Rusiyalı deputatlar İrəvana qarşı – Məhkəmə

0
656

Rusiya Dövlət Dumasının deputatlarından, Rusiya İctimai Palatasının üzvlərindən, ekspertlərdən və hüquqşünaslardan ibarət bir qrup şəxs Beynəlxalq Ədalət Məhkəməsinə müraciət hazırlanması üçün işçi qrupunda bir araya gələcək.

Report-un məlumatına görə, işçi qrupunun rəhbəri, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deputatların və İctimai Palatanın üzvlərinin dünya ictimaiyyətini nasistləri və onlarla əməkdaşlıq edənləri qəhrəmanlaşdıran ölkələrə hüquqi qiymət verməyə çağırmaq niyyətində olduğunu bildirib.

“Beynəlxalq Ədalət Məhkəməsində əleyhinə iddia qaldırılacaq ölkələrin biri də Ermənistan olacaq. Ermənistanın özündə də artıq Qaregin Njde və Drastaman Kanoyanın əbədiləşdirilməsinin faşizm tərəfdarlarının qəhrəmanlaşdırılması olması barədə suallar yaranlr. Ermənistanlı həmkarlarımızı Njdenin abisəsini ləğv etməyə çağırırıq. Ermənistanda belə adamlara abidə ucaldılırsa, Rusiyadan yardım istəməyə, “soyqırımı” məsələsində müdafiə olunmağı istəməyə gərək yoxdur”, – S.Markov deyib.

O, işçi qrupunun Beynəlxalq Ədalət Məhkəməsində insanlığa qarşı cinayətlərə görə ittiham edilməli olan şəxslərin, eləcə də onların bu cür cinayətlərdə iştirakı barədə faktiki materialların olduğu mənbələrin siyahısını hazırlamaq niyyətində olduğunu açıqlayıb.

“Qrupumuz icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli işləyəcək, bu cür əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırıq. Bu zəruridir, çünki KİV-də, təəssüf ki, faşizmin tərəfdarlarının addımlarını ört-basdır eləmək cəhdləri var”, – S.Markov əlavə edib.

Nasizmin informasiya sahəsində təqibi məsələsinin əhəmiyyətini Rusiya və Belarus İttifaq dövlətinin İctimai Palatasının üzvü, tarixçi Dionis Kaptar da dəstəkləyib. Onun fikrincə, ictimaiyyət “vicdansız təbliğat” yolu ilə aldadılır.

“Axı ermənilərin əksəriyyəti Njdeni Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan şəxs kimi tanıyır. Amma onun iki dəfə terrorçu olması və kollaborsionist (düşmənlə əməkdaşlıq edən xain – red.) kimi dünyadan köçməsini bilmirlər”, – D.Kaptar bildirib.

Öz növbəsində, Rusiya Dövlət Dumasının deputatı İldar Bikbayev Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması və onun tərənnümünün gənclərin başını aldatmaq məqsədilə edildiyini vurğulayıb: “Bu vəziyyət ötən əsrin 30-cu illərinin əvvəllərində Almaniyada olan durumla çox oxşardır. O zaman nasistlər gündəm olmağı bacarmışdılar. İndi isə Rusiyanın perimetri boyunca yerləşən ölkələrdə eyni yolla nasistlər hakimiyyətə gələ biləcəyi ilə bağlı narahatlıqlar var”.

Qeyd edək ki, işçi qrupunun üzvləri fəaliyyətinin əsası kimi yayda Rusiyanın internet seqmentində yayılmış nasizmin qəhrəmanlaşdırılmasına qarşı olan petisiyanı qəbul edir. 200 mindən çox imza toplayan petisiyanın müəllifi rusiyalı politoloq Aleksandr Perenciyevdir.

BIR CAVAB BURAXIN