Bakının dalda məhəllərinin birində, uçuq-sökük daxmalar arasında bir ev var. Pilləkənlərini çətinliklə qalxırıq. Dəmir qapının o üzündəki kiçik həyətin o qədər gözəl aurası var ki… Eynən sahibəsinə bənzəyir. Bura Azərbaycanın dahi mütəfəkkiri, milli mətbuat və teatrımızın banisi, qadın təhsilinin ilk carçılarından biri olan Həsənbəy Zərdabinin nəticəsi, onun soyadını daşıyan yeganə insanın – Rəbiyyə xanım Zərdabinin evidir…
Azərbaycanın ziyalı xanımlarından olan Rəbiyyə Zərdabinin müsahibəsini təqdim edirik.
– Bu əlamətdar gündə Zərdabi soyadını daşıyan bir insanla həmsöhbət olmaq o qədər qürurvericidir ki…
– Siz də sağ olun ki, məni yada salmısız. Və nə qədər ki, sizin kimi jurnalistlər var, demək, mənim babamın əməlləri yaşayacaq.
– Siz Həsənbəy Zərdabinin doğma nəticəsisiniz?
– Bizim soyadın tarixçəsini sizə əvvəldən danışacam.
Zərdabinin doğma övladları Azərbaycandan dərbədər salınıb. Oğlu Midhəd bəy 1937-ci ildə güllələnib. Böyük qızı Qəribsoltan xanım ailə qurmayıb. Dünyasını dəyişmiş rəfiqəsinin oğlu Raufu (görkəmli bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyev nəzərdə tutulur – red.) 4 yaşından götürüb saxlayıb, ona analıq edib. İkinci qızı Pəri xanım isə Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Kiçik oğlu Səffət bəy Türkiyəyə üz tutub.
Elə yeri gəlmişkən bir hadisəni danışım. Ötən əsrin 80-ci illərinin axırı idi. Türkiyə Memarlar İttifaqının Prezidenti Oqtay Əkinçi Bakıya gəlmişdi. O, televiziya kanallarının birində çıxış edib dedi ki, Həsən bəy Zərdabinin oğlu və nəvələri ilə Türkiyədə “Əkinçi” qəzetini çap etdirmişik. O şəxs iki il bundan əvvəl dünyasını dəyişdi. Onunla görüşmək mənə nəsib olmadı. Amma bu yaxınlarda Zərdabinin nəvəsini tapıblar: Zərifə Kürdəmir. Təəssüf ki, həmin soyadı daşımır. Çünki o nəslin ürəyində böyük bir inciklik var.
Həsənbəy Zərdabi çox alicənab insan olub. Xidmətlərini saymaqla qurtarmaz. O, ellər atası idi. Kasıblara əl tutub, neçə-neçə uşağı oxudub. Və günlərin birində çox yaxın bir dostu rəhmətə gedir. Həsənbəy dostunun yetim qalan iki oğlunu Hüseynlə Bahəddini övladlığa götürür. Və o uşaqlara soyadını verərək, böyüdür. Təhsil almaq üçün hər ikisini Sankt-Peterburq Akademiyasına göndərir. O Akademiyada Hüseyn Zərdabi Rəbiyyə xanım Mirzəxanova (sonradan -1927-ci ildə Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin ilk qadın baş redaktoru – red.) adlı həmyerlisi ilə tanış olur, evlənirlər. Bax, o Hüseyn Zərdabi mənim babamdır. Və bu gün ocağımda da babamın adını daşıyan oğlum Hüseyn Zərdabi yaşayır.
– Soyadlarının sonluğunun “ov”, “yev”lə əvəzləndiyi cəmiyyətdə bir ailə şərəfini qoruyub saxlamaq hər adamın işi deyildi.
– Çox çətin olub. 1896-cı ildən bəri bu soyadı şərəflə daşıyırıq. Başımız çox müsibətlər çəkib. Babam Hüseyn Zərdabi Böyük Vətən müharibəsində itkin düşüb. Nənəmi çağırıb, soyadından imtina etməsi üçün ərizə yazdırıblar.
– Zərdabi soyadına görə doğmaların bir qısqanclığını hiss etmədiniz ki?
– Əksinə. Qəribsoltan xanım mənim anama həmişə böyüklük edib. Biz Zərdabi haqqında faktları ondan eşitmişik. Təəssüf ki, o ailə pərən-pərən düşdü.
– Eşitdiyimə görə, Azərbaycanın Zərdabi boyda dühasının qəbri də hörmətsizliklə üzləşib.
