“Britaniya Qorbaçovu” anlamadı ki… – “Brexit” və SSRİ-nin ortaq taleyi

0
570

İyunun 23-dən bu yana dünyanın gündəmində olan birinci dərəcəli hadisə heç şübhəsiz ki, “Brexit”dir. Birləşmiş Krallığın vətəndaşlarının əksəriyyəti Avropa Birliyindən (AB) çıxışı dəstəklədilər. Referendum öncəsi keçirilən rəy sorğuları “Brexit”in baş tutacağı ehtimallarını yüksək olduğunu göstərsə də, nəticələr əsl sensasiya sayıldı.

 

Krallıq, AB və bütövlükdə dünya “Brexit”in nəticələrini, qlobal iqtisadi və siyasi reallığa təsirlərini qiymətləndirdiyi bir vaxtda Rusiya Şərqi Asiya Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Lukin SSRİ dağılması ilə “Brexit” arasında ümumi məqamlar tapmağa çalışıb.

 

Aleksandr Lukin “lenta.ru” saytında dərc etdirdiyi məqaləsində qeyd edir ki, ekspertlər Britaniyanın Avropa və miqrasiya böhranına xüsusi münasibəti, həmçinin xalqın elitalara qarşı üsyanı haqqında düşünürlər. Onun fikrincə, çox az adam başqa bir məsələyə diqqət yetirir: AB-nin iflası SSRİ-nin dağılmasına bir çox baxımdan oxşardır.

“Məsələ ondadır ki, SSRİ və Avropa Birliyi geosiyasi ideologiyaya əsaslanırdı. Və ideoloji hədəflərlə reallıq arasında fərqlər yaranmışdı. Məhz bu kütlələrin üsyanını yaratdı, onlara şəxsi fikrini söyləməyə imkan verən kimi hakimiyyətdən öz vədlərini yerinə yetirməyi və ya getməyə tələb etdi”, – o, vurğulayıb.

 

Sovet ideologiyası bərabərlik, ədalət, kapitalizm dünyası ilə müqayisədə iqtisadi inkişafın və daha yüksək həyat səviyyəsi vəd etdi. Həqiqətdə isə SSRİ vətəndaşları malları defisitlə aldı, inkişaf səviyyəsi və həyat standartlarında qərbə güzəştə getdi. Lukin bildirir ki, narazılıq əvvəlcə vədlərə ciddi olaraq inanan və ideolojiləşdirilmiş elitanın nümayəndələri arasında yarandı, “həqiqi leninizm”ə qayıtmaq üçün çağırışlar səsləndi: “Məhz “Lenin ideallarının bərpası”ndan başlamış Mixail Qorbaçovun hakimiyyətə gəlişinədək hər şey məlum iflasdan xəbər verirdi. Son sovet lideri hesab edirdi ki, bürokratiya utopik sosializm cəmiyyətinin qurulmasına mane olur və bürokratiyaya qarşı dəstək üçün xalqa müraciət etdi. Qorbaçov arxayın idi ki, xalq onu dəstəkləyəcək. Amma xalq onilliklər ərzində ilk dəfə öz fikrini azad seçkilərdə demək imkanını əldə etdi. Onlar Qorbaçovun rəqiblərinə – “mədəni dünya” ilə birləşmək barədə söz verən qərbyönümlü “demokratlar”a səs verdilər”.

 

 

Aleksandr Lukin bildirir ki, son illərdə Avropa cəmiyyəti də daha ideolojiləşdirilmiş idi: “Demokratizm” ideologiyası avropalılara rifah və azadlığın yüksək səviyyəsini, sərhədlərsiz, müharibələrsiz və münaqişələrsiz dünyanı, ədalət və hüquq bərabərliyini, demokratiyanı, yəni siyasi qərarların qəbulunda xalqın həlledici rolunu söz verdi. Ancaq reallıqda Avropa Birliyinin vətəndaşları cəmiyyətin ən kasıb təbəqələri ilə ən zəngin sahibkarlarının gəlirləri arasında böyük uçurumu gördülər, yerli sakinlərin iş yerlərini miqrantlar tutdu, sülh əvəzinə müharibələr baş verdi, əsas siyasi qərarlar isə Brüssel məmurları tərəfindən verilir. Əbəs deyil ki, məhz Britaniyada elita Avropa Birliyinin maksimal genişlənməsini, hətta Türkiyənin qəbul edilməsini dəstəkləyirdi. Amma bu elita unutdu ki, ölkədə yalnız London şəhərinin bankirləri yaşamırlar, işçilər, fermerlər, balıqçılar və mağazaların satıcıları, kiçik pivəxanaların daim iştirakçıları, futbol azarkeşləri yaşayır. Bu insanlar həmişə tamamilə praqmatik səbəblərdən Brüsseldən narazı idilər: onlar Şərqi Avropa və Şimali Afrika sakinlərinin xoşbəxtliyi üçün öz maaşlarından bir hissəsini ödəmək, onlara iş yerlərini vermək istəmirdirlər. Onlar öz ölkəsinin problemlərinin həllində səsvermə hüququna malik olmaq istəyirdilər. Britaniya “demokratik” seçki sistemi hiyləgərliklə elə təşkil edilib ki, insanlarda bəzi məsələlər üzrə seçim yoxdur, hər şeyi elita həll edir”.

