Dünyanın ən sirli hərbi bazaları /Əziz Mustafa

0
635

Elm və texnikanın sürətli inkişafı və beynəlxalq aləmdə baş verən qarşıdurmalar, o cümlədən hərbi siyasi təsir dairəsi və dünya ağalığı uğrunda aparılan mübarizələr güc mərkəzləri tərəfindən dünyanın müxtəlif ölkələrində çoxsaylı hərbi bazaların yaradılmasına gətirib çıxarıb. Bu baxımdan belə demək mümkünsə, sirli hərbi bazalar hörümçək kimi dünyanın hər yerini bürüyüb. Belə hərbi bazalar olduqca sərt şəkildə qorunur və onlara quş-quşluğu ilə yaxın dura bilmir. Əlbəttə, hər bir dövlətin özünün hərbi sirlərini qoruyub saxlamasını başa düşmək mümkündür. Bununla belə bu gün soyuq müharibə dövrünün məhsulu olan bəzi hərbi bazalarda saxlanılan və olduqca dağıdıcı gücə malik olan silahlar istənilən an yer kürəsini öz oxundan çıxarmağa və onu insan yaşaması mümkün olmayan xarabazarlığa çevirməyə qadirdir. Bu baxımdan, bu gün dünyanın ən sirli hərbi bazalarından bəziləri ilə oxucularımızı tanış etməyi məqsədəuyğun hesab etdik.

Siaçen buzlağında hərbi baza

Dünyada gedən hərbi-siyasi qarşıdurmalar nəticəsində yaradılan və məxfi şəkildə fəaliyyət göstərən hərbi bazalardan biri Hindistan və Pakistan arasında mübahisəli ərazi hesab edilən və 2100 fut hündürlükdə olan Siaçen buzlağındadır. Vaxtı ilə Pakistan və Hindistan arasında bu ərazini ələ keçirmək uğrunda gedən mübarizədə buzlaq dəfələrlə əldən-ələ keçib. Lakin Hindistan ordusu böyük itkilər hesabına Siaçen buzlağının 80 faizini ələ keçirə və orada öz hərbi bazasını yerləşdirə bilib. Siaçen buzlağındakı hərbi baza ən sərt iqlim şəraitində fəaliyyət göstərir. Burada ilin bütün dövrlərində saatda 150 kilometr sürətlə küləklər əsir. Bəzən burada güclü tufan və qasırğa 1 ay səngimək bilmir. Siaçen buzlağında temperatur mənfi 50-55 dərəcəyə çatır. Yüksəklikdə oksigenin çatışmaması burada xidmət edən əsgər və zabitlərin boğulmasına, depressiyaya düşməsinə yol açır. Hər il bu bazada xidmət edən əsgərlərin 80 faizi donvurmadan, xəstəlik və başqa səbəblərdən dünyasını dəyişir. Buna baxmayaraq, Hindistan insan yaşaması üçün “cəhənnəm” hesab edilən bu ərazidəki hərbi bazanın saxlanılması üçün hər il 300 milyon dollar xərcləyir. Pakistan isə buzlağın özünə aid olan hissəsini qoruyub saxlamaq üçün 200 milyon dollardan keçir.

Olavsvern hərbi dəniz bazası

Olavsvern hərbi dəniz bazası SSRİ ilə ABŞ, həmçinin müttəfiqləri arasında gedən soyuq müharibə illərində inşa edilib. Dəniz sahilində qayaları yararaq 270 min kvadrat fut ərazidə inşa edilən hərbi baza sivil texnologiyanın möcüzəsi hesab edilir. 30 il ərzində inşası başa çatdırılan bu hərbi baza 500 milyon dollara başa gəlib. Lakin soyuq müharibə başa çatandan sonra hərbi baza öz əhəmiyyətini itirdi. 2011-ci ildə isə hərbi baza 18 milyon dollara neft platformalarına texniki xidmət göstərən şirkətə satıldı. Amma istənilən an Olavsvern yenidən Norveçin və qərb ölkələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə NATO gücləri tərəfindən hərbi bazaya çevrilə bilər.

