Şamaxıda 1 sot torpağı 2 manata alan bəxtəvər: AzTV sədrinin ailə biznesi barədə kiçik arayış…

0
829

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun özünün və ailə üzlərinin adına rəsmiləşdirdiyi mülk və əmlaklar haqqında yayılan məlumatlar cəmiyyətdə şok effekti yaradıb. Alışanovun qızları  Nigar və Aynur, bacısı qızı Nilufərə aid Şamaxı rayonunda üst-üstə 69 hektar torpaq sahəsi və əmlak komplekslərinin rəsmi sənədlərinin təhlilindən məlum olur ki, AzTV sədrinin ailə üzvləri təkcə bu rayonda 4 milyon manatlıq varidata malikdir.  Alışanovun qızının sürücüsünün əmlakı isə  qızların varidatından daha çoxdur və bu, quru maaşla dsolanan vətəndaşın imkanlarından xeyli dərəcədə kənara çıxır.
Ötən gün azadliq.info-da yayımlanan “Arif Alışanov son dörd ildə Şamaxıda 10 milyon manatlıq “yatırım” edib” başlıqlı yazıda onun Şamaxının bərəkətli  torpaqlarını hətta 4-5 qəpikdən rəsmiləşdirməsindən bəhs edilir. Arif Alışanovun qızının sürücüsü Hacı Babayevin apardığı 50-yə yaxın alqı-satqı əməliyyatını təsdiqləyən müqavilə və daşınmaz əmlaka dair çıxarışlar isə AzTV sədrinin təkcə Şamaxıda geniş torpaq sahələrinə sahibləndiyini təsdiq edir.
25 iyul 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Hacı Babayev Şamaxı rayonu Nağaraxana kəndində 3  hektar torpaq sahəsini mülkiyyətinə keçirib. Daha 1 hektar torpağın çıxarışı həmin ilin sentyabrın 11-nə, 1.63 hektar torpağınkı fevralın 4-nə, 4.06 hektar torpağınkı ondan bir gün sonraya – fevralın 5-nə, 2.32 hektar torpaq sahəsinin çıxarışı isə yenə keçən ilin mart ayının 3-nə təsadüf edir.
2013-cü il iyul ayının 3-də bağlanan alqı-satqı müqaviləsinə əsasən Babayev Şamaxı rayonunun Əhmədli kəndində 29197.67 kv/m. torpaq sahəsini Alışov Alşan Nəzir oğlu, Alışova Bənövşə Beydi qızı, Alşanova Amidə Alşan qızı, Alşanov Nazir Alşan oğlu, Alşanov Elman Alşan oğlundan 4200 manata satın alıb. Soyadlardan göründüyü kimi, ailə arasında olan bir sövdələşmədir. Satışı etibarnamə ilə Həsənov Ağacan Səməd oğlu həyata keçirib. Torpağın hektarı cəmi 1400 manat, 1 sotunun qiyməti 14 manatdan düşüb. Lap xırdaçılığa gedək, bu minvalla 1 kv/m.-i 14 qəpik edir.
Babayev yenə həmin ilin oktyabrında rayonun Qızmeydan kəndində 5.786874 hektar torpağı 4970 manata əldə edib. Bunun da hektarı 859, sotu 8.59, kv/m.-i 0.08 manatdan hesablanıb. Satıcılar – Nasur, Südabə, Qalib Həzrətquliyevlər və Cəbiyeva Sədaqət Nəsur qızı olub.
Azərbaycanda 2 manata 1 sot torpaq almaq mümkünmüş
2014-cü il yanvarın 14-də bağlanan alqı-satqı müqaviləsində Hacı Babayev Beloqurov Nikolay Vasilyeviçdən Qızmeydan kəndində 7.233186 ha torpağı 5010 (sotu 6.93 manat), başqa bir müqavilə ilə yenə eyni adamdan 4.0672 ha torpağı 2800 (sotu 6.88 manat), daha 3.933177 ha torpağı 2900 (sotu 7.37 manat), yanvarın 21-də kənd ərazisində 2.8894 ha torpaq sahəsini Pirməmmədov Atakişi Həsrət oğlundan 2500 (sotu 8.65 manat), fevralın 18-də Ukleina Yekaterina Vasilyevnadan 3.2529 ha torpağı 4500 (sotu 13.83 manat), fevralın 7-də Şücayət Əkbərova verilən etibarnaməəsasında Pirməmmədova Tamella Məmmədəli qızından rayonun Nağaraxana kəndində 3.7787 ha torpaq sahəsini 20 min manata (sotu 52.92 manat) alıb.
