Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.
Azərbaycan şahmatçıları VIII turda turnir cədvəlinin birinci pilləsində qərarlaşan Rusiya millisi ilə qarşılaşıblar.
Görüşün birinci lövhəsində Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, ikinci lövhədə isə Teymur Rəcəbov Yan Nepomnyaşnını 1:0 hesabı ilə məğlub edib. Şəhriyar qara, Rəcəbov isə ağ fiqurlarla oynayıb.
Üçüncü lövhədə Arkadi Naydiç Maksim Matlakovla münasibətlərinə aydınlıq gətirib. Görüş şahmatçımızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə Azərbaycan sonuncu – dördüncü lövhədə Rauf Məmmədov və Danil Dubovun görüşünün nəticəsindən asılı olmayaraq Rusiya yığmaasını məğlub edib və xallarının sayını 13-ə çatdıraraq liderliyə yüksəlib.
Rusiya isə 11 xal ilə ikinci pilləyə düşüb.