Piramida formasında hərbi baza

Ötən əsrin 50-ci illərində qitələrarası ballistik raketlərin hazırlanması və onların minlərlə kilometr uzaqlıqdakı hədəfi dəqiq vurmağa qadir olması ABŞ-ı raket hücumundan müdafiə sistemləri üzərində işləməyə məcbur etdi. Bu müstəvidə də olduqca gizli şəraitdə Şimali Dakotada piramida formalı hava hücumundan müdafiə hərbi bazası inşa edilməyə başladı. 6 milyard dollara başa gələn yeni raket hücumundan müdafiə hərbi bazasında 360 dərəcədə işləyən lokator sistemi quraşdırıldı. Bu isə düşmən raketlərini 1100 kilometr məsafədə aşkar etməyə və onları yer-hava tipli raketlərlə vuraraq məhv etməyə imkan verir. Bazada müxtəlif istiqamətlərə onlarla kilometr uzanan tunellər var. Lakin ötən əsin 70-ci illərində gözlənilmədən baza bağlandı, onun tunellərinə isə su buraxıldı. Bu günə kimi məlum deyil ki, 6 milyard dollara başa gələn və piramida üslubunda inşa edilən hərbi baza niyə məhv edildi. Ona görə də, hərbi baza ətrafında çoxsaylı əfsanələr dolaşır. Belə bir fikir vurğulanır ki, hərbi baza naməlum uçan obyektlər tərəfindən düşünülmüş şəkildə sıradan çıxarılıb və buna səbəb orada Yer Kürəsini məhv etməyə qadir olan olduqca təhlükəli silah hazırlanıbmış. Qeyd edilir ki, əgər belə olmasaydı ABŞ indiki pulla 100-150 milyard dollara başa gələn bu hərbi bazadan əl çəkməyə və oradan təcili şəkildə hərbçilərini çıxarmağa məcbur olmazdı.

Yulin hərbi dəniz bazası

Dünyanın qorxulu yuxularından biri də Çinin Xaynan adası sahillərində yerləşən Yulin hərbi bazasıdır. Yulin adasında çoxsaylı yeraltı tunellər mövcuddur. Bu tunellərdən hərbi məqsədlər üçün istifadə etməyi qərara alan Çin qısa müddətdə orada yeni tunellər inşa etdi. Sonra isə onları vahid sistem halında birləşdirərək hərbi dəniz bazasına çevirdi. Bu bazanın varlığından uzun müddət ABŞ, Yaponiya və digər ölkələr xəbər tutmadılar. Yalnız bir təsadüf nəticəsində məlum oldu ki, Xaynan adaları altında Çin qısa müddətdə böyük hərbi dəniz bazası inşa edib. Bu bazada eyni zamanda nüvə silahı daşımağa qadir olan 20 nəhəng sualtı gəmi gizlənə bilir. Onlar istənilən an düşmənə qəfildən, onun gözləmədiyi istiqamətdən zərbə endirməyə qadirdirlər.

Baqram hərbi hava bazası

ABŞ-ın öz silahlı güclərinin bir hissəsini Əfqanıstandan çıxarmasına baxmayaraq Baqram hərbi hava bazası ən sirli obyekt kimi fəaliyyətini davam etdirməkdədir. Bu hərbi hava bazasında ABŞ-ın və müttəfiqlərinin 10-cu dağ-atıcı diviziyası, 82-ci hərbi aviasiya briqadası, hərbi-hava qüvvələri, hərbi-dəniz gücləri, dəniz piyada korpusu yerləşir. Baqram hərbi hava bazası həm də ABŞ hərbçilərinin yaşadığı mağazalar və kommersiya obyektləri şəhəri hesab edilir. Yaşayış məskənlərindən onlarla kilometr uzaqlıqda inşa edilən bu hərbi bazadan Əfqanıstanda çoxları xəbərsizdir. Baqram həm də əsirlər üçün işgəncələr düşərgəsidir. Orada olan tərcüməçilərdən biri sonralar yazmışdı ki, Quantanamo həbsxanası əsirlər üçün Baqramla müqayisədə əsl cənnətdir. Baqram hərbi hava bazasına isə yaxın düşmək mümkün deyil. O hər tərəfdən tikanlı məftillərlə əhatə olunub və ətrafına, belə demək mümkünsə, tikanlı məftillərdən yüzqat çəpər çəkilib. Baqrama gedən yol xüsusi nəzarət altındadır və ora yaxınlaşan hər hansı bir canlı və ya şübhəli obyekt dərhal məhv edilir.