Torpağa “rekord” qiymət – 2 qəpik
Aprel ayının 3-də də Babayev İldırım, Mayis, Toğrul Hüseynovlar və Musalı Mənzər Gümrah qızından Nağaraxana kəndində 3.48 ha torpaq sahəsini cəmi 800 manata əldə edib. Bunun da hektarı 230, sotu 2.30, kv/m.-i 0.02 manatdan düşüb. Eyni ildə Hacı .Babayev 1190 kv/m. torpağı Şamaxı rayonunun Qəleybuğurt kəndində Səlimova Niğar Kamal qızından 1200 (kv/m.-i 1-cə manat), həmin xanımdan daha 39480 kv/m. sahəni 30 min (kv/m.-i 0.76 manat), 16590 kv/m.-i 9 min (kv/m.-i 0.54 manat), 597 kv/m.-i 1000, Sadıqov Səlim Ənvər oğlundan (bütün əmlakıəlindən alınan Səlimə Sadıqovanın qardaşı-red.) 4000.03 kv/m. torpağı 9 min (kv/m.-i 2.25 manat), yenə Nağaraxana kəndində Hüseynov Amil Əmir oğlu, Axundova Rima Əmir qızı, İsmayılova Ülkər Əmir qızından 28350 kv/m. torpağı 14 min (kv/m.-i 0.49 manat), Əlişanova Mehriban Nadir qızından (o da Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi, ev 10644A, mənzil 57 ünvana qeydiyyatdadır vəsoyad, ünvana baxılsa ailədəndir) 47200 kv/m. torpağı 39 min (kv/m.-i 0.82 manat), 46100 kv/m.-i Səfərov Kamal Hüseyn oğlundan (nümayəndəsi Ş.Əkbərov vasitəsilə) 50 min (kv/m.-i 1.08 manat), Mütəllimov Bəşarətin Şahvələd oğlu, Mütəllimova Nazlı Cavad qızı, Babayeva Rəna Bəşarətin qızından 31800 kv/m. torpaq sahəsini 10 min (kv/m.-i 0.31 manat), 21200 kv/m. torpağı Mütəlimova Zümrüd Həbib qızı və Allahverdiyeva ValidəŞahvələd qızından 10 min (kv/m.-i 0.47 manat), nümayəndəsi Ş.Əkbərov vasitəsilə Həsənov Bəhruz Abı oğlundan 2400 kv/m. torpağı 3 min (kv/m.-i 1.25 manat), yenə həmin şəxsdən 12200 kv/m. torpaq sahəsini 10 min manata (kv/m.-i 0.82 manat) satın alıb.
Babayev daha 11400 kv/m. torpağı Məmmədov Rahim İnqlab oğlundan 10 min (kv/m.-i 0.88 manat), 53100 kv/m. torpağı Xankişi, Mirvari, Şəfa, Fərhad Əliyevlər və Hüseynova Fərqanə Xankişi qızından 10 min (kv/m.-i 0.19 manat), yenə Ş.Əkbərovun nümayəndəsi olduğu Qəhrəmanov Astan Nurməmməd oğluna məxsus 10540.4 kv/m. torpağı 10 min (kv/m.-i 0.95 manat), rayonun Qızmeydan kəndində 9.04 ha torpaq sahəsini İmaməli, Seymur, Zarina, Elnur, Parqat Məmişovlardan 5 min manata satın alıb. Bunun da hektarı 553, sotu 5.53, kv/m.-i 0.05 manatdan hesablanıb. Torpağın kvadratmetri vur-tut 5 qəpiyə rəsmiləşdirilib. Müqavilələri dəfələrlə oxumuşuq, yanlış rəqəm yoxdur. Bu alqı-satqı əməliyyatları 2014-cü ildə Şamaxı rayon Notariat kontorunda notarius Yaşar Eyyubov tərəfindən aparılıb. Dünyada daşınmaz əmlaka ən ucuz qiymət kateqoriyası mövcud olsaydı yəqin ki, bu rəqəmlər Ginnesin rekordlar kitabına düşərdi. Bu Hacı müəllimə telefon açıb 2 qəpiklik torpaqlardan bizə də təşkil etməsini xahiş etmək lazımdır. Lap 5 qəpikdən də ödəmək olar, axı insaf da yaxşı şeydir.
