NATO-nun Varşava sammitinə 18 prezident və 21 hökumət başçısı qatılacaq

0
634

NATO-nun Varşavada iyulun 8-9-da keçiriləcək sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, sammit üçün 2103 nəfər, NATO-nun 28 ölkəsindən və 26 tərəfdaş ölkədən 65 nümayəndə heyəti, eləcə də BMT, Avropa İttifaqı, Dünya Bankı və NATO qərargahının nümayəndələri qeydiyyatdan keçib.
İyulun 7-də Polşa prezidenti Andjey Duda NATO baş katibi Yens Stoltenberq başçılıq etdiyi Alyansın nümayəndə heyəti ilə görüşəcək. İyulun 8-də onlar “NATO sülhün müdafiəsində: 2016 və sonra” adlı beynəlxalq ekspert konfransının açılışında iştirak edəcəklər. Dövlət və hökumət başçılarının ilk görüşü yerli vaxtla 15:30-a (Bakı vaxtı ilə 17:30-a) planlaşdırılıb. Həmin görüşdə NATO-nun şərq cinahının möhkəmləndirilməsi ilə bağlı qərarlar qəbul edilə bilər.
Sammit ikinci günə Əfqanıstan barədə səhər müzakirəsi ilə başlayacaq. Günün ikinci yarısında Avropa İttifaqı ilə əməkdaşlığa həsr olunan sessiyada Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunker iştirak edəcəklər.
Sammitin işini 2 min jurnalist işıqlandıracaq. Təhlükəsizliyin təmin olunmasına isə 6 min polis cəlb olunub.

BIR CAVAB BURAXIN