 

Rusiya analitikin fikrincə, “Britaniya Qorbaçovu” – mühafizəkar baş nazir Devid Kameron öz sovet sələfinin səhvini təkrarladı.

 

 

“Kameron demokratik dinə səmimiyyətlə inanan siyasətçilərin yeni, ideolojiləşdirilmiş nəslinin nümayəndəsidir, praqmatik Uinston Çörçill deyil. Kameron xalqa müraciət edir və hesab edir ki, əgər britaniyalılara referendumda səs vermək hüququ verilərsə, onlar onu dəstəkləyəcəklər. Ancaq məlum oldu ki, Qorbaçov kimi, o, da həmvətənlərini anlamır. Onun həmvətənləri hər şeydən – birləşmiş Avropadan və Yer kürəsində demokratik cənnət söz verən bütün partiyaların siyasətindən bezib. Və xalq “Brexit”ə səs verdi. Düzdür, onlar istədiklərini Britaniyanın Avropa Birliyindən çıxışından sonra da ehtimal ki, almayacaqlar. Amma Birləşmiş Krallıq ehtimal ki, SSRİ kimi dağılacaq. Bu isə artıq başqa tarixdir”, – Lukin qeyd edib.

 

Onun sözlərinə görə, əhalinin bu cür narazılığı Avropanın digər ən inkişaf etmiş ölkələrində də mövcuddur. Lukin bildirir ki, seçicilər hər yerdə dəyişiklikləri tələb edirlər, amma Qorbaçov hökuməti kimi, ideolojiləşdirilmiş Brüssel bürokratiyası yavaş-yavaş çevrilir və yalnız səthi islahatlar aparır.

 

Ekspert bu fikirdədir ki, bu ziddiyyət sağ və sol partiyaları gücləndirir, AB-yə çox çətin həyat və sonrakı dağılmanın real perspektivi vəd edir: “Hər halda aparıcı Avropa dövlətlərinin elitaları ən yaxın illərdə dəyişəcəklər. Hansısa ölkələrdə qeyri-sistem partiyaları, hansısa ölkələrdə isə ənənəvi partiyaların Boris Conson kimi ən praqmatik xadimləri hakimiyyətə gələcəklər. Mühafizəkarların liderlərindən biri olan Boris Conson baş nazir postunu ala bilər. Analoji proseslər Donald Trampın timsalında ABŞ-da da baş verir”.

 

 

Aleksandr Lukin həmçinin bildirir ki, Qərbin ideolojiləşdirilmiş elitalarını hesabdan silmək lazım deyil. Ekspertin sözlərinə görə, onlar öz hakimiyyətləri üçün mübarizə aparacaqlar. O, nümunə olaraq göstərir ki, Britaniyada artıq referendumun yalnız tövsiyə xarakteri daşıdığı barədə səslər eşidilir. Sözügedən fikrin müəllifləri bildirir ki, parlament referendumun nəticələrini qəbul etməyə bilər. Və Ukrayna ilə assosiativ sazişi rədd edən Hollandiyadakı tövsiyə xarakterli referendum nümunə göstərilir. Hər halda, Lukinin fikrincə, AB yaxın gələcəkdə şəxsi problemləri ilə məşğul olacaq və özünü qorumaq üçün mübarizə aparacaq.

 

Rusiya analitiki sonda SSRİ-nin dağılması ilə AB-nin iflası arasında daha bir bənzərliyə diqqət çəkir: “Maykl Makfol kimi tanınmış “demokratizm” ideoloqları Britaniya referendumunun nəticələrini Putin, “İslam dövləti” və digər düşmənlərin fitnələri ilə izah etməyə çalışır. Bu Sovet İttifaqı Kommunist Partiyasının ideoloqlarının davranışını olduqca xatırladır. Mixail Suslov SSRİ-nin istənilən bədbəxtliyinə görə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini ittiham edirdi”.

http://publika.az/

Ömər Dağlı

BIR CAVAB BURAXIN