Bütün şübhəli əməliyyatları bir notarius aparıb
Hacıyev 2015-ci ildə – ölkədə böhran başlayanda da sərmayə qoyuluşuna ara verməyib, Şamaxıda torpaq sahələri almağa davam edib. Həmin ildə bağlanan alqı-satqı müqavilələrinəəsasən yenə rayonun Nağaraxana kəndində nümayəndəsi Ş.Əkbərov vasitəsilə10000 kv/m. torpaq sahəsini Həşimov Əlisəfa Ərəstan oğlundan 10 min (kv/m.-i 1 manat), 40000 kv/m. torpaq sahəsini (10000 kv/m. tikinti məqsədli, 30000 kv/m. kənd təsərrrüfatı məqsədli) 30 min (kv/m.-i 0.75 manat), 17500 kv/m. torpağı Səfərov Kamal Hüseyn oğlundan 50 min (kv/m.-i 2.86 manat), satıcılar İlxar, Eldəniz, Əlizadə, Səhərgül, Nəriman Cabbarovlardan 56590 kv/m. torpaq sahəsini 120 min manata (kv/m.-i 2.12 manat) satın alıb.
23 oktyabr 2015-ci ildə həmin Cabbarovlar Şamaxının Nağaraxana kəndində 34800 kv/m. torpağı Namazov Müsabi Əfqan oğluna cəmi-cümlətanı 1500 manata veriblər. Söhbət 3.5 ha torpaq sahəsindən gedir. Kv/m.-i 0.04 manatdan hesablanıb. Qeyd edək ki, Alışanovun çevrəsinə aid bütün şübhəli əməliyyatları bir notarius – Yaşar Eyyubov aparıb. Sanki Şamaxı Notariat kontorunda Eyyubovdan başqa notarius yoxdur. Həmin ilin noyabrın 25-də Müsabi Namazov 34800 kv/m. torpağı Muradova Arzu Nizam qızına (Nərimanov rayonu, Hidayətzadə küçəsi ev 20 A, mənzil 102 ünvanında yaşayan) 10 min manata satıb. A.Muradovanın əvəzinə müqaviləni Ş.Əkbərov imzalayıb. Yəni, Müsabi torpağı 1500 manata alıb, 1 ay sonra 10 min manata Arzu xanıma satıb.
“Bala Heydər”-lə Alışanov arasında müəmmalı sövdələşmə
Qayıdaq yenə Hacıəfəndiyə. Göründüyü kimi, Babayevin əmlakının sayı-hesabı yoxdur, amma artırmağa da davam edib. Kvadratı 4-5 qəpiyə daşınmaz əmlakı nənəm də alar. 2016-cı ildə də Şamaxı rayonu Çuxuryurd kəndində 23600 kv/m. ərazini və üzərindəki daşınmaz əmlakı “Qorqud Sığorta” MMC-dən 100 min manata satın alıb. Satıcı kimi Əliyev Heydər Həsən oğlu çıxış edib. Bu, həmin o Heydərdir ki, “Qorqud Holdinq”-in məşhur sahibidir və ləqəbi də “bala Heydər”dir. Bu alqı-satqının qiyməti də real bazar dəyərindən xeyli ucuz olub. Çünki üzərində tikililəri ola-ola kv/m.-i cəmi 4.24 manatdan rəsmiləşdirilib. H.Əliyev hələ o qədər kasıblaşmayıb ki, əmlakını “su qiymətinə” bir sürücüyə peşkəş eləsin. Əlqərəz. Hacı Babayev Nağaraxana kəndində də 33556.5 kv/m. torpağı Hacı, Lalə, Novruz Həmzəyevlərdən cəmi 1700 manata (kv/m.-i 5 qəpik) əldə edib. Yenə kənddə 40600 kv/m. torpağın alqı-satqısında “ağ” ediblər – 4.06 ha torpağı cəmi 3500 manata (kv/m.-i 0.08 manat) rəsmiləşdiriblər. Alıcı məlum, H.Babayevdir. Satıcılar – Habil, Qurban, Qumya, Mahir, Rafiq, Elman Bayramovlar və Haqverdiyeva Fərqanə Qurban qızıdır.
2016-cı il fevralın 26-da (Xocalı soyqırımının ildönümündə də Alışanov biznesindən qalmırmış) bağlanan alqı-satqı müqaviləsində də H.Babayev Nağaraxana kəndində Abiyət, Təranə, Ayşən, Aytən Nuralıyevalardan 2.32 ha torpaq sahəsini 2300 manata satın alıb. H.Babayevin əvəzinə müqaviləni etibarnaməli nümayəndəsi Hüseynov Aqşin Tarix oğlu imzalayıb.
