Ermənistandan insan haqları müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts ölüm təhdidi alıb. Hüquq müdafiəçisini Facebook üzərindən hədələyən Aşot Avanesyan adlı şəxs onu “Azərbaycanın agenti olmaqda” ittiham edir, 2-3 metrlikdən 9 mm-lik gülləylə vuracağını, daha sonra başını kəsəcəyini deyir. Artur Sakunts əmindir ki, həmin şəxs polisin adamıdır.
Sakuntsun sosial şəbəkə polisə ünvanlanmış bəyanatında deyilir: “Mən bir şeyi başa düşmürəm: siz günün günortasında 10 adamı güllələdiniz (2008-cil, 1 mart hadisələri) , insanları günahsız yerə həbsə doldurdunuz, yüz minlər sizə görə ölkəni tərk etdi. Sizin törətdiyiniz qanunsuzluqlardan bezən insanlar dünyanın hər yerinə səpələndi. İndi üstəlik öz quyruq tulalarınız vasitəsilə Sizin qeyri-insani siyasətinizə qarşı çıxana hürüsünüz? Tam qudurmuşunuz? Yoxsa hesab edirsiniz ki, əgər xalq dözürsə deməli talamağı davam etdirmək olar? Sizin hara işlədiyi bilinməyən bloqqeriniz, quyruğu qısıq tulanız, pulla statuslar yazan biri-onları yığışdırın və tapşırın ağızlarını bağlasınlar. Yoxsa sizin cəsarətiniz çatmır və ictimai meydana onları göndərirsiniz? Yadda saxlayın, sərhədi keçirsiniz.”
Sakunts həmin Artur Avanesyanın ona yazdığı mesajı da paylaşıb: “Sakunts, mən səni öldürəcəyəm, azərbaycanyönümlü diversant…sən agentsən. Sənin kimi vahanmartirosyanların başını kəsmək lazımdır. Hər saniyə məni gözlə: mən arxadan güllələyənlərdən deyiləm. Üzbəüz güllələyəcəm, 2-3 metrlikdən, 9 millimetrliklə. Gözlə məni, Sakunts”.
Artur Sakunts ölüm təhdidi ilə bağlı prokurorluğa müraciət edib.
Xatırladaq ki, Sakunts insan haqları müdafiəçisi kimi Ermənistanla Azərbaycan arasında sülhə dair çağırışlar edib, vətəndaş cəmiyyəti layihələri həyata keçirib. Bu fəaliyyətinə görə onu Ermənistanda o cümlədən hakimiyyət dairələrində “Azərbaycanın agenti” adlandırırlar və lənətləyirlər. Virtualaz.org