Kərə yağı adı altında satılan ucuz qidalar əslində sintetik məhsullardan hazırlanmış yağa bənzər maddələrdir.
Arazinfo Axar.az-a istinadən xəbər verir ki, bu sözləri medicina.az-a qida mütəxəssisi, həkim-dietoloq Leyla Zülfüqarlı mağazalarda ucuz qiymətə satılan müxtəlif çeşidli yağların keyfiyyətindən danışarkən deyib.
Dietoloqun sözlərinə görə, saxta yağlar ürək, qan-damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur: “Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Bu gün ölkədə satılan yağların 80 faizini trans yağları təşkil edir”.
Həkim bildirib ki, bərk yağa bitki yağı əlavə edərək yeni yağ hazırlayıb satışa çıxarırlar. Bu da insan orqanizmi üçün həddən artıq ziyandır:
“Doymuş və doymamış yağ turşularını bir-birinə qatışdıraraq hazırlanan kərə yağları vücud üçün zərərdən başqa bir şey deyil. Bərk yağa bitki yağı əlavə edilir. Orjinal yağın tərkibi isə bir olmalıdır. Günümüzdə su qatılaraq hazırlanan saxta yağlar da var”.
L.Zülfüqarlı orijinal kərə yağını digər saxta yağlardan ayırmağın yollarının da göstərib:
“Orijinal kərə yağının yağlılıq dərəcəsi 82,5 faizdən aşağı olmamalıdır. Əsl kərə yağı saman sarılığında olmalıdır”.