Bakını idarə edənlər  -5-i Naxçıvandan, 3-ü Ermənistandan, 1-i Qusardan…

0
807

 

Bakının icra başçıları ilə bağlı mətbuatda məlumatlar tez-tez yazılır. Arazinfo.com Yenivaz.com-a istinadən yazır ki, yaşıllıqların qırılması və yerində binaların tikilməsi, 2-3 binanın ortasında olan kiçik bir ərazidə göydələnin ucaldılması, yolların tez-tez qazılaraq asfaltlanması kimi faktlar məhz sakinləri narahat edən məsələlərdəndir.

Lakin ümumi şəkildə Bakı desək də, onun hissələrini təşkil edən ayrı-ayrı rayonların abadlaşmasında heç şübhəsiz ki, icra başçılarının da xidməti az deyil. Bakının icra başçıları arasında eləsi var ki, 20 ildən çoxdur, eləsi var 20 ilə yaxındır, eləsi var 10 ildən çoxdur, eləsi də var 2-3 ildir. Bakının rayonlarının icra başçılarının hamısının bakılı olması təbii ki, şərt deyil, ancaq indiki icra başçıları arasında əslən bakılı olanların sayı çox azdır – cəmi 1 nəfər. İcra başçılarının tərcümeyi-halına əsasən deyə bilərik ki, onların çoxu digər rayon və bölgələrdə doğulublar, əksəriyyəti isə Naxçıvandan və Qərbi Azərbaycandandır.

Başlayaq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan. O, 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Lakin Hacıbala müəllim əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır. Onu da əlavə edək ki, H. Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Evqeniy Fyedoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 1987-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Bakı Şəhər İcra Hakimiyyətinin saytında onun haqqında yazılan məlumatda qeyd olunur ki, Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

O da bildirilir ki, Bakı merinin rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib.

16 ildir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub. Bundan sonra, cəmi 1 il Baş nazirin müavini vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

12 ildir Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Abdin Fərzəliyev də əslən naxçıvanlıdır. 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H. Z. Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetməsi” fakültəsini bitirib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Naxçıvanda doğulub. Asif Əsgərov 1966-cı ildə Naxçıvan şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib. 1994-cü ildən cüdo üzrə Respublika yığma komandasının rəisi olub, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.

1996-cı ildə Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini vəzifələrində çalışıb.

2006-cı ildə Zaqatala Rayon İcra Hakimiyyətinə başçı təyin olunub. 2009-cı ildə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2015-ci ildən isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır.

Fəlsəfə doktoru, dosent, professor, idman ustası, Respublikanın Əməkdar Məşqçisi, Respublika dərəcəli hakimdir.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının idarə olunması və istehsalın təşkili şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı nazirinin köməkçisi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Nizami Bələdiyyəsinin sədri vəzifələrində çalışıb. Prezidentin sərəncamı ilə 2011-ci ildə

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2015-ci ilədək bu vəzifədə çalışıb. Dövlət başçısının 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1962-ci il aprelin 27-də Naxçıvanda anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

Dövlət başçısının 2005-ci il sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub. Beş il bu vəzifədə çalışdıqdan sonra, 2010-cu ildə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Süleyman Mikayılov həmçinin Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov – Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub. Razim Məmmədov 16 ildir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısıdır. Dövlət başçısının 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Suraxanı Rayon İcra Hakimiyətinin başçısı İlqar Abbasov da Ermənistan SSR Sisiyan rayonunda doğulub. 12 ildir ki, bu vəzifədə çalışır. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı işləyib. Prezidentin sərəncamı ilə 2005-ci ildə Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı 22 ildir bu vəzifədə işləyir. Digər icra başçılarından fərqli olaraq Gülağa İslamov əslən Bakılıdır. O, 1948-ci ildə Bakı şəhərində anadan olub. Dövlət başçısının sərəncamı ilə 1995-ci ildə bu vəzifəyə təyin olunub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda anadan olub. Əslən Qusar rayonundandır. 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

Eldar Əzizov bu vəzifəyədək bir neçə rayonun icra başçısı vəzifələrində çalışıb. Belə ki, dövlət başçısının sərəncamı ilə ilk dəfə 2000-ci ildə Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Bundan sonra 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayından Səbail rayon İcra Hakimiyyətinin başçısıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Difai” kitabının müəllifidir.

Binəqədi Rayon İcra Hakimiyətinin başçısı Xaləddin İsgəndərov 1962-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Xanqərvənd kəndində anadan olub. 1992-2001-ci illərdə “Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb.

2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə işləyib.

Dövlət başçısının 26 aprel 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 4 ildir ki, bu vəzifədə çalışır. 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışıb. Prezidentin 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində şöbə müdiri vəzifəsində çalışıb. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifəsində işləyib. 2003-2012-ci illər ərzində təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb. Dövlət başçısının sərəncamı ilə 2012-ci ildə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

 

BIR CAVAB BURAXIN