5 hektar üçün 30 manat vergi
Beləliklə, sürücü Hacı Babayev 32 alqı-satqı müqaviləsi iləümumilikdə 101.2 hektar daşınmaz əmlaka rəsmi şəkildə 595 380 manat pul ödəyib – yəni yarım milyon manatdan bir 100 min dəçox. 1 hektar orta hesabla 5 884.36 manat, 1 sot 58.84 manat, 1 kv/m. 0.59 manatdan düşüb. Torpağın kv/m.-nin orta qiyməti cəmi 59 qəpikdir. Baxmayaraq ki, 4-5 qəpikdən də torpaqlar alıblar. Bundan əvvəlki yazıda Şamaxı rayonunun kəndlərində torpaq sahələrinin faktiki bazar qiymətlərini elanlar əsasında qeyd etmişdik. Və onların arasında 59 qəpiyə torpaq yoxdur. Bu adamların ucuz rəsmiləşdirdikləri torpaqların sotunun faktiki bazar qiyməti iki min manat civarındadır və artıq bir neçə ildir ki, bu qiymət qüvvədədir. Heç kimə sirr deyil ki, verginin az hesablanması üçün tərəflər müqavilə bağlanarkən faktiki bazar qiymətlərini deyil, vergi məbləğini aşağıedəcək bir qiymət yazırlar. Notariuslarda da bunu yaxşı bilirlər və vergidən yayınmaya rəvac verirlər. Misal üçün, Alışanovun bacısı qızı Nilufər Cəfərovanın adına alınan əmlakın alqı-satqı müqavilələrindətutulan vergi məbləği dəqeyd olunub. Satış qiyməti 25 min manata rəsmiləşdirilən 6.5429 ha torpaq sahəsi üçün hesablanan vergi məbləği cəmi 39.26 manatdır. Halbuki, 6,5 hektar torpağın real satış qiyməti yazılsaydı, bundan heç olmasa 20-30 dəfə artıq vergi ödənməliydi. Satış qiyməti 25 min manat olan 5.066 ha torpaq sahəsindən tutulan vergi məbləği də cəmi 30.4 manat yazılıb. Alqı-satqı aparanlar bilirlər ki, bazar qiyməti ilə rəsmiləşdirsələr həm xərcləri çox çıxacaq, həm də “başları ağrıyacaq”.
AzTV sədrinin aktivində nağd 185 hektar torpaq var
H.Babayevin müqavilələrdə göstərilənlərdən əlavə 12 hektar da torpağının çıxarışı var. Yəni, AzTV sədri Arif Alışanovun qızı Nigar xanımın sürücüsünün Şamaxıda faktiki 113 hektar torpaq sahəsi mövcuddur. 3.48 ha torpaq da ailənin yaxını olan Arzu xanımın adınadır. Bunların da üzərinə Alışanovun qızları Nigar və Aynurun, eləcə də bacısı qızı Nilufərin daşınmaz əmlakını gəlsək, üst-üstə 185 hektar torpaq sahəsi və daşınmaz əmlak kompleksləri var. Bütün bunları da ən aşağı bazar qiyməti ilə hesablayanda 9-10 milyon manat civarında bir vəsait edir. Yəni, Alışanovun hay-küy qaldırdığıəmlakıəslində, ən pessimist hesablamalarla söyləndiyindən ikiqat artıq dəyərdədir. Amma Arif müəllimin yaxınları onu dəyərindən xeyli ucuz rəsmiləşdirib. Bunun üçün də zavallı sürücünü qabağa veriblər. Necə ki, Azərbaycan Beynəlxalq Bankının işində kedit müqavilələrinə imza atanlar “yandılar”, postalışanov dövründə də bu adamın əlli-ayaqlı gedəcəyi indidən bəllidir. Yəqin ki, Alışanovun daşınmaz əmlakı bunlarla məhdudlaşmır, sadalananlar onun yalnız həbsə atdırdığıƏkbərovun vasitəçiliyi iləŞamaxıda aldığı torpaqlardır. Bundan dəfələrlə artığına o paytaxtda və bölgələrdə yatırım edib. Çünki, Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqovanın iddiasına görə, cənab Alışanov onun lizinqə götürdüyükənd təsərrüfatı avadanlıqlarını başqa rayonlardakı fermer təsərrüfatlarında istifadə etdirir. Bununla yanaşı, bugünlərdə AzTV sədrinin xaricdəki əmlaklarının da fotoları mətbuata ötürülüb.