Dieqo-Qarsia dəniz bazası

ABŞ-ın sirli hərbi dəniz bazalarından biri də Hind okeanındakı Dieqo-Qarsia adasında yerləşir. 1965-ci ildə ABŞ buradakı əhalini silah altında Seyşel adasına köçürdü, onun yerində isə hərbi dəniz bazası inşa etdi. Bu hərbi dəniz bazasından ABŞ dəfələrlə İraqla müharibə zamanı, həmçinin Əfqanıstandakı hərbi əməliyyatlar zamanı istifadə edib. Adaya yaxın düşmək mümkün deyil, o istər dənizdən, istərsə də havadan ən yüksək səviyyədə qorunur. Adada nələrin baş verdiyi bu günə kimi digər dövlətlərə məlum deyil. Adada həmçinin dünyanın müxtəlif ölkələrində ələ keçirilən terrorçular saxlanılan həbsxana mövcuddur. Bu ada haqqında belə zərb-məsəl yaranıb: “Dieqo-Qarsiaya sağ girənin oradan yalnız meyiti çıxar” və ya “Dieqo-Qarsiadan ölüm küləkləri əsir”.

HAARP hərbi elmi tədqiqat bazası

Alyaskadakı Qakona hərbi elmi tədqiqat bazası 600 kilometr hündürlükdə atmosferin yuxarı qatlarını öyrənir. Bazadan ionosferə radio-şüaları göndərərək onun atmosferə təsirini öyrənirlər. Hərbi tədqiqat bazasında 180 antenna var və onların vasitəsi ilə sunamilərə, küləyə, tufana təsir mexanizmi, onları bir istiqamətdən digərinə yönəltmək metodları sınaqdan çıxarılır. Hətta belə bir fikir var ki, Yer Kürəsinin müxtəlif hissələrində baş verən təbii fəlakətlər, zəlzələlər, qasırğalar məhz bu stansiyanın vasitəsi ilə həyata keçirilir. 20 il ərzində inşa edilən bu stansiya üçün 300 milyon dollar xərclənib. 2014-cü ildə bu sirli bazanı bağlasalar da, 2015-ci ildə onu yenidən açdılar. Hazırda bu hərbi tədqiqat bazası Alyaska Universitetinin tabeliyindədir.

Gizli dronlar bazası

Səudiyyə Ərəbistanında ABŞ-ın gizli dronlar (pilotsuz təyyarlər) bazası mövcududr. Bu baza haqqında 2012-ci ilə kimi hər hansı bir məlumat yox idi. Peykdən də həmin ərazidə hər hansı obyektin mövcud olması və ya orada inşaat işlərinin aparılmasını tədqiq edən şübhəli bir şey qeydə alınmamışdı. Lakin 2012-ci ildə gözlənilmədən səhrada uçuş-enmə zolaqları olan dronlar bazası aşkar edildi. Onu diqqəti cəlb etmədən necə və hansı yollarla inşa ediblər bu günə kimi məlum deyil. ABŞ-a məxsus gizli dronlar hərbi bazası 3 anqara malikdir. Anqarlarda dronların istehsalı, sınaqdan çıxarılması, həmçinin adi hərbi təyyarələrə xidmət edən stansiya mövcuddur. Bu günə kimi də ABŞ-ın Səudiyyə Ərəbistanındakı gizli dronlar bazasına yaxın düşmək mümkün olmayıb. Obyekt gücləndirilmiş şəkildə mühafizə edilir. Ora adi quş belə yaxınlaşsa, dərhal məhv edilir.

BIR CAVAB BURAXIN