“Ağdərə, Füzuli, Cəbrayılın bir hissəsi azad edilib”

0
699

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olub. Müdafiə naziri Zakir Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına bina haqqında məlumat veriblər.

Ali Baş Komandan İlham Əliyev hərbçilərlə görüşüb, onlar qarşısında çıxış edib

Modern.az saytı Prezidentin çıxışının tam mətnini təqdim edir:

– Əziz hərbçilər, hörmətli mərasim iştirakçıları.

İlk növbədə, sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram.

Bu gözəl bayram ərəfəsində biz hərbçilər üçün tikilmiş yeni yaşayış binasının açılışına toplaşmışıq. Bu bina qısa bir müddətdə tikilibdir, 65 mənzildən ibarətdir. Mən indi mənzillərlə tanış oldum, gördüm ki, doğrudan da şərait çox yaxşıdır, bütün mənzillər təmirlidir. Əminəm ki, burada hərbçilər, onların ailələri rahat yaşayacaqlar.

Bu binanın tikintisi bir daha onu göstərir ki, hərbi qulluqçuların mənzil-məişət problemləri Azərbaycanda uğurla həll edilir. Bildiyiniz kimi, 2011-ci ilin sonunda imzaladığım müvafiq Sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir. Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq. Bu proqramın icrası üçün bu günə qədər dövlət büdcəsindən 100 milyon manatdan çox vəsait ayrılmışdır. Yəni, biz həm ordumuzu gücləndiririk, ordunun maddi-texniki bazasını möhkəmləndiririk, bununla bərabər, hərbçilərin məişət problemləri öz həllini tapır.

Hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Bu gün Azərbaycanın müxtəlif ərazilərində yerləşən hərbi hissələrdə, hərbi şəhərciklərdə müvafiq göstərişlər əsasında təmir-bərpa işləri aparılır, yeni hərbi bazalar tikilir. Keçən il biz Silahlı Qüvvələr Günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin Bakıda, Xəzər sahilində tikilmiş bazasının açılışını qeyd etmişdik. Bu baza Xəzərdə ən böyük hərbi obyektlərdən biridir və orada bütün şərait yaradılıbdır. Eyni zamanda, bütün digər hərbi hissələrdə təmir-bərpa işləri aparılır və qarşıya vəzifə qoymuşam ki, bir dənə də təmirsiz hərbi hissə olmasın. Hərbçilərin yaşayış və xidmət şəraiti yaxşı olmalıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğu prosesinə çox böyük diqqət göstərilir, bu da təbiidir. Hər bir ölkə bunu etməlidir, xüsusilə müharibə şəraitində yaşayan bir ölkə.

Azərbaycanın iqtisadiyyatı artır, bizim maliyyə imkanlarımız genişlənir və bildiyiniz kimi, dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur. Büdcə xərclərinin artması nəticəsində son illər ərzində Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün ordumuz maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır. Son illər ərzində əldə etdiyimiz texnika, silah-sursat ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə edir. Yəni, ordumuzun bütün ehtiyacları təmin edilir. Bununla bərabər, bir neçə ildir ki, artıq əsgərlər hərbi hissələrdə mülki işlərə cəlb olunmurlar, onların yerinə mülki vətəndaşlar cəlb edilibdir və biz burada iki məqsədi güdürük – ilk növbədə, əsgərlər orduda xidmət etməli və öz peşəkarlıqlarını artırmalıdırlar, digər tərəfdən, bu, mülki vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alır. Mən hərbi hissələrdə olarkən onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar.

Bir sözlə, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq, Azərbaycanda hərbi–sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq. Bakıda keçirilmiş müdafiə sənayesi sərgisi bir daha onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmişdir və onlardan bir hissəsini artıq Azərbaycan əldə edib. Beləliklə, müxtəlif ölkələrdə keçirilən ənənəvi müdafiə sənayesi sərgiləri ilə yanaşı, bu gün Azərbaycan da bu məsələdə öz imzasını qoyub.