Adi bir sürücüdə bu qədər vəsait haradandır? Adama elə gəlir ki, sürücü Hacı Babayev Şamaxının 3-4 kəndini tam satın alıb. Əslində, mütəşəkkil dəstə buna deyərlər. Alışanov bütün ailəsini, qohum əqrəbasını və işçilərini də bu oyuna daxil edib. Özü isə məmur olduğundan rəsmiləşdirmədə iştirak etmir. Qiymətlərə baxılsa, ortada böyük bir maxinasiya da var.Alışanov 2010-cu ilin noyabr ayında keçirilən parlament seçkilərində 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat olub. Qızlarının adına saysız-hesabsız əmlak aldığı illərdə o, millət vəkili idi. 2006-cı ildən də dövlətin 100 faiz səhmlərinə sahib olan bir qurumun başındadır.
Qazandığın sənə qalsın, ödədiyini açıqla, cənab Alışanov!
Qonşu Rusiyada artıq ikici onillikdir ki, məmurlar gəlirlərini deklarasiya edirlər. Bürokratın biri gəlirləri kimi anasının kapitalını göstərməyi unudub. Başqa biri yoxlayanlara əmanət kitabçasında qalan 20 rublun onların diqqətinə layiq olmadığını izah etməyə bir saatını itirib. Bir başqa məmurun işdən qovulma səbəbi isə arvadının əyalətdə olan 3 sotluq torpağını göstərməyi yaddan çıxartmasıdır. Nəticədə korrupsiyanın real indikatorları və maraqlar konflikti diqqətdən kənarda qalır. Bizdəməmurlar bütün varidatını ailəüzvləri, qohumları, yaxınları, dostlarının adına keçirib biznesini rahatca idarə edir. Əmlaklarını bəyan etsələr belə “tərtəmiz” çıxacaqlar. Yəni adlarında heç bir əmlak görməyəcəksiz, ya da uzaq bir kənddə ata-babadanqalma mirası gözümüzə soxacaqlar.
Korrupsiya ilə mübarizə aparanlar uzun illər siyasi liderləri inandırmağa çalışıblar ki, aktivlər haqqında bəyannamə azdır, xərcləri də nəzarətə götürmək lazımdır. Bu fikrin əsasında sadə bir ideya yatır: cəmiyyət və nəzarətedici orqanların hər vicdansız bürokratın əlini tutması mümkün olmaya bilər. Korrupsioneri cinayət başında yaxalamaq üçün gizli kamera altında “damğalı” pulları ona vermək vacib deyil. Korrupsiyanın ən mühüm indikatorlarından olan gəlir və xərclərin uyğunsuzluğuna baxmaq lazımdır. Əgər illik əmək haqqı 25-30 min olan nazir müavini 2-3 milyon dollara mülk alır, avtomobilinin qiyməti 100 mindən yuxarıdır, sutkası 1000-1500 avrodan aşağı olmayan oteldə qalırsa (bizimkilər bahalı otellərdə yalnız dövlətin hesabına qalırlar və dövlət büdcəsindən ayrılan pulla bahalı avtomobil alırlar-red.), həmin pulların haradan gəldiyini soruşmaq üçün bu, bir fürsətdir. Qənaətbəxş izahat alınmırsa, həmin gəlirin korrupsiya olduğu ehtimalını nəzərdən keçirmək gərəkdir. Bu zaman görünən odur ki, məmurun yaşayış səviyyəsi qazancına uyğun deyil. Xərclərə antikorrupsiya nəzarətinin baza sxemi ona əsaslanır ki, pullar izsiz-soraqsız itmir, kimsə milyonları oğurlayıbsa, gec-tez o məbləğ nəyəsəödənəcək. Əgər oğru bir numizmat deyilsə – yəni pulları sadəcə tədqiq etmir və ya kolleksiya xatirinə yastığının altına yığmırsa. Korrupsioner gəlirini gizlədə bilər, xərclərini isə yox. “Ödədiyini Açıqla” adlanan beynəlxalq koalisiya şirkətləri ödənişlərini şəffaf şəkildə ictimailəşdirməyə çağırır. Yəni ödədiyinizdən onsuz da nə qazandığınız bəllidir. Ona görə də ilk növbədə gəlirlərin yox, xərclərin deklarasiyası vacibdir. Çünki, məmurun xərci gəlirinə uyğun deyilsə, bu, qulluqdan xaric etmə və ya cəza üçün yetərli səbəbdir. Odur ki, qazandığınız sizə qalsın, ödədiyinizi açıqlayın, cənablar!
Moderator.az

BIR CAVAB BURAXIN