Hər iki valideyni əlil olan şəhidin son arzusu: “Anamın gözləri görsün”…

0
839

“Tanrım, yalnız anamdan nigaranam”. Hə, hər gün duadan sonra belə deyirdi. Yeganə istəyi anasının gözünü müalicə etdirmək idi. Biz onu naz-nemət içində böyüdə bilmədik”.

Bunu Seyfəddin Qurbanov deyir. Şəhid Fəxrəddin Qurbanovun atası. 22 yaşlı şəhidin Binəqədi rayonu, 1-ci Mədən ərazisindəki yas mərasimindəyik.

Mərasimə gələnləri Fəxrəddinin əmiləri qarşılayırlar. İçəridən ağlaşma səsləri gəlir. Ana oğluna layla deyir. Bu mənzərəni təsvir etməkdə sözlər acizdir.

…Fəxrəddinin aprelin 1-dən 2-nə keçən gecə Tərtərin Seysulan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Amma ölüm xəbəri ailəyə aprelin 8-də bildirilib. Şəhidin cəsədi neytral zonadan çıxarılandan sonra…

Fəxrəddinin anası Nəzimə xanım I qrup, atası Seyfəddin kişi isə II qrup əlildir.

“Bilirsiz necə çətindir? Oğlumu ağlaya da bilmirəm”. Gözünü bir nöqtəyə dikən Nəzimə xanım deyir. Söhbəti atası davam etdirir: “Yanında telefon olmadığından tez-tez danışa bilmirdik. Amma aprelin 1-də zəng vurdu, anasını soruşdu. Dedi ki, müalicəni davam etdirin. Sonra anası ilə danışdı. Müalicəni aparıb-aparmadığımızdan əmin olmaq istəyirmiş. Həmin gün döyüşə gedirmiş. Amma bizdən gizlətdi”.

Fəxrəddin Seysulana ilk ayaq basan əsgərlərimizdən olub. Amma sonra mühasirəyə düşüblər.

Ana yenidən inləyir: “Balam ayın 2-də dünyasını dəyişib, amma bizə xəbər verməyiblər. Müharibə xəbərlərindən sonra narahat olduq. Bir dəfə atası ilə əmisi Müdafiə Nazirliyinə gedib soruşublar, amma yenə də heç nə öyrənə bilməyiblər. Sonra atası Tərtərə getdi. Ayın 8-i isə əmisi ilə dayısı hərbi hissəyə getdi. Həmin gün şəhid olduğunu öyrəndik. Balamın 1 həftə o vəziyyətdə qalması mənə çox pis təsir edir”.

Nəzimə xanım göz yaşını silib əlavə edir: “Deyirdi, ana, fikir eləmə. Hərbi xidmətdən qayıdandan sonra işləyəcəm. Daha sizin əziyyət çəkməyinizi istəmirəm. Amma əsl əziyyəti o çəkmişdi. Fəxrəddin körpə olanda – 1994-cü ildə gözlərimdə problem yarandı. Xəstəliyin səbəbi gözdaxili təzyiqdir. Təzyiq vurur damarı partladır və gözə qan dolur. Həkimlər deyirlər ki, iynə vurub həmin yeri qurutmaq, daha sonra da əməliyyatla o qanı təmizləmək lazımdır. Xaricə aparıb müalicə etdirməyə imkanım yoxdur, biz də imkan tapdıqca Rusiyaya gedib gəlirik. Buna görə də, tez-tez Fəxrəddini bacısı ilə qoyub Moskvaya müalicəyə gedirdim. Sonra atası xəstələndi, iki il yataqdan qalxa bilmədi. Amma çətinliklərə baxmayaraq, orta məktəbi əla qiymətlərlə bitirdi”.

Fəxrəddin Azərbaycan Universitetini fərqlənmə ilə bitirib. Oxuduğu illərdə ailəsinə köməklik etmək üçün supermarketlərin birində gözətçi işləyib. Sonra isə hərbi xidmətə gedib.

…Fəxrəddin tarixi çox sevib. Azərbaycan tarixi ilə bağlı bir çox araşdırmalar aparıb. Anası deyir ki, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə olmasını istəyib: “Deyirdi ki, ermənilər yenidən torpaq iddiasına düşəcək. Buna görə də, məsələni birdəfəlik həll etmək lazımdır. Son vaxtlar isə şəhid olanlardan həsədlə danışırdı. Baxın, Mübariz İbrahimovun şəkillərini saxlayıb. Balam şəhid olmaq istəyirdi, o arzusuna da çatdı”.

Fəxrəddin axırıncı dəfə yanvarın 10-da məzuniyyətə gəlib, ailəsi ilə birgə ad gününü qeyd edib.

Əmisi: “Məzuniyyətdən qayıdanda qohumlarla görüşdü. Dedi ki, narahat olmayın, əsgərlikdən sonra işləyəcəyəm. Biz də düşünürdük ki, Fəxrəddin atasının yükünü azaldacaq. Seyfəddin 5-10 manat artırır, onu da həkimlərə xərcləyir. Anasının müalicəsi üçün evi, maşını satmışdılar. Son ümidimiz Fəxrəddin idi”.

Nəzimə xanım yenə fikrə gedir: “İndi fikirləşirəm, dediklərini yadıma salıram. Elə bil uşaq öləcəyini bilirmiş. Hərbi xidmətə getməzdən əvvəl kimi isə sevib-sevmədiyini öyrənmək istədim. Dedi ki, hansısa qıza könül vermək, kimi isə gözü yaşlı qoymaq istəmirəm. Sonra deyirdi ki, birdən mənim başıma iş gəldi, maşın vurdu. Bax onda ağlama, fikir eləmə”.

Fəxrəddin son statusunu məzuniyyətdən qayıdarkən yazıb. “Və budur kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam… Bəzi insanları görə bilmədim. Özünüzə yaxşı baxın. Gedib də gəlməmək, gəlib də görməmək var”.

…Fəxrəddin işləyib qazanacağı pulla anasını müalicə etdirmək arzusuna çata bilmədi. Əvəzində isə, anasına şəhid anası adını qazandırdı. Vətənə, onun müdafiəsinə, anasının təbirincə desək, dağ boyda oğul verən şəhid ailəsinin qeydinə qalmaq, problemini həll etmək də indi Vətənin, vətəndaşların boynundadır. Axı Fəxrəddin ömrünün ən gözəl vaxtında həyatını bu Vətəni, bu vətəndaşları qorumaq üçün verib.

 

Virtualaz.org

BIR CAVAB BURAXIN