Bir yalan haqqında: ürək ağrılı qeydlər

0
672

Kulis.az-da “Yazıçılar Birliyində öldürülən məşhur yazıçı – Hadisənin şahidi yazır…” başlığı altında dərc edilmiş yazını oxudum.

Sovet dövrü Azərbaycan ədəbiyyatının inkişafında danılmaz xidmətləri olan ədibimiz Mehdi Hüseynin ölümü haqqında təfərrüatda diqqətimi bir yalan məlumat cəlb etdi. Söhbət bu təfərrüatın içində Qasım Qasımzadəyə aid epizoddan gedir.

Məsələ burasındadır ki, haqqında danışılan iclasda Qasım Qasımzadə ümumiyyətlə heç iştirak etməyib. Hadisənin “şahidi” hansı məsuliyyətsizliklə bu yalanı oxuculara sırımağa cəhd edir? Məqsədi nədir? Bəlkə o iclasda heç özü iştirak etməyib və kimdənsə, hansısa versiyada eşitdiklərinin üstünə özü də nələri isə əlavə edib? İştirak edibsə, axı Qasım Qasımzadəni orada görməməli idi, çünki orada yox idi, o müdhiş hadisə baş verəndə sadəcə öz mənzilində idi.

Mən bəzi başqa təfərrüatları vaxtilə Qasım müəllimin öz dilindən eşitsəm də bunların üzərindən keçirəm, hərçənd müəllifin iddia etdiyi nyuanslar eşitdiklərimlə müqayisədə şübhə doğurur. Bunları qoyuram bir kənara və buraxıram müəllifin öz vicdanına.

Yalnızca Qasım Qasımzadənin o iclasda iştirak etməməyini xüsusi olaraq vurğulayıram və bunun təkidlə yalan olduğunu qeyd edirəm. Heç şəksiz, həmin iclasın arxivdə protokol materialları olmamış deyil. Ciddi tədqiqatçısını gözləyir ki, o uzaq tarixdə baş vermişləri olduğu kimi araşdırsın.

Və bu da taleyin nəhs qismətidir ki, o uzaq tarixin bir növ canlı şahidi şəxsən özüm olmuşam. İstərdim Mehdi Hüseynin ölüm xəbərinin Qasım müəllimi necə haqladığı barədə uşaqlıq xatirəmi yazım. Bəlkə də yadımda qalmazdı, amma hadisənin yaddaşımda iz salmasının səbəbi var. Olduğu kimi yazıram.
Evdə telefona cavab verən Qasım müəllim salamlaşaraq sadəcə “nə var, nə yox” deyir. Həmsöhbətindən nə eşidirsə, qayıdıb soruşur: “Hara getdi?” Və aldığı cavabdan vaysınaraq “Nə danışırsan əşi?” deyir. Və Qasım müəllim üzündə kədər ifadəsi dəstəyi asır. Nə isə bəd xəbər olduğunu duyan anam Tamara xanımın sorğulu baxışlarına cavab olaraq “Mehdi Hüseyn rəhmətə getdi” deyir. “Rəhmətə getdi” ifadəsinin “öldü” demək olduğunu yalnız o zaman bildim və Mehdi Hüseyn adını da ilk dəfə onda eşitdim. Və, çox güman, bu epizodun uşaq yaddaşımda yer almasının əsas səbəbi məhz bunlar idi.

Bir daha təəssüflənirəm yuxarıda qeyd etdiyim yazıda getmiş o kiçicik epizoda ki, Qasım müəllimlə bağlı hissəsi ümumən heç yerl-dibli olmayıb.

Mehdi Hüseyn şəxsiyyətinə gəlincə isə, Qasım Qasımzadə ona dərin hörmət bəsləyib. Bu, onun ailə üzvləri – EA Ədəbiyyat İnstitutunda uzun müddət rəhbərlik etdiyi şöbədə çalışmış qızı Zivər xanıma, kürəkəni akademik Teymur Bünyadova münasibətinə də təbii olaraq sirayət etmişdi…

Qasım Qasımzadənin Mehdi Hüseynlə münasibətləri maraq doğurursa, onun bir məqaləsini oxumaq yetər. “Ədəbiyyat fədaisi” adlı bu məqaləsində münasibətlərinin tarixini, ədibin xidmətlərini qələmə alıb. Əlbəttə, faktdır ki, aralarında soyuqluq yaşananan anlar da olub, həmin məqalədə bunlara da toxunulur. Qasım Qasımzadə “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsində çalışanda qəzetdə bəzən Yazıçılar İttifaqının sədri Mehdi Hüseyni tənqid edən yazılar da gedirmiş. Onun redaktor bioqrafiyasında xüsusi yer tutan ən müsbət məqamlardan (“Novruz bayramı” sərlövhəsinə görə yazılı partiya töhməti almışdı, Dərbənddə açılmasına icazə verilən Azərbaycan dilində teatra kömək məqsədilə material dərc etdiyinə görə “milli həddi aşmaq” suçlaması ilə ona mərkəzi komitədın xəbərdalıq edilmişdi, Xəlil Rzanın “Azadlığı istəmirəm qram-qram şeirini dərc etdiyinə görə ona töhmət vermişdilər və s.) biri də budur: sovet imperiyası dövründə bəlkə də yeganə qəzet redaktoru olub ki, öz vəzifəsini itirmək qorxusu olmadan tabeçiliyindəki orqanın rəhbəri haqqında tənqidi yazılar verirmiş. O zaman, 1963-cü ildə, o kədərli hadisədən iki əvvəl vəzifəsindən getməyinə də əsas səbəb bu olub.


Müəllif: Nəriman Qasımoğlu

BIR CAVAB BURAXIN