Stalinin hakimiyyəti dövründən sonra SSRİ-nin bütün siyasi liderləri ilə üz-üzə dayanmaq, onları diqqətlə seyr etmək və həm də ünsiyyətdə olmaq bir fotoqraf kimi İlya Filatovun qismətinə düşüb. Məhz həmin dövrdə dövlət qurumlarının inzibati binalarının ən görünən yerlərində asılmış birincilərin və “politbüro” üzvlərinin portretlərinin çoxusunun müəllifi İlya Filatov olub. Çox nadir hallarda jurnalistlərlə rəhbərlər haqqında təəssüratlarını bölüşən Kremlin fotoqrafı, nəhayət, 1993-cü ildə öz xatirələrini bölüşüşməyə razılıq verib.
Modern.az saytı həmin xatirələrin bəzi məqamlarını təqdim edir.
Kremldəki əsas fəaliyyətinə Xruşovun rəhbərliyi dövründən başlayan Filatov digər həmkarlarından yüksək peşəkarlığı ilə yanaşı, siyasi liderlərlə normal ünsiyyət qurmağı, necə deyərlər “dil tapmağıyla” da fərqlənib.
Xruşovun Amerikaya səfəri ərəfəsində Mərkəzi Komitədə sovet liderinin ailəsinin əhatəsində olan bir fotosunun dünyaya nümayiş etdirmək ideyası yarananda bu işi məhz Filatova həvalə ediblər. Fotoqraf həmin hadisəni belə xatırlayıb:
“Əlbəttə, bu məsuliyyətli bir iş idi. Böyük ailənin üzvlərinin harada yer tutmaları, geyimləri, məkan seçimi mənim üçün müəyyən problemlər yarada bilərdi. Ancaq düşündüyüm kimi olmadı. Mən Xruşovun bağ evinə gedib çatanda bütün ailə, babadan tutmuş nəvələrə qədər hamı hazır vəziyyətdə idi. Hətta kimin harada, kimin yanında duracağı da müəyyənləşmişdi. Ümumiyyətlə, hamının səbirsiz kimi qəbul etdiyi Xruşov şəkil məsələsində çox hövsələli bir insan idi. Məsələn, 1964-cü ildə, aprelin 16-da Xruşova Sovet İttifaqı Qəhrəmanı adı veriləndə mətbuat üçün şəkilləri mən çəkmişdim. Həmin vaxt mən Xruşovun şəkillərini çəkəndə o, mənim bütün göstərişlərimə sakitcə, böyük səbirlə riayət etmişdi və səhərisi gün ölkənin ən nüfuzlu qəzetləri olan “Pravda”nın, “İzvestiya”nın birinci səhifələrini çəkdiyim şəkillər bəzəmişdi…”
lya Filatov 30 il ərzində Siyasi Büro üzvlərinin və üzvlüyə namizədlərin portretlərini yaradıb. 70-ci illərin əvvəllərində Mərkəzi Komitənin işlər idarəsindən “politbüro” üzvlərinin portretlərinin yenilənməsi də Filatova tapşırılıb. Bunun üçün Brejnevə xüsusi məktub yazılıb, Baş katibin razılığı alınıb. Bundan sonra siyasi büro üzvlərnin və üzvlüyə namizədlərin çəkiliş vaxtlarının qrafiki hazırlanıb. Həmin illər haqqında Kremlin fotoqrafının xatirələri də maraqlıdır:
“Təbii ki, ilk növbədə Brejnevdən başlamalı idim. Leonid İliçlə işləmək rahat və asan idi. Ümumiyyətlə, o, şəkil həvəskarı idi. Söhbət etməyi də çox sevirdi. Mən onu bir neçə dəfə də bağ evlərində çəkmişdin. Hətta bir dəfə şəkil çəkdirmək üçün atelyeyə də gəlmişdi. Gəlişindən bir saat əvvəl 25 mühafizəçi atelyeni əhatəyə almışdılar. Biz də öz növbəmizdə tədbirlər görmüşdük ki, çəkilişlər problemsiz ötüşsün. Şəkil məsələsində Brejnev tabe olan adam idi, fotoqrafın göstərişlərinə, məsləhətlərinə əməl edirdi. Bu baxımdan da işimiz uğurlu alınırdı.
Kosıgin, Çernenko, Qrişin şəkil çəkdirməyi çox xoşlayırdılar. Onlar hətta öz ailə tədbirlərinə, yubileylərə də məni dəvət edirdilər.
Heydər Əliyev isə cox diqqətli idi. Mən onun portretini çəkmək üçün Bakıya ezam olunmuşdum. Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum. Çəkilişlərə bir həftə vaxt sərf olundu. Heydər Əliyev həmin günlər ərzində iş şəraitimizi, yaşayışımızı, istirahət və qidalanmağımızı daima diqqət mərkəzində saxlayırdı.
Qorbaçov şəkil məsələsinə laqeyd idi. Mən ilk dəfə onun şəklini çəkəndə başındakı xalı retuş vasitəsi ilə götürmüşdüm. Bu haqda ona deyəndə əlini yelləyib “necə istəyirsən elə də et” demişdi. O vaxtlar Qorbaçov çox tanınmırdı və heç televiziyada da görünmürdü.
Suslov şəkil şəkdirməyi də protokol qaydalarına uyğyn edirdi. Rəsmi göstəriş varsa, portret çəkilməlidir, yoxdursa heç bir şəkilə də ehtiyac yoxdur…”
Filatov həmin illərdə özünün yaşayışı haqqında da danışıb:
“Sözsüz ki, işimiz məsuliyyətli idi. Bəzən ən adi bir şəklin çəkilməsinə böyük vaxt sərf olunurdu. İşimə görə ayda 260 rubl əmək haqqı alırdım. Az məbləğdə qonorar da olurdu. Ən böyük qonorarımı, 2000 rublu Xruşovun dövründə almışdım. Ən böyük hədiyyəni isə mənə Çernenkonun həyat yoldaşı bəxş etmişdi. Bu həmin dövrdə mənim üçün çox dəyərli sayılan yapon istehsalı olan fotoaparat idi. Böyüklərin əhatəsində olsam da, sadə bir həyat tərzi sürürdüm, amma hər şey çox maraqlı idi…”
İlya Filatova Boris Yeltsinin də portretlərini yaratmaq qismət olub. Amma nədənsə fotoqraf bu haqda danışmaq istəməyib.