– Özü də iki dəfə… Zərdabi 1907-ci ildə dünyasını dəyişəndə onu Bibiheybət məscidinin yanındakı qəbiristanlıqda dəfn ediblər. Sonradan yol çəkildiyinə görə qəbri bir qədər yuxarı tərəfə köçürdüblər. Bir neçə ildən sonra Qəribsoltan xanıma xəbər gəlib ki, bəs atanın məzarını yenə başqa yerə köçürtmək lazımdır, yol çəkilir. Tənha qadın, əlində atasının sümükləri olan torba… Onları basdırmağa yer tapmayan qızı torbanı evinə aparır. Düz 7 il Qəribsoltan xanım o sümükləri evində gizlətdi. Həmin hadisədən sonra Qəribsoltan xanımın saçları bir gecənin içində ağappaq ağardı.
O münasibət Zərdabiyə layiq deyildi. Çünki onun xidməti tək mətbuatla ölçülmür. Azərbaycanda ilk teatrın yaranmasında Həsən bəyin müstəsna rolu var. Həmişə deyirəm ki, hamının adını əbədiləşdirdilər, amma Akademik Milli Dram teatrına Zərdabinin adını vermədilər. Halbuki, bu, onun halal haqqı idi.
Nə isə… 7 ildən sonra Şıxəli Qurbanovla zərdabişünas Abbas Zamanov çox böyük minnətdən, get-gəldən sonra Qəribsoltan xanımdan Həsən bəyin sümüklərini alırlar. Və onu Zərdabinin yubileyi ərəfəsində Fəxri Xiyabanda basdırırlar. Azərbaycanda heç bir ziyalının başına bu müsibət, bu oyun gəlməyib. Məmməd Əmin Rəsulzadə onun məzarı başında deyib: “Ey insanlar, bu gün Azərbaycan mədəniyyətinin atası öldü”. Və çox təəssüf edirəm ki, Zərdabi kimi dühadan bizim gəncliyin xəbəri yoxdur. Bircə hər ilin 22 iyulunda yada düşür.
– Sizin Zərdabi soyadına layiq biri olduğunuz danılmazdır.
– Mən bu soyadı hörmətlə daşıyanlardanam. Bütün ömrüm də onun adını, ideyalarını yaşatmaqla keçib. Zərdabi və Azərbaycan mədəniyyəti adlı 300 səhifəlik elmi iş yazmışam. Türkiyədə “Çukurova törə dərgisi”nin bir buraxılışı Həsən bəy Zərdabiyə həsr olundu. Bütün Azərbaycan mədəniyyəti bu jurnalın içindədir. Onlar məni rəsmən Azərbaycan təmsilçisi elan etdilər. Bundan sonra mən yazıçılarımız, şairlərimiz barədə o dərgiyə yazılar göndərməyə başladım. Və Mikayıl Müşfiq barədə məqaləm “İlin yazısı” elan olundu. Təəssüf ki, bundan Azərbaycanda xəbər tutan olmadı. Mən Zərdabi barədə İstanbul Universitetinin kitabxanasında tədqiqat aparanda dəhşətə gəldim. Orda bildim ki, iki böyük türk alimi onun haqqında araşdırmalar aparıb. Çünki Zərdabi “Türk dili qurumu” birliyi yaratmaq istəyirdi. O, arzulayırdı ki, bütün türk dövlətləri eyni dildə danışsın.
– Zərdabi deyirdi ki, “çağırıram, gəlmirlər”, “deyirəm, eşitmirlər”, “göstərirəm, görmürlər”. Neyləməli? Bir qəzet çap eləməli… Bu gün çap olunan qəzetlər və elektron media Zərdabi soyadını daşıyan Rəbiyyə xanımın prizmasından necə görünür?
– Yaxşısı da var, pisi də… Bu gün mətbuatda bəyənmədiyim bilirsiz nədir? Lazımsız adamların arxasınca çox qaçırlar, onları gündəmə gətirirlər. “O onunla gəzdi”, “bunun qıçı sındı”… Bu nədir? Kimə lazımdır? Reytinq xəstəliyi cəmiyyəti savadsızlığa aparır. Çox istərdim ki, jurnalistlər reytinq arxasınca qaçmasınlar, oxucuya keyfiyyətli yazılar təqdim etsinlər. Azərbaycanın mədəniyyətində, incəsənətində yeri olan adamlardan yazsınlar. Axı sabahkı nəslin maariflənməsində, öz keçmişini, ziyalılarını tanımasında mətbuatın rolu əvəzsizdir. Bunu siz etməsəniz dünənimiz unudulacaq.
– Zərdabinin qəbri üstünə tez-tez gedirsiz?
– Hə. Gedirəm, onunla atam kimi dərdləşirəm. Gileyimi edirəm. Onun qəbrinin vəziyyəti də məni qane etmir, heç Zərdabiyə layiq deyil. Onun məzarını bilirsiz kim düzəldib? Səttar Zərdablı adında bir şair; özü şəxsi maşınını sataraq… Çox istərdim ki, Azərbaycan mədəniyyətinin atasının məzarı onun adına layiq olsun. Elə bizə də, Həsən bəyə də yaraşan budur. (yenicag.az)
Enter.News