Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun “Azadlıq Radiosu”na müsahibəsi.
Qeyd edək ki, akademik “Azadlıq Radiosu”nun tərəf tutan suallarını ciddi arqumentlərlə darmadağın edib.
– Yaqub müəllim, bir qədər öncə Avropa Parlamentində Azərbaycanda media azadlığı və jurnalist Əfqan Muxtarlı ilə bağlı bir qətnamə qəbul olundu. Sənəddə Əfqan Muxtarlıya qarşı ittihamların dərhal ləğvi tələb olunur.
– Mən məsələnin mahiyyətini bilmirəm, nə üçün, hansı müddəalara görə həbs olunub? Həbsdə cinayət tərkibi varsa, başqa məsələdir. Ona görə də bu məsələni öyrənmədən mövqe bildirməyə tələsmirəm.
– Əfqan Muxtarlı son illər Gürcüstanda yaşayan araşdırmaçı jurnalistdir. Bu günlərdə həbs edilib, Azərbaycanın hüquq-mühafizə orqanları onu sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda ittiham edirlər. Özü isə yaşadığı ölkədə başına torba keçirilərək, zorakı şəkildə bura gətirildiyini bildirir.
– Mən ümumiyyətlə, jurnalistlərə qarşı kobud hərəkətlərə yol verilməsinə qəti etirazımı bildirirəm. Məsələyə bu cür yanaşılmamalıdır. Amma mən Avropada qəbul olunan qərarların səmimiliyinə də inanmıram. Çünki çoxlu sayda Qərb jurnalisti Azərbaycanın tərkib hissəsi olan işğal edilmiş Dağlıq Qarabağa gedirlər, bunlar haqda heç bir tədbir görülmür. Bunu da düzgün hərəkət saymıram.
– Yaqub müəllim, bu gün Azərbaycanda rəsmən Qurtuluş günü kimi qeyd olunur. Tarixçi kimi siz bu günü necə dəyərləndirirsiz? Azərbaycan həmin gün nədən qurtuldu? Çünki onun qurtulmadığını düşünənlər də var.
– Mənim fikrim bu məsələdə qətidir. O zaman ölkənin cənubunu bizdən qoparıb almaq üçün qəti tədbirlər görülmüşdü. Ölkəmizin şimalına artıq soxulmuşdular. Ölkənin bir tərəfində Car-Balakən Respublikası yaradılırdı. Digər tərəfdən erməni quldurları böyük dövlətlərin yardımıyla Azərbaycanın içərilərinə doğru irəliləyirdilər. Belə bir şəraitdə qüdrətli, güclü, xalqı arxasınca apara biləcək tarixi şəxsiyyətin meydanda olması gərək idi. O şəxsiyyət də Heydər Əliyeviydi, onun zəngin təcrübəsi vardı, sovet imperiyası kimi böyük dövlətin idarə olunmasında iştirak etmişdi. Onun hakimiyyətə gətirilməsiylə Azərbaycan həqiqətən də qurtuluş savaşında qalib gəldi. Belə olmasaydı, bugünkü Azərbaycan olmayacaqdı. Bizim neftlə bağlı siyasətimiz baş tutmayacaqdı, iqtisadi yüksəlişimiz olmayacaqdı. Buna mən qəti əminəm.
– Fərqli yanaşma da var, Azərbaycan “Əsrin müqaviləsi”ndən əldə etdiyi milyardları düzgün xərcləyə bilmədi, onlardan düzgün yararlanmadı. Bu pullar geri dönüşü olmayan böyük layihələrə, idman yarışlarına xərcləndi, korrupsiya yeminə çevrildi və bu gün ölkə iqtisadi böhran içindədir. Üstəlik də adı daim beynəlxalq miqyasda korrupsiya qalmaqallarında hallanmaqdadır. Siyasi islahatlardan, insan haqları sahəsindəki durumdan, hələ ki, danışmırıq…
– Son dərəcə qərəzli mövqedir. Bu gün Azərbaycandakı inkişafı görməmək, ən azı, insafsızlıqdır. O qədər qısa dövr ərzində Azərbaycanda, Bakıda gedən işlərə baxın, çox işlər görülüb və ölkə çox irəliləyib. Fikrimcə, Azərbaycan Cənubi Qafqazda heç zaman bu qədər inkişaf etməmişdi. Bu inkişafı danmaq doğru olmazdı. Hesab edirəm ki, bu, qərəzli fikirdir.
– Korrupsiya qalmaqallarını da rədd edirsiniz?