Qeyd etdiyim kimi, Azərbaycanda ordu quruculuğu prosesi planlı şəkildə aparılır. Əlbəttə ki, bu prosesdə maddi–texniki təchizat mühüm yer tutur. Çünki bu gün dünyada inkişaf edən texnologiyalar nəinki elmdə, sənayedə, iqtisadiyyatda, eyni zamanda, hərbi sahədə də özünü göstərir və növbəti onilliklərin müharibələri texnologiyalar müharibələri olacaq. Əlbəttə, adi silahlar da həmişə olduğu kimi, öz rolunu oynayacaq. Ancaq bu gün müxtəlif yerlərdə, müharibələrdə, toqquşmalarda gördüyümüz mənzərə bundan ibarətdir ki, hərbi üstünlüyü bütün digər amillərlə yanaşı, texnoloji tərəqqi də böyük dərəcədə müəyyən edir. Ona görə, Azərbaycana gətirilən ən müasir silah-sursat, texnika yüksək texnoloji səviyyəyə cavab verir.

Mən maddi-texniki təminatı daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu yaxınlarda müvafiq göstərişlər vermişəm. Artıq Azərbaycana yeni silahlar, texnikalar gətirilir. Bu, son bir-iki ay ərzində baş verir. Bu proses davam etdiriləcəkdir. Bizim kifayət qədər maddi imkanlarımız var və biz bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Yəni, demək istəyirəm ki, bir mənbədən asılı deyilik. Biz bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də şaxələndirmə yolu ilə gedirik. Əlbəttə, biz gələcəkdə də çalışmalıyıq və çalışacağıq ki, Azərbaycan Ordusuna daim ən müasir silahları və texnikanı gətirək. Əminəm, buna nail olacağıq. Bununla paralel olaraq, əlbəttə, bizim hərbçilərimiz də müvafiq təlim kursları keçərək bu texnikadan istifadə etmək üçün artıq böyük peşəkarlığa malikdirlər və son vaxtlar təmas xəttində baş vermiş hadisələr bunu bir daha təsdiqlədi.

Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır. Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam–intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır.

Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də artıq böyük nailiyyətlərə çata bilmişik. Bu proses daim aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəkdir.

Biz müharibə şəraitində yaşayırıq və təbii ki, hərbi məsələlərə ən böyük diqqət göstərilir. Bu, bizim gündəlik işimizdə əsas prioritet məsələdir və qeyd etdiyim kimi, dövlət büdcəmizdə də bu siyasət öz əksini tapır.

Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Əfsuslar olsun ki, beynəlxalq hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobudcasına pozulur, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar, qətnamələr icra edilmir, kağız üzərində qalır və beynəlxalq hüquq əslində işləmir. Belə olan halda, əlbəttə ki, biz hərbi gücümüzü daha da artırmalıyıq. Bununla bərabər, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün diplomatik və siyasi səylərimizi davam etdirəcəyik.

Bildiyiniz kimi, Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün aprel ayında bizə qarşı silahlı təxribata əl atdı. Bizim mövqelərimiz atəş altına düşdü. Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi və 6 mülki şəxs erməni təxribatı nəticəsində həlak oldu. Hərbçilərimiz həlak oldular, yaralandılar. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri, – mən bunu artıq demişəm, – tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaqdır. Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərib, işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıbdır.

Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələ ilə məşğul olanlara ciddi siqnal oldu. Çünki Ermənistanın istəyi sirr deyil. Onlar bu prosesi sonsuz proses kimi görmək, status-kvonu saxlamaq istəyirlər. Görəndə ki, onlara qarşı beynəlxalq vasitəçilər tərəfindən təzyiq artır, müxtəlif təxribatlara əl atırlar. Məsələn, 2014-cü ilin noyabrında bizə qarşı silahlı təxribat törətdilər və biz layiqli cavab verəndən sonra bundan istifadə edərək, bunu bəhanə gətirərək Ermənistan danışıqları demək olar ki, dondurmuşdu. 2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıq aparılmırdı. 2015-ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilər tərəfindən siyasi təzyiq artır, növbəti silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər.

Münaqişə tezliklə həll olunmalıdır, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı 4 qətnamə qəbul edibdir. BMT Təhlükəsizlik Şurasından daha ali beynəlxalq orqan yoxdur və bu qətnamələrdə göstərilir ki, erməni silahlı birləşmələri dərhal və qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır və çıxarılacaqdır.

Ona görə, budur məsələnin həll yolları. Heç vaxt Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bu, danışıqlar mövzusu deyil, heç vaxt olmamışdır. Məsələ mərhələli yolla öz həllini tapa bilər və əminəm ki, biz məsələni bu yolla həll edə bilərik. Ancaq əlbəttə ki, burada işğalçı Ermənistana beynəlxalq vasitəçilər və geniş mənada beynəlxalq birlik tərəfindən daha da ciddi təzyiq göstərilməlidir.

Bildiyiniz kimi, aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürmüşdür. Onların heç biri, təbii ki, qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulmuşdur. Vyana görüşü Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirilmişdir. Hesab edirəm ki, Vyana görüşünün müsbət nəticələri olmuşdur. Yəni, Ermənistan tərəfinin qoyduğu şərtlər qəbul edilmədi. Azərbaycan tərəfi Vyanada hər hansı bir sənədə imza atmadı. Sadəcə olaraq, həmsədr ölkələr öz bəyanatını verdilər, bu, onların bəyanatıdır.

Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirilmişdir. Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirmişdir və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır.

Mən öz tərəfimdən qeyd etmək istəyirəm və hesab edirəm ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var. Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcəkdir. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır.

Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilmişdir. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir. Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilmişdir. Düzdür, orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni, burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaqdır, vəssalam.

O ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur. Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaqdır. Belə olan halda, bu məsələyə bu gün baxmaq düzgün olmazdı. İkincisi, bunun mənası nədən ibarətdir. Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər.

Mən Sankt-Peterburqda qəbul etdiyimiz bəyanatda bir mühüm məsələyə də toxunmaq istəyirəm. Orada qeyd edildi ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir. Belə olan halda, heç bir insidentlərin araşdırılması mexanizminin tətbiqinə ehtiyac qalmır. Yəni, o şərt də qəbul edilmədi.

Bir daha demək istəyirəm ki, biz məsələnin mahiyyəti əsasında danışıqlar aparmalıyıq. Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır. Biz bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə vaxt başlanacaq. Əlbəttə ki, bu proses olacaq. Azərbaycan tərəfi və mən şəxsən dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil. Ermənistan həmişə çalışırdı ki, vəziyyəti daha da mürəkkəbləşdirsin, danışıqlar prosesini və mərhələli həll variantını pozsun. Ancaq bizdə olan fikirlərə görə, bu yol ən məqbul yoldur. Bu, tezliklə məsələnin həllinə gətirib çıxara bilər.

Yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin məsələnin həlli ilə bağlı prinsipial mövqeyi ortadadır. Bu mövqedə heç bir dəyişiklik olmamışdır və olmayacaqdır. Bir daha qeyd etmək istəyirəm ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaranmayacaq.

Bu, əsas məsələdir. O ki qaldı Dağlıq Qarabağın statusuna, bu, sonranın işidir. Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır.

Bir məqamı da qeyd etmək istəyirəm ki, həm 2008-ci ildə Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin imzaladıqları sənəddə, – ona “Mayn Dorf” bəyannaməsi deyirlər, – həm də bu ay Sankt-Peterburqda qəbul edilmiş bəyanatda Helsinki Yekun Aktına istinad edilir. Ermənistan tərəfi getsin Helsinki Yekun Aktını diqqətlə oxusun. Orada prinsiplər açıq-aydın göstərilir və ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir. Düzdür, orada xalqların öz müqəddəratını müəyyənetmə prinsipi də var. Amma birincisi, erməni xalqı öz müqəddəratını müəyyən edib, onların Ermənistan dövləti var. Baxmayaraq ki, o dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İkincisi, xalqların müqəddəratını təyinetmə, müəyyənetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Bu, beynəlxalq prinsiplərdir və hər bir ölkə buna riayət etməlidir.

Biz ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcəyik. Bu məsələ – ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var. Mən dəfələrlə demişəm ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var.

Əziz hərbçilər, sizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.

 

BIR CAVAB BURAXIN