Yaqub Mahmudov: “İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir”

0
646

“Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

“Biz imperiya yaradan xalqıq. Lakin Azərbaycan xalqına saxta tarix təqdim olunub. Guya indiki Ermənistan elə əvvəldən olub, Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Bu isə saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Tarixi reallığı dünyaya çatdırmaq məqsədilə rus, ərəb, ingilis, ispan, italyan və sair dillərdə kitablar ortaya qoymuşuq. Məqsəd ondan ibarətdir ki, dünya ictimaiyyətinə çatdıraq ki, ermənilər bura I Pyotrun göstərişindən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb gətirilmə etnosdur. Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb”, – deyə institut direktoru qeyd edib.

Y.Mahmudov bildirib ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər, bütün bu qanlı tarix də ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb: “Çar Rusiyası erməniləri təpədən dırnağa qədər silahlandırıb, Azərbaycan xalqını yurd-yuvasından didərgin salıblar, soyqırımı həyata keçiriblər. Bizim tarixçilərimiz isə Sovet dövründə Çar Rusiyasına qatılmış Şimali Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim ediblər. Ermənilər də bundan geniş istifadə edərək Çar Rusiyasına qatılmış tarixi Azərbaycan torpaqlarını özlərinin qədim ərazisi kimi təqdim ediblər. 1828-ci il müqaviləsində yazılır ki, “İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilir”. Göründüyü kimi bu müqavilədə Ermənistan sözü yoxdur, çünki o vaxt Ermənistan yox idi,  ermənilər hələ bu əraziyə yenicə köçürülürdü. Lakin bu tarixi saxtalaşdıraraq “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi qeyd edirlər. Odur ki, bizim tariximiz xalqa olduğu kimi təqdim edilməlidir”.

Tarixçi-alim qeyd edib ki, Azərbaycan xalqı bilməlidir ki, Zəngəzur, İrəvan əraziləri, Cənubi Azərbaycandakı torpaqlarımız, eləcədə Borçalı, tarixi şəhərimiz olan Dərbənd Azərbaycan xalqının tarixidir: “Biz heç kimdən ərazi istəmirik, dünyanın yenidən bölüşdürülməsini tələb etmirik.  Amma Dərbənd, Borçalı mənim tariximdir. İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir. Necə bu tarixdən əl çəkə bilərik ki, tanınmış Rusiya yazıçısı və diplomatı A.S.Qriboyedovun “Ağıldan bəla” əsəri 1827-ci ildə İrəvanda Xan sarayının Güzgülü zalında tamaşaya qoyulub. İrəvan bizim mədəniyyət və xalçaçılıq tariximizdir. “İrəvanlı” adında ən azı yüzlərlə böyük sənətkarımız var. Eləcədə “Borçalı”, “Tiflisli” adı ilə nə qədər böyük sənətkarlarımız tanınır. Biz bu tariximizdən əl çəkə bilmərik. Bu səbəbdən cənab Prezidentin göstərişi ilə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabını hazırlayaraq xarici dillərə tərcümə etdikdən sonra dövlət başçımızın təşəbbüsü ilə onun əsasında broşürlər buraxmağa başlamışıq. Həmin broşürlərdə İrəvan şəhərinin necə dağıdılması öz əksini tapıb. Təkcə İrəvan şəhərində 8 məscidimiz olub ki, indi onların heç biri qalmayıb. Bircə Göy məscid qalıb ki, onun da bir hissəsini farslaşdırıblar, guya o ərazilərdə biz olmamışıq. Hansı ki, həmin ərazidəki bütün qədim tarixi abidələr Azərbaycan xalqına məxsusdur, ermənilərlə bağlı tarixi abidələrin isə yaşı vur-tut 200 ildən çox deyil, çünki 200 il bundan əvvəl ermənilər İrəvan xanlığının ərazisinə yenicə köçürülməkdə idi. Biz real tarixi bərpa edib dünyaya çatdırdıq ki, bu ərazinin tarixi, oradakı bütün tarixi abidələr bizə məxsusdur”.

Onun sözlərinə görə,  erməni vandallarının məhv etdiyi İrəvan xanlarının sarayı, məscidlər nadir tarixi abidə idi: “Bu əraziləri idarə edən hakimlərin hamısı İrəvan xanları idi. Onların içərisində bir nəfər də erməni yoxdur, bu ərazilərin hamısını biz idarə etmişik. İrəvan qalası qəhrəmanlıq qalası idi. Biz o qalanı 4 dəfə müdafiə etmişik. Çar Nikolay həmin qalanı ala bilmirdi. Odur ki, tapşırıq vermişdi ki, İrəvan sərdarlarına pul verin, zəhərləyin, o şəhər bizim olmalıdır. Axırda sevincindən gəlib Xan sarayında bir gecə yatdıqdan sonra divara adını yazdı, ermənilər oranı ayaqyoluna çevirdi və sonra isə bütünlüklə sarayı dağıtdılar. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy Məscid qismən salamat qalıb. İndi ermənilər özlərini mədəni, bizi isə vandal xalq kimi göstərirlər. Biz bu məsələləri dünyaya çatdırmaqla demək istəyirik ki, elə isə, hanı Sərdarabad qalası, hanı qədim İrəvan şəhəri? Hanı üç yüzdən artıq məscidimiz?”

Akademik əlavə edib ki, indi də ermənilər tərəfindən Qarabağda eyni ssenari aparılır: “Necə ki, İrəvan xanlığında bütün adlar dəyişdirilmişdi, indi də Qarabağdakı coğrafi adlar, mədəni və tarixi abidələr erməniləşdirilir. Bununla kifayətlənməyərək Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hamısının adını dəyişdiriblər. Ssenari eynidir, yenə də məscidlər, tarixi abidələr məhv edilir,  tarix kökündən dəyişdirilir. Təsadüfi deyil ki, möhtərəm prezident Astanada çıxışı zamanı qeyd etdi ki, “Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Biz də bunları nəzərə alaraq tarixi faktlarla ayıltma işini görürük. Düşünürəm ki, gördüyümüz işin millətimiz üçün çox böyük mənası var. Ona görə ki, millət öz tarixinə sahib çıxmalıdır. Sən tarixini bilməsən səni udacaqlar, tarixinə sahib çıxsan səni heç kim məhv edə bilməz. Odur ki, biz tariximizə sahib çıxmalıyıq”.

Nazim Xəlilov, AMEA  Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

BIR CAVAB BURAXIN