– Korrupsiyayla mübarizə aparılır. Bununla bağlı strukturlar yaradılıb. İndi biz məsələyə belə yanaşsaq ki, Azərbaycanda korrupsiya var, demokratiya yoxdur, iqtisadi inkişaf zəifdir, bəs onda qlobal miqyasda ABŞ-da, Almaniyada, Fransada, İngiltərədə olan böhranlara nə qiymət verək? Yəni bu cür qlobal böhrandan Azərbaycan da yan keçə bilməzdi. Amma faktdır ki, müqayisə etsək, Azərbaycan MDB məkanında ən inkişaf etmiş ölkədir. Mən şəxsən bir azərbaycanlı kimi qürur duyuram ki, Cənubi Qafqazda türk-müsəlman respublikası olaraq, Azərbaycan bütün beynəlxalq təzyiqlərə baxmayaraq, ən inkişaf etmiş ölkədir.
– Amma Azərbaycan orta əmək haqqına görə Gürcüstandan və Ermənistandan geri qalır.
– Bu məsələlərin üzərində möhkəm dayanırsınız, mən hiss edirəm. Gəlin, siz də tərəfsiz jurnalist olun. Ermənistandakı vəziyyətlə Azərbaycandakı durum müqayisə olunandırmı? Ermənistandakı əhalinin sayına baxın. Ermənistan Rusiyanın bir vilayətidir. Rusiyadan ona edilən köməyə, silah yardımına baxın. Biz isə heç kimdən, heç yerdən kömək almadan yaşayırıq. Bu, Azərbaycan üçün qürurverici haldır.
– Prezident İlham Əliyev həmişə Azərbaycanın analoqu olmayan, sürətlə inkişaf edən dövlət olduğunu bəyan edir və bu durumda vətəndaşın da özü və ölkəsiylə bağlı gözləntiləri artır. Ona görə də bu suallar səslənir, Yaqub müəllim.
– Xahiş edirəm, məsələyə bir başqa bucaqdan yanaşın. Azərbaycan müharibə şəraitində yaşayır. Onun torpaqlarını işğal edən ölkəyə bütün dünya kömək edir. Dediyiniz o Avropadakı qərarlara baxın. Bu şəraitdə Azərbaycan məcburdur gələcəkdə öz torpaqlarını azad etməkdən ötrü qüdrətli ordu yaratsın. Buna məcbur olmasaydıq, onda fikirləşin, iqtisadi cəhətdən harada olardıq.
– Yeri gəlmişkən, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə böyük ümidlər vardı ki, məhz o bu münaqişəni həll edə biləcək, ancaq o da bacarmadı. Bundan sonra Azərbaycan bu münaqişənin hansısa formada nizamlanmasına nail ola biləcəkmi?
– Bu məsələnin həlli təkcə Azərbaycanın yeritdiyi müdrik siyasətdən asılı deyil. Beynəlxalq qüvvələr var, Azərbaycan, Cənubi Qafqaz böyük güc mərkəzlərinin mənafelərinin toqquşduğu yerdir. O böyük güc mərkəzləri bu problemi süni olaraq saxlayırlar, Ermənistana yardım edirlər. Bir tarixçi olaraq, gözləmirəm ki, Minsk Qrupuna daxil olan üç dövlət bu münaqişənin həllinə kömək etsin. Sadəcə olaraq, onlar Ermənistana vaxt qazandırırlar. Onlar İrəvan işğal ediləndə də, Zəngəzur əldən gedəndə də vaxt qazandırmışdılar. Torpaqlarımızı Azərbaycan xalqı və güclü ordumuz xilas edəcək. O qüvvələrə inanmıram.
– Azərbaycan 26 ildir müstəqildir, bu müddətdə müharibədən də keçdi, terror da gördü, neft milyardları da qazandı, böhrana da düşdü, Konstitusiyaya bir neçə dəfə dəyişikliklər də edildi, hakimiyyət bir əldə cəmləndi, siyasi azadlıqlar məhdudlaşdırıldı… Siz Azərbaycanın bu dövrünü tarixdəki hansı dövrlə müqayisə edə bilərsiniz?
– Azərbaycanın indiki dövrünü tariximizin heç bir dövrü ilə müqayisə etmək mümkün deyil. Biz son dərəcə xoşbəxt xalqıq ki, bu dəfə istiqlalımızı əlimizdən ala bilmədilər. Güclü tarixi şəxsiyyət Azərbaycanın müstəqilliyinin əldən getməsinin qarşısını ala bildi, o da Heydər Əliyeviydi. Nəticədə biz güclü dövlətik, bunun tariximizdə analoqu yoxdur. Torpaqlarımızın kiçik hissəsində müstəqil dövlət qurub uğurla da yaşayırıq.