamısan…”

Bu sətirlərin müəllifi dünyaca məşhur olan, Nobel mükafatı laureatı, görkəmli nəzəriyyəçi fizik Landaudur. Ciddi olduğu qədər, həm də “qeyri-ciddi” insan kimi yadda qalan, ailə durumundan asılı olmayaraq xanımlardan sevgisini gizlətməyən, eyni vaxtda beynində elmi araşdırma aparan və qarşısındakı insanla zarafat edən, SSRİ-də yaşamasına baxmayaraq, sovet rejimini lənətləyən, ömrünün bir ilini həbsxanada keçirən, mövcud ideologiyanın ziddinə gedərək “mən sərbəst düşüncəli insanam” deyən bakılı alim Landau. Yaxud dostlarının təbirincə desək, sadəcə Dau…

Arazinfo.com Modern.az saytına istinadən Bakıda doğulan məşhur alim Lev Landau haqqında yazını təqdim edir.

22 yanvar 1908-ci ildə Bakıda doğulan Landau imkanlı ailədə böyüyüb. Atası tanınmış neft mühəndisi, anası həkim olub. 13 yaşında gimnaziyanı bitirən Lev 14 yaşında Bakı Dövlət Universitetinin, həm də eyni zamanda 2 fakültənin – fizika-riyaziyyat və kimya fakültələrinin tələbəsi adını qazanıb. 3-cü kursdan təhsilini Leninqrad Universitetinin fizika fakültəsində davam etdirib. Sonra isə həmin universitetin aspiranturasına qəbul olunub. Landau 21 yaşında doktor elmi dərəcəsinə sahib olub. Gənc yaşlarından onun məqalələri dünyanın ən tanınmış alimlərinin diqqətini cəlb edib. 1929-cu ildə Lev Landau SSRİ xalq maarif komissarlığının göndərişi ilə Almaniya, Danimarka, isveçrədə təhsilini davam etdirib. Berlində olarkən Eynşteynlə, Kopenhagendə isə Nils Borla tanış olub. Sonralar o, dəfələrlə Nils Borla görüsüb və onu öz müəllimi hesab edib. 1932-37-ci illərdə Landau Xarkov Mexanika və Maşınmqayırma İnstutunun nəzəri fizika kafedrasına rəhbərlik edib. 1936-1937-ci illərdə o, “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradıb, bu problemlərə həsr olunan elmi məqalələrlə çıxışlar edib. Həmin dövrdə Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınıb və 1937-ci ildə o, Moskva Fizika Problemləri İnstitutuna dəvət olunaraq həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edib. Landau görkəmli alim olmağı ilə yanaşı, özünəməxsus qəribəlikləri ilə də fərqlənib. O, eyni zamanda bir neçə işi icra etməyi bacarıb. Beynində riyazi hesablamalar aparıb, qarşısındakı insanla söhbət edib, arada yaranan pauzalarda yumor hissini işə salaraq zarafat edib. Landau istədiyi adamla zarafat etməyi özünə haqq sayıb, hətta kimisə sözün əsl mənasında dolamaqdan çəkinməyib. Həyatında yeganə insan Hils Bor olub ki, təkcə onunla zarafatlaşmağı, “tikan batırmağı” özünə qadağan edib.

Xeyirxahlıq etməkdən zövq alan Landau vaxtının məhdud olmasına baxmayaraq zamanını insanlardan əsirgəməyib. Məsələn, yoldan keçən bir yaşlı insanı evinə qədər ötürməyi, yaxud tanımadığı bir adam ondan məsləhət almaq istəyərkən ona hər şeyi xırdalığına kimi başa salmağı Landau özünə borc sayıb. Hansı təhsil müəssisəsində çalışıbsa, orada ən maraqlı mühazirələr Landaunun mühazirələri sayılıb. Hətta humanitar yönümlü fakültələrin tələbələri bu mühazirələrdə iştirak etməkdən zövq alıblar.

Xanımlara qarşı laqeydliyini gizlətməyən alim bu məsələlərdə həyat yoldaşına da güzəştə getməyib. Bəli, elə məqamlar olub ki, o mənzilinə gətirəcəyi gənc xanım haqqında həyat yoldaşını əvvəlcədən xəbərdar edib. Və xahiş edib ki, bir müddət evin xanımı öz otağından çıxıb onlara mane olmasın. Beləliklə, bakılı alim həyat yoldaşı Koranın bir neçə saat paltar şkafında sakitcə oturmağına da nail olub. Bu “işgəncə”yə baxmayaraq Landaunun vəfatından sonra xanımı həyat yoldaşına olan sevgisinin təkənməz olduğunu bir daha etiraf edib: “Mənim dünyada ən böyük səadətim, ən böyük uğurum Dauya rast gəlməyim idi…”.

 

Tələbələri Landaunu belə xatırlayıblar: “O, pillələri uşaq kimi tullana-tullana qalxan, alabəzək qlstukları ilə seçilən, zarafatcıl, həmişə insanların arasında olmağı sevən, ətrafını zarafatları ilə əyləndirməyi bacaran bir dahi idi. Amma hərdən çox sərt olurdu. Əgər tələbə onun suallarını qane edəcək dərəcədə cavablandıra bilmirdisə fikrini kəskin bildirirdi: “Sən başqa işlə məşğul ol, səndən fizik olmayacaq”. Landau həyatsevər, daxilən azad, müstəqilliyini heç nəyə dəyişməyən şəxsiyyətlərdən olub. Onun öz yaşam tərzi, özünəməxsus iç dünyası olub…”.

Stalin repressiyalarının ölkəni bürüdüyü bir dövrdə Landau da “qara siyahı” düşüb. Xarkovda antisovet və antistalin təbliğatı aparan dəstənin üzvlərinə yardımçı olan alim “alman cəsusları ilə əməkdaşlığa” görə “NKVD” tərəfindən həbs olunub. Bu xəbəri eşidən dünya şöhrətli alimlər dahi alimin azadlığı üçün hərəkətə keçiblər. Fizika institunun direktoru, görkəmli alim Kapitsa və Nils Bor məktubla Stalinə müraciət ediblər. Onlar Lavrenti Beriya və Vyaçeslav Moloyovla görüşməyə nail olublar. Nəhayət, düz bir illik həbsxana həyatından sonra Stalin Landaunu əvf edib.

Həbsxana həyatından çox da narazı olmayan Landau sonralar həmin günləri də yumor hissləri ilə xatırlayıb:

“Əslində, həbsxana düşündüyünüz qədər də dəhşətli deyil. Mən bir neçə elmi kəşfimi məhz həbsxanada etdim. İkinci bir tərəfdən, Stalini bu məkanda daha rahat söymək olurdu…”.

Dayanmadan yeni elmi uğurlara imza atan Landau 1962-ci ildə ağır avtomobil qəzasına düşüb. Onun müalicəsi üçün dünyanın ən tanınmış alimləri köməklərini əsirgəməyiblər. Zəruri olan pereparatlar Amerikadan, Avropa ölkələrindən gətirilib. O cümlədən, azərbaycanlı həmyerliləri də Landaunu tək qoymayıblar. Beləliklə, Landaunu xilas etmək mümkün olub.

Xəstəxanada yatarkən Landau belə bir məktub alıb:  “Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi “Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”.

Landau səhhətindəki problemə görə, Nobel mükafatını almaq üçün İsveçə gedə bilməyib. Nobel Fondu ilk dəfə olaraq mükafatı İsveçin SSRİ-dəki səfiri ilə xəstəxanaya göndərib. Müalicədən sonra Landau elmi işlərlə ciddi məşğul olmaqdan imtina edib.1968-ci ildə Landaunun səhhətində gözlənilmədən ciddi problemlər yaranıb. Daxili orqanlarının əməliyyatından sonra onu ölümdən qaytarmaq mümkün olmayıb. Ölümündən qabaq isə Landau öz həyatından razılığını bildirib: “Mən bu həyatı yaxşı yaşadım. Mənə hər şey çatdı və mən hər şeyə nail oldum…”.İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN