Mircəfər Bağırov: “Kim oruc tutub?”

0
1210

Bu əhvalatı mənə 80 yaşlı Rəşid kişi danışdı. Ramazana kimi onunla səhər gəzintisinə çıxardıq.

Rəşid kişi gəzə-gəzə keçmişi xatırlayır, görüb-eşitdiklərindən ən maraqlılarını nəql etməyi çox xoşlayırdı. Bir gün orucluqdan söz düşəndə dedi:- Söz vaxtına çəkər, Bakıda yayın oğlan çağı idi. Ramazan ayı yenicə başlamışdı. Mircəfər Bağırovun rəhbərlik etdiyi o çağlar dini ayinləri açıq-aşkar icra etmək qorxulu əməl sayılırdı. İmanlı adamlar gizlincə oruc tutur, bəzən həyatları bahasına olsa da, Allah qarşısında öz borclarını yerinə yetirərdilər.
Bir dəfə Mircəfər Bağırov Mərkəzi Komitəyə yaxın küçədən ötüb-keçirmiş. Görür ki, yola isti asfalt çəkən fəhlələrdən dörd-beş nəfəri nəhəng bir ağacın kölgəsində sərinlənir. Yaxınlaşıb soruşur ki, oruc tutubsunuz?
Fəhlələrin matı-qutu quruyur, heç birindən səs çıxmır. Ortaboylu, hərbi geyimli, eynəkli rəhbər təkrar amiranə səslənir: “Kim oruc tutub?”. Və bu dəfə zəhmli baxışlarla sanki onları bir-bir “sorğu-sual” edir.
Kimi lal-dinməz başını bulayır, kimi yavaşdan “yox” deyir. Yalnız bir nəfər özündə cürət tapıb cavab verir ki, “yoldaş Bağırov, mən orucam…”.Bağırov ona “maşına otur!” deyir. Qara “ZİM”in arxasınca boylanan fəhlələr oruc olduğunu etiraf edən iş yoldaşlarının halına acıyırlar: “Bədbəxtin ev ünvanını da bilmirik ki, ailəsinə xəbər çatdıraq… İftara yolunu gözləməsinlər…”.

…İndiki Yaşıl Teatrın ərazisində o zaman Mərkəzi Komitənin ərzaq anbarları yerləşərdi. Bağırov maşını birbaşa anbarın həyətinə sürdürür. Oruc tutan fəhləni anbara nəzarət edən zabitə göstərib deyir:

– Bu adama bir aylıq hər növ ərzaqdan verin. Özünü də maşınla evinə aparın, bir də ona oruc olduğuna görə iki həftəlik istirahəti üçün icazə kağızı yazın!..

Bağırovun əmri dərhal icra olunur. Fəhləni ərzaq kisələri yüklənmiş “poluturka” maşınla evinə aparırlar… O gün ev sahibi iftar süfrəsinə yaxın qonşularını da dəvət edir.

İki həftədən sonra iş yoldaşları onu sağ-salamat görəndə gözlərinə inanmırlar:

– Ə, biz neçə gündür, sənin halına vaysınırdıq ki, yazıq, heç nədən öz dilinin bəlasına düşdü… Elə bildik Bağırovun əmriylə səni “gedər-gəlməzə” yolladılar…

Bağırovun mərhəmətini görən fəhlə yoldaşlarına belə cavab verir:

– Orucluq sahibi hamınıza zamin dursun! Allahdan gizlin olmayan, bəndəndən də gizlin qalmaz! Düzü, yoldaş Mircəfər Bağırov həm də səxavətli, əliaçıq, fəqir-füqaraya mərhəmət edən adamdı…
Beləcə aşına gələnləri iş yoldaşlarına danışır.

Rəhbərin iş yoldaşlarına necə qayğı göstərdiyini eşidən fəhlələr Orucluq ayı çıxana qədər Allaha dua edirlər ki, kaş Mircəfər Bağırov bir də onlara yaxınlaşıb soruşaydı: “Kim oruc tutub?”.

P. S: Oruc ağızla söhbətinə xitam verən Rəşid kişi bildirdi ki, həmin fəhlələrin biri ilə illər sonra müalicə olunduğu xəstəxanada tanış olub… Mənə nəql elədiyi bu əhvalatı onun dilindən eşidib. Mən də sizinlə paylaşdım.

Allah orucunuzu qəbul etsin!

Bizi izləməyə davam edin.

BIR CAVAB